ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN TARİXİNDƏ LİDERLİK MİSSİYASI ŞƏRH
Hər bir xalqın tarixdəki yeri və rolu hansısa mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri–adi idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Bu günün özündə də dünyanın bir çox nüfuzlu dövlətləri məhz fenomen liderlərinin müəyyənləşdirdiyi yolla irəliləyir, davamlı və sabit inkişafı bu uğur magistralından kənarda təsəvvür etmirlər. Dünya miqyaslı ictimai–siyasi xadim, ümummilli lider Heydər Əliyev də müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji–siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir.
Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.
XX əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Müstəqillik və suverenlik anlayışları yeni məzmun çalarları kəsb etməyə başlamışdı. Hər bir ölkənin müstəqilliyi onun ətraf aləmlə qarşılıqlı münasibətlərinin xarakteri və məzmunu ilə sıx bağlı olurdu. Qlobal güclərin dünyanı bir-birindən "qarşılıqlı asılı olan" dövlətlər sistemi kimi qəbul etməsi bir tərəfdən əməkdaşlıq imkanlarını artırırdısa, digər tərəfdən bir sıra siyasi-ideoloji və geosiyasi modellərin ixracı üçün əsas hazırlayırdı. Bu səbəbdən müstəqilliyinə qovuşmuş dövlətlər xarici təsirlərlə daxili potensiallarını uyğunlaşdırmaq məcburiyyəti qarşısında qalmışdılar. Müstəqil dövlət quruculuğunun uğurlu olması üçün bunun mühüm əhəmiyyəti vardı. O cümlədən, daxili siyasətlə xarici siyasət bir-birini tamamlamalı idi. Azərbaycan 1993-cü ildən başlayaraq bu vəzifənin öhdəsindən gəlməyə başladı.
Keçən əsrin 90-cı illərinin əvvəllərində dünya miqyasında baş verən gərgin, dinamik və sürətli geosiyasi proseslər Azərbaycana da təsir etdi. Lakin təəssüf ki, həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yarıtmaz siyasəti ucbatından Azərbaycan geosiyasi baxımdan təcrid olunmuş siyasi həyat yaşayırdı. Yerli siyasi qrupların məhdud maraqları bütün digər faktorları kölgədə qoymuşdu. Bəzi dairələr Ermənistan vasitəsilə 1993-cü ilin əvvəlində Qarabağda işğal əməliyyatlarını genişləndirir, Azərbaycanın içərilərinə doğru ekspansiya siyasətinə əl atırdılar.
1993-cü il iyunun 15-dən situasiya dəyişməyə başladı. Bu, Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edildiyi gün idi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürmüşdü.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu öndər deyirdi ki, “reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır”. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.
Heydər Əliyev qarşısında duran vəzifələri həll etmək üçün yalnız siyasi-diplomatik üsula üstünlük verdi. Ən çətin anlarda belə, Heydər Əliyev danışıqlar, diplomatiya yolunu seçdi. Əvvəla, bununla o, cəmiyyətimizin fərqli cəhətlərini nəzərə alaraq gələcək düşmənçiliyin yaranmasına imkan vermədi, ikincisi, xarici düşmənlərin bundan yararlanmaq şansını əldə etməsinin qarşısını kəsdi, üçüncüsü, Azərbaycanın siyasi səhnəsində diplomatik fəaliyyət mədəniyyətinin yerini möhkəmləndirdi, dördüncüsü, növbəti nəsil siyasətçilərə nümunə oldu. Heydər Əliyev bu kimi gedişlərlə faktiki olaraq xarici siyasətin də ümumi cizgilərini və əsas metodlarını yaratdı. O, daxili problemləri həll etmək üçün tətbiq etdiyi siyasi və diplomatik məharətə əsaslanan üsulları xarici siyasi fəaliyyətə proyeksiyaladı. İndi hər kəsin haqqında danışdığı "balanslaşmış xarici siyasət kursu"nun rüşeymləri o vaxtlarda formalaşdı.
Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan Respublikası hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətlərindən birinə çevrilməkdədir.
Rzazadə Xanım Asif qızı
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Əhalisinin
Dövlət Reyestri Xidmətinin Texniki Xidmət şöbəsinin rəisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB