Brüssel görüşləri dəstəyin aydın ifadəsidir

Milli Məclisin deputatı Əliabbas Salahzadə mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilən növbəti görüşündən geniş bəhs edərək bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına yönələn hər bir addım Azərbaycanın postmünaqişə dövrünün reallıqları fonunda regionda və dünyada artan mövqeyinin aydın mənzərəsini yaradır: “Azərbaycan qalib ölkə olaraq diktə edən tərəf kimi çıxış edir. Bölgədə yeni əməkdaşlıq formatlarının müəllifidir. Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, hələ tarixi Zəfərimizdən öncə Azərbaycan dünyanın yeni xarici siyasətinin müzakirə olunduğu ideal məkan kimi seçilmişdir. Azərbaycanın balanslaşdırılmış, açıq və aydın xarici siyasəti dünyanın diqqətindən kənarda qalmır, yüksək dəyərləndirilir. Tarixi Zəfərimizdən sonrakı ilyarımdan artıq dövrdə isə ölkəmizin bu roluna və yerinə yeni əlavələr olundu”.

Əliabbas Salahzadə vurğulayıb ki, Azərbaycan daim təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınır və nüfuz qazanır: “Eyni zamanda, sabitləşdirici faktor kimi dünyada biri-birinə əks qütbləri bir araya gətirir, əməkdaşlıq əlaqələrinin qurulmasında, inkişafında təşəbbüskar kimi çıxış edir. Azərbaycanın bu gün Ermənistana sülh təklifini etməsi də regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə yanaşı, tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınmasından irəli gəlir. Ermənistan öz monoetnikliyi ilə dünya ölkələri arasında seçilən azsaylı ölkələrdən biridir. Azərbaycan isə öz polietnik mənzərəsini qoruyur, ölkəmizdə müxtəlif millətlərin nümayəndələri bərabər hüquq və azadlıqlara malikdirlər. Ermənistanda faşist, milliyyətçi, irqçi ideologiyalar dövlət tərəfindən dəstəklənir. Azərbaycanda multikulturalizm dövlət siyasətinə və həyat tərzinə çevrilib. Ermənistan dövləti heç zaman birgəyaşayışı, mədəniyyətlərarası dialoqu təbliğ edən forumlara ev sahibliyi edə bilməz. Azərbaycan isə belə tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşdən sonra yekun nəticə ilə bağlı mətbuata açıqlamasında əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyi ilə bağlı səsləndirdiyi fikirlər məhz bu reallıqlara da işıq salır”.

Millət vəkili Brüssel görüşünün nəticələri ilə bağlı bu məqamı da xüsusi qeyd edib ki, liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Belə ki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılıq əldə olundu.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə etdi, vasitəçilik səylərini davam etdirəcəyini bildirdi və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətini vurğuladı. Şarl Mişelin açıqlamasında “Dağlıq Qarabağ” ifadəsi yenə işlədilmədi, status məsələsi, ümumiyyətlə, olmadı. Artıq dünya gücləri Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, regionda yeni reallıqlar yarandığını təsdiqləyir. Status məsələsinə gəldikdə isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr üçtərfli Bəyanatın imzalanmasından sonra xalqa müraciətində statusun yerini belə ifadə etmişdir ki, cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm olmayacaq.

Postmünaqişə dövründə keçirilən görüşlərin nəticələrində də status haqqında bir kəlmə yoxdur. Yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılır ki, Azərbaycan tərəfi həmişə onların təhlükəsizliyinə təminat verəcəyini bəyan edib. Bügünün reallıqları onu deməyə əsas verir ki, dünya gücləri, xüsusilə Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, yaratdığı yeni reallıqları qəbul edir. Ümumilikdə ölkəmizin beynəlxalq münasibətlər sistemində söz sahibliyi artır, yeni dövrün tələblərinə uyğun olaraq gündəmə gətirilən yeni əməkdaşlıq formatları Azərbaycanın liderliyini bir daha təsdiqləyir”,-deyə Əliabbas Salahzadə bildirib. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...