Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritetdir ŞƏRH

29 il əvvəl xalqımız Ulu Öndər Heydər Əliyevi ağır günlərini yaşayan ölkəmizin taleyinə görə məsuliyyəti üzərinə götürməyə israrla çağıraraq tariximizin ən düzgün, ən doğru qərarını verdi. 1993-cü ilin 15 iyununda bu böyük dövlət xadiminin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın fəlakətlərdən qurtuluşuna çevrildi. Ulu Öndərin vətəndaş qarşıdurmalarından, parçalanma təhlükəsindən, sosial-iqtisadi problemlər məngənəsindən xilas edərək inkişaf yoluna çıxardığı, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində əzmlə irəliləməsinə nail olduğu Azərbaycanın taleyini 2003-cü ilin oktyabrında Heydər Əliyev yolunun davamçısı cənab İlham Əliyevin güclü, əmin əllərinə etibar etməsi isə xalqımızın yeni tariximizdəki növbəti doğru seçimi idi.

Xalqın bu seçimi ölkəmizin daha böyük uğurlarına yol açdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqilliyini yeni qazanmış dövlətimizi tarixinin ən qüdrətli ölkəsinə çevirdi, ən güclü inkişaf mərhələsinə yetirdi. Azərbaycanın sosial-iqtisadi inkişafı üçün misilsiz nailiyyətlərə imza atdı. Bütün mövcud resursları ən optimal qaydada ölkənin tərəqqisinə yönəltdi. Azərbaycanı başdan-başa abadlıq-quruculuq meydanına çevirdi. Həyata keçirilən məqsədyönlü dövlət proqramları ilə bir sıra problemlərin qısa müddətdə həllinə nail oldu. Yeni yaradılan yüz minlərlə iş yeri ilə insanlarımızın işsizlik problemini aradan qaldırdı. Əhalinin maddi-rifah halı yaxşılaşdı, yaşayış səviyyəsi yüksəldi, yoxsulluq problemi minimal həddə düşdü.

Azərbaycan regionun lider dövləti kimi bölgədəki yeni reallıqların əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısı oldu. Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilən qlobal enerji-kommunikasiya layihələri regionun geopolitik mənzərəsini yenidən müəyyənləşdirdi. Bu mənzərədə Azərbaycan qlobal inkişaf proseslərinin mərkəzindədir. Dünya iqtisadiyyatı üçün qan damarı, yeni həyat mənbəyi rolunu oynayan bir çox şəbəkələr, enerji-kommunikasiya xətləri məhz Azərbaycanda kəsişir və burada üst-üstə düşərək, dünyada dayanıqlı inkişafa, sülhə, rifaha can atan hər kəs üçün fayda yaradır.

Azərbaycan Vətən müharibəsindəki qələbəmizi davam etdirən diplomatik nailiyyətləri ilə bölgədə yeni reallıqlar yaradır. Dünya iqtisadiyyatı üçün inkişafa doğru yeni bir qapı rolunu oynayacaq, əksər region ölkələrinin iqtisadi-siyasi maraqlarına xidmət edəcək, türk dünyasını böyük bir nəqliyyat-kommunikasiya qurşağında birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı perspektivlər bu reallığın böyük tərkib hissəsidir. Azərbaycan indiyə qədər dövlət rəhbərliyimizin əzmkar siyasəti, mövqeyinin sabitqədəmliyi sayəsində çox xəyalları reallaşdırmağa müvəffəq olub. İrəlidəki bir çox böyük perspektivlər də zaman-zaman gerçəkliyə çevriləcək və ölkəmiz dünyanın bugünü və gələcəyinə mühüm töhfələr verəcək. Düşməndən təmizlənmiş ərazilərimizdə başlanan dirçəliş prosesləri, resurslarla zəngin bu torpaqlarda sosial-iqtisadi həyatın bərpası da ölkəmiz üçün yeni inkişaf imkanları yaradır.

Mansur Quliyev

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə