Qurtuluşdan Şuşa Bəyannaməsinə ... - BƏHRUZ QULİYEV DANIŞDI

Qurtuluşdan Şuşa Bəyannaməsinə ... - BƏHRUZ QULİYEV DANIŞDI

"Milli Qurtuluşdan Zəfərə doğru 29 ildir ki, yol gəlirik. Şuşa bəyannanməsi isə 44 günlük Zəfər səlnaməmizə əsaslanan bir bəyannamədir. Bu bəyannamə Azərbaycan-Türkiyə dostluğunun nə qədər möhkəm və tarixi köklərə bağlı olduğunu göstərməklə yanaşı, həm də Azərbaycanın qüdrətli dövlət olduğunu dünyaya bir daha sübut etdi. Azərbaycanın 1990-cı illərdəki ağır və mürəkkəb dövrü, Birinci Qarabağ müharibəsində məğlub olmağımızın əsas səbəbi odur ki, həmin dövrlərdə güclü hakimiyyət və güclü lider yox idi. Ağır vəziyyətlərdə, döyüşlərdə mütləq liderə ehtiyac olur. Amma İkinci Qarabağ müharibəsində isə artıq güclü dövlət güclü ordu və güclü Lider var idi. 44 günlük Zəfərimizin əldə olunmasında ən vacib faktorlardan biri də məhz Böyük Sərkərdənin olması idi". Bu sözləri SİA-ya açıqlamasında SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, Qurtuluşdan bugünə qədərki dövrdə Azərbaycan inkişaf edib, haqq səsini bütün dünyaya çatdırıb: "Müstəqilliyi əldə etmək çətindir, onu qoruyub saxlamaq daha da çətindir. Azərbaycan ədalətli dövlət kimi 30 ildə özünü bir daha sübut etdi. Dünya gördü ki, biz sülh tərəfdarıyıq və öz haqlı davamızı aparırıq. Bizim tək istəyimiz öz dədə-baba yurdumuzu geri qaytarmaq idi ki, bu problemi də özümüz həll etdik. Ulu Öndər Heydər Əliyevin ideyalarını gerçəkləşdirən cənab İlham Əliyevin iradəsi ilə artıq güclü və qüdrətli dövlət yaranıb. Bu gün vətənpərvər ruhda gəncliyimiz yetişib ki, 44 günlük müharibədə onlar öz əməlləri ilə vətənpərvərliklərini sübut etdilər. 90-cı illərin əvvəlləri ilə müqayisə etsək, o dövrdə də liderə ehtiyac var idi. O lider isə hələ 1960-80-ci illərdə böyük Azərbaycanlı kimi Vətəninə, xalqına xidmət edən Heydər Əliyev idi. Məhz ona görə də ölkənin taleyini düşünən ziyalılar və o dövrki bacarıqsız hakimiyyət rəhbərləri Ulu Öndərə üz tutdular və Azərbaycanın düşdüyü vəziyyətdən çıxarmasını xahiş etdilər. Ümummilli Lider bu müraciətə biganə qala bilməzdi, çünki bir Liderin böyüklüyü lazımi vaxtda öz xalqının yanında olmaqdır ki, Heydər Əliyev bunu bir daha təsdiq etdi. Bunu da Azərbaycan xalqı çox yaxşı bilirdi. Ulu Öndər mürəkkəb vəziyyətdə hakimiyyətə gəldi və Azərbaycan bugünkü əbədi müstəqilliyinə qovuşdu. Əminəm ki, bu müstəqillik uzunmüddətli olacaq, bizim qələbələrimiz, zəfərlərimiz hələ qabaqdadır. Nə qədər ki, Ulu Öndərin davamçısı, xarizmatik Lider İlham Əliyev və Xalq biri-birinə güvənir, o qədər də Azərbaycan dövləti güclü, müstəqilliyi əbədi olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə