İndiki dialoq mühiti partiyalar arasında sağlam münasibətləri formalaşdırır - PARTİYA SƏDRİ AÇIQLADI

“Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşümüz baş tutdu”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, Azərbaycan Sosial Rifah Partiyası olaraq, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ilə keçirilən görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar və iqtidar-müxalifət siyasi dialoqu, həmçinin dayanıqlı demokratik ənənələrin dərinləşməsində siyasi partiyaların rolu, cəmiyyətdə qadınların rolunu artıran dövlət təşəbbüsləri, dünyada baş verən münaqişələr fonunda siyasi sabitliyin əhəmiyyəti və Azərbaycanın dünya siyasi xəritəsində artan rolu barədə fikir mübadiləsi apardıq: "Siyasi dialoq prosesi çərçivəsində görülmüş işlər haqqında məlumat verən şöbə müdiri Prezident İlham Əliyevin təşəbbüslərini fəal dəstəkləyən siyasi partiyaların, əslində, ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşmasına və demokratik ənənələrin dərinləşməsinə xidmət etdiyini vurğuladı. Siyasi dialoqda iştirak edən tərəflər arasında konstruktiv əməkdaşlıq mühitinin bərqərar olması cəmiyyətin bütün potensialının dövlətin inkişafına yönəlməsini mümkün etdiyini vurğulayan Administrasiya rəsmisi, yaranmış müsbət əməkdaşlıq dinamikasının inkişaf etdirilməsinin zəruriliyini də, vurğuladı.

Görüş zamanı dövlətimiz tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda epidemioloji vəziyyətin nəzarətdə saxlanılmasına nail olunması, hazırkı şəraitdə dövlətlər və xalqlar arasında təmasların sıxlaşmasına, qlobal pandemiya ilə mübarizədə beynəlxalq səylərin səfərbər olunmasına mühüm töhfələr verməsi yüksək qiymətləndirildi”.

Əsli Kazımova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, təşkil olunmuş görüşə görə xidməti olan hər kəsə öz təşəkkürümü bildirirəm: "Milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsində bu gün ölkənin siyasi palitrasında qarşılıqlı etimad və milli maraqlar üstünlük təşkil edir.

Yeni siyasi konfiqurasiyanın yaranması, o cümlədən dialoq mühitinin daha da dərinləşdirilməsi siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırır və ümumdövlət məsələlərinə vahid mövqedən yanaşmasına böyük tövhə verir. Xüsusilə qeyd etmək istəyirəm ki, cəmiyyətdə qadınların artan rolu, humanitar sahədə dövlət təşəbbüslərinin əhəmiyyəti, gender məsələlərinin aktuallığının qorunmasına xidmət edən qanunverici təşəbbüslərin nəticəsidir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə