YAP Xəzər rayon təşkilatında 28 May- Müstəqillik Günü münasibətilə elmi konfrans keçirilib FOTOLAR

Konfransda YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixindən danışıb. O, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Namiq Əhmədov ulu öndər Heydər Əliyevin “Müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” kəlamını xatırladaraq bildirib ki, Ümummilli Lider hər zaman tarixi dəyərlərə, o cümlədən AXC-nin dövlətçilik ənənələrinə hörmətlə yanaşırdı və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayırdı. Namiq Əhmədov həmçinin bugünkü gəncliyin müstəqilliyimizin qorunması və daha da möhkəmlənməsi, müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsində üzərlərinə düşən məsuliyyəti tam dərk etdiklərini diqqətə çatdırdı.

Çıxış edən 181 saylı tam orta məktəbin tarix müəllimi Yaqubova Arzu AXC-nin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu vurğulayıb. Qeyd edib ki, müstəqil Azərbaycan Respublikası AXC-nin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynəlxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial-iqtisadi, enerji, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir.

Çıxış edən 156 saylı tam orta məktəbin tarix müəllimi Ağabəyova Mənzər qeyd edib ki, Cümhuriyyət dövründə toplanılan tarixi təcrübə, əsası qoyulan demokratiya, demokratik dövlət quruculuğu bu gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında uğurla həyata keçirilir və inkişaf etdirilir. O, çıxışında AXC-nin parlamentarizm ənənələrini formalaşdırmasına, idarəetmənin hüquqi əsaslarını yaratdığına, müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji mədəni və tarixi əsaslarının müəyyənləşdirilməsində böyük rol oynadığına diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə