"ABŞ-ın Azərbaycanla əlaqələrə yüksək dəyər verməsi..." - ŞƏRH

Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Xüsusilə də, planetimizin super gücü olan Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı inam və etimad əsasında əməkdaşlığı genişlənməkdə davam edir. Xatırladaq ki, 30 ildən artıqdır ki, ABŞ Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələrimizin qurulduğu ilk dövlətlərdən biridir. Bu illər ərzində münasibətlərin inkişaf etdirilməsi üçün tərəflər arasında müxtəlif sənədlər imzalanmaqla genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. Azərbaycanın müstəqillik illərində yürütdüyü xarici siyasət kursu dünyanın bütün dövlətləri ilə, eləcə də əsas və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq qurulmasına yönəlib. Bu, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra iki ölkə arasında əlaqələr daha da güclənib, yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində görüşlər baş tutub. Bu gün isə bu siyasətin uğurlu davamçısı Azərbaycan Prezident İlham Əliyevin son 19 illik prezidentlik fəaliyyəti müddətində müdrik liderliyi ilə çağdaş dünya birliyində uğurlu dövlət idarəçiliyi modeli kimi qəbul edilir və ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmətə və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşıb. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi kurs olaraq son illərdə ölkəmizə böyük hörmət və nüfuz qazandırıb, dünyanın həm Qərb, həm də Şərq istiqamətləri üzrə çox geniş siyasi, iqtisadi və humanitar əlaqələr qurulub.

Təsadüfi deyil ki, elə bu günlərdə ABŞ Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərməsi də Azərbaycanın həyata keçirdiyi siyasi kursun və iki ölkə prezidentləri arasında əlaqələrin möhkəm olmasının təsdiqidir.

Qeyd edək ki, qısa müddət sonra Prezident İlham Əliyev də Cozef Baydenə məktub göndərib və bu hər iki öləkənin maraqlarının, xalqların rifahı naminə əhəmiyyətli potensiala malik əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə səylər göstərməyin vacib amillərindəndir.

ABŞ Prezidentinin təbrik məktubunda bildirir ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır.

C.Bayden ABŞ-ın Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla əməkdaşlığı bundan sonrakı dövrdə də davam etdirməyə sadiqliyini vurğulayıb. Həmçinin, C.Bayden ölkəsinin firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını da bəyan edib. Məktubda Co Baydenin Cənubi Qafqazda hazırkı vəziyyətin sülh və əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün yaxşı bir imkan olduğunu qeyd etməsi və Aəzəbaycan Prezidenti İlham Əliyevin səylərini dəstəkləməsi çox ciddi bir nüansdır.

ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirib. ABŞ bilir ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub və bu gün də bu tendensiyanı davam etdirir. Və burada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülhün əldə edilməsi ABŞ-ın Qafqaza olan marağının təmin olunmasına böyük dəstək ola bilər. Azərbaycan və Ermənistan arasında təmasların intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionun çiçəklənməsinə imkan verəcəyi qənaəti ifadə edilib. Azərbaycanın sülh təşəbbüslərinin dəstəkləməsi, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bildirən ABŞ-ın bölgədə yaratdığığmız yeni reallığa uyğun uzun müddətli sülhün təmin edilməsinə böyük dəyər verdiyinin göstəricisidir.

ABŞ Prezidenti həmçinin bu gün qlobal məkanda əsas düyün nöqtəsi olan Ukrayna böhranı ətrafında kifayət qədər radikal mövqe tutmuş Qərbin Azərbaycanın bu məsələdə mövqeyini yüksək qiymətləndirməsi məktubda ən diqqət çəkən məqamlardan biridir. Baydenin Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi və humanitar yardımını yüksək qiymətləndirir. Çünki Azərbaycan bu günə kimi Ukraynaya böyük yardım edən azsaylı region ölkələrindən biridir. Və ABŞ prezidentinin Azərbaycanın bu addımını yüksək qiymətləndirməsi bu istiqamətdə bəzi dairələrin, eləcə də, Azərbaycan daxilində Roma Papasından çox katolik olmaq istəyənlərin səsini birdəfəlik kəsdi. Eyni zamanda, belə həssas bir məsələdə həm Rusiya, həm də Qərbi narazı salmayacaq qədər məharətli siyasət yürütməkdə olan Azərbaycan Prezidenti İlham Əliyev şəxsiyyətinin böyüklüyünü bir daha ortaya çıxardı.Bir sözlə, ABŞ Prezidenti Cozef Baydenin təbrik məktubunda qarşıdan gələn illərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu ifadə etməsi Ağ evin hazırkı sahibinin Azərbaycan dövlətinə və onun müdrik lideri Prezident İlham Əliyevin prinsipial və ədalətli siyasətinə verdiyi böyük dəyərdir. Azərbaycan da öz növbəsində hər zaman ABŞ-la münasibətlərin qorunmasında maraqlı olub və əminik ki, hər zaman bu siyasət ABŞ tərəfindən də Azərbaycana qarşı uğurla davam etdiriləcək.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə