“Ermənistanın təxribatları münaqişənin yenidən alovlanmasına səbəb ola bilər” AÇIQLAMA
“Moskva və Brüsselin vasitəçiliyi ilə münaqişə tərəfləri arasında aparılan danışıqlarda erməni tərəfinin ilk baxışda konstruktiv təsir bağışlayan mövqeyinə baxmayaraq indiyədək nə Moskva razılaşmasının, nə də Brüsseldə əldə edilmiş razılıqların şərtlərinin yerinə yetirilməsi istiqamətində ciddi irəliləyişlərə nail olunmayıb. Bu isə regionda gərginliyin saxlanılmasına və perspektivdə münaqişənin yenidən alovlanmasına səbəb ola bilər”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi indiyədək ən müxtəlif instansiyalarda Ermənistanla münasibətlərin normallaşdırılmasının, regionda dayanıqlı sülhə və təhlükəsizliyə təminat verə biləcək sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bəyan edib: “Bundan ötrü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 5 mühüm şərt irəli sürülüb, bunlar : tərəflərin bir birinin ərazi bütövlüyünü və suverenliyini tanıması, bir birilərinin daxili işlərinə müdaxilə etməmələri, dövlət sərhədlərinin demarkasiyası, münaqişə nəticəsində qapanmış nəqliyyat dəhlizlərinin açılması və s. məsələlərdir. Azərbaycan Ermənistandan Qarabağla bağlı tələblərin qapanmasını tələb edir, zira bura Azərbaycan ərazisidir, beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır və buna görə də burada da Azərbaycanın suverenliyi sözün tam mənasında bərqərar olmalıdır, bu problem Azərbaycan dövləti üçün bitib və Qarabağ ermənilərinin təhlükəsizliyinin, vətəndaş hüquqlarının tam təminatçısı da ancaq Azərbaycan dövləti ola bilər, problemin həlli məqsədi ilə münaqişə tərəfləri arasında ATƏT Minsk Qrupu kimi qurumun yenidən cəlb olunmasına isə nə ehtiyac var, nə də Ukraynada yaşanan hadisələrdən sonra Rusiya və Qərbin bu format çərçivəsində əməkdaşlığı hələlik mümkün sayılmır”.
E.Manafov onu da bildirdi ki, Ermənistan uzun illər ərzində ona havadarlıq edən bəlli dairələrin təzyiqləri, digər tərəfdən isə bu ölkədə iqtidar və müxalifətin bu məsələdə fərqli mövqe və baxışları ucbatından danışıqlarda ardıcıl mövqe sərgiləyə bilmir: “Ermənistan hakimiyyəti siyasi iradə və qətiyyət nümayiş etdirmək iqtidarında deyil və ya bunu bacarmır, nəticə etibarı ilə onun sözü və əməlləri arasında kəskin mövqe fərqliliyi var, bu isə istər danışıqların gedişatına müsbət təsir göstərmir, istərsə də bölgədə 3+3 formatında gələcək əməkdaşlığın müqəddəratı ilə bağlı məsələləri sual altında qoyur. Ermənistanın özünün yenidən hərbi qarşıdurmaya gedəcəyi istisnadır, buna onun nə gücü, nə də imkanları var, ordunun bugünkü durumu, Ermənistan iqtisadiyyatının bərbad vəziyyəti və s bunu deməyə əsas verir, lakin Ermənistanın bölgədə qarşı duran güc mərkəzləri arasında manevr etmə istəyi göstərir ki, bölgədəki mövcud durum və yeni geosiyasi reallıqlar bəlli tərəfləri Ermənistandan ötürücü qayış rakursunda istifadə etməyə sürükləyə bilər, bu mənada Ermənistan bu günün özündə də bölgənin geoiqtisadi inkişafı ilə bağlı məsələlərdə əyləc mexanizmi qismində hələ də qalmaqdadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB