Etibar Məmmədovun fikirləri və AXC-Müsavat cütlüyünün cinayətləri TƏRS BAXIŞ

Etibar Məmmədovun fikirləri və AXC-Müsavat cütlüyünün cinayətləri TƏRS BAXIŞ

AMİP lideri: “Surət Hüseynovun da xidmətlərinə qiyməti məhz AXC hakimiyyəti verib, ona Milli Qəhrəman adı verib, onu korpus komandiri, prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndə, baş nazirin müavini vəzifələrinə təyin edib...”

Sirr deyil ki, 90-cı illərin əvvəlində dövlətçiliyimizin təməllərini sarsıdan əsas qüvvələrdən biri də birillik hakimiyyətləri ilə ölkədaxili vəziyyəti daha da gərginləşdirən AXC-Müsavat cütlüyünün iqtidarı olub. Və maraqlı məqamlardan biri də budur ki, həmin vaxtlar hakimiyyət kürsülərini bölüşən insanların bir çoxu indi ya fərqli-fərqli partiyalarda təmsil olunur, ya da həmin partiyalara rəhbərlik edirlər, yaxud ümumiyyətlə siyasi arenanı tərk etməyi daha üstün tutublar. Məhz bu xüsusda hələ də bir çox suallar doğuran 4 iyun Gəncə hadisələri ətrafında çoxsaylı fikirlər bildirilir, iddialar irəli sürülür, ittihamlar səsləndirilir.

Ancaq məsələnin daha bir mahiyyəti budur ki, həmin vaxtlarda siyasi səhnədə var-gəl edən axecepeçilərin və müsavatçıların əksəriyyəti bu gün də özlərini müxalifətdə görür, qardaş qırğınlarının, xaos və anarxiya hallarının baş verməsində yaxalarını kənara çəkirlər. Təbii ki, belələrinə nəinki hakimiyyəti və xalqı, heç kiçik “JEK”ləri belə həvalə etmək olmaz.

Bu baxımdan, bolşevik təfəkküründə qalan o zamankı iqtidar təmsilçilərinin taktorçuları, savadsız məktəb müəllimlərini vəzifələrə təyin etmələri də qeyd edilən dəhşətlər sırasına yazıla bilər. Ona görə də 4 iyun hadisələrindən danışarkən Yevlax yun fabrikinin rəhbərinin korpus komandiri vəzifəsinə qədər yüksəldilməsi də əslində AXC-Müsavat hakimiyyətinin boynunda qalmaqda davam edir.

“Surət Hüseynovun da xidmətlərinə qiyməti məhz AXC hakimiyyəti verib, ona Milli Qəhrəman adı verib, onu korpus komandiri, prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndə, baş nazirin müavini vəzifələrinə təyin edib...” Bu fikirləri AMİP-in lideri Etibar Məmmədov media qurumlarından birinə verdiyi açıqlamasında bildirib.

“Ordudan daxili məsələlərdə pralamentin qərarı olmadan istifadə edilibsə, bu da qanun pozuntusudur"

“Son vaxtlar bəzi internet resurslarında belə fikirlər də səsləndirilir ki, guya “Tufan” kod adlı əməliyyatdan Elçibəyin bir dövlət başçısı kimi xəbəri olmayıb, həmin planı əsasən keçmiş parlament sədri və baş nazir hazırlayıb və icra etməyə cəhd göstərib. Hərçənd onlar da o dövrdə belə bir əməliyyatın olduğunu və onun hazırlanması və icrasında iştiraklarını inkar edirdi... Bu haqda nə deyə bilərsiniz?” sualını isə partiya lideri belə cavablandırıb: “Əslində həmin əməliyyat haqda hadisələr baş verəndən sonra mən də, digərləri də məsələ qaldımışıq. Sual etmişik ki, bu əməliyyat kim tərəfindən hazırlanıb, kim tərəfindən idarə olunub və silahlı qüvvələr doğrudan da prezidentin xəbəri olmadan istifadə olunubsa, bu da cinayətdir. Həmçinin ordudan daxili məsələlərdə pralamentin qərarı olmadan istifadə edilibsə, bu da qanun pozuntusudur".

"Çox adam deyirdi ki, mənim heç nədən xəbərim yoxdur. Lakin yadınızdadrsa, 25 il sonra iyun hadisələri ərəfəsində keçirilmiş Təhlükəsizlik Şurasının iclasının protokolları mətbuatda dərc olundu və məlum oldu ki, elə həmin Şuranın sədri prezident Elçibəy özü olub. Bu məsələlər dövlət başçısının yanında müzakirə olunub və qanuna zidd olaraq ayrıca sərəncam olmadan Ali Sovetin sədri və baş nazir də bu məsələlərdə rəhbər rol oynayıblar. Yəni qanunsuzluq çox olub və heç kəs də bunu boynundan atmamalıdır. AXC iqtidarında sözügedən əməliyyatdan hamının da xəbəri olub. Sadəcə, həmin əməliyyatı uğursuz və bacarıqsız hazırlayıblar və nəticədə də ölkə də həmin qarşıdurma və xaos yaranıb”, deyə Etibar Məmmədov bildirib.

Ara-sıra xalqa, ictimai rəyə həmin quldur hakimiyyətin törətdiklərini xatırlatmaq yerinə düşür...

Lakin görünən daha bir məsələ budur ki, 30 il torpaqlarımızın işğal altında qalmasında, dağıdılaraq talan eidlməsində, qaçqın və köçkünlərimizin torpaq həsrəti ilə mənəvi iztirablar işçində yaşamalarında və s. olayların hər birində bilavasitə günahkar olanlar AXC-Müsavat cütlüyünün iqtidarı olub. Və eyni zamanda, Surət Hüseynov kimi yararsız şəxslərin də hakimiyyət başında otuzdurulmaları və sonrakı qanlı-qadalı hadisələrin baş verməsi də bu konteksti əhatə etməkdədir. Və nə yaxşı ki, bütün bunlara da son qoyuldu və artıq Azərbaycan müstəqil, qalib ölkə olaraq dünya miqyasında öz sözünü deməkdədir. Etibar Məmmədova gələndə isə onun cəbhəçiləri və müsavatçıları hədəfə alaraq həqiqəti söyləməsi əslində reallığı göstərmək məqsədini daşıyır. Bu baxımdan, ara-sıra xalqa, ictimai rəyə həmin quldur hakimiyyətin törətdiklərini xatırlatmaq yerinə düşür...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə