Azərbaycan və Litva respublikaları arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür ŞƏRH
Mayın 18-də Litva Prezdenti cənab Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri zamanı hər iki ölkənin prezidenti mətbuata bəyanatla çıxış etdilər. Cənab Prezident İlham Əliyev öz bəyanatı zamanı Litva ilə ölkəmiz arasında olan münasibətlərə toxundu. Ölkələrimizin uzun illərdir ki, strateji tərəfdaş olduğunu diqqətə çatdıran ölkə başçısı cənab İlham Əliyev bildirdi ki, Azərbaycanla Litva arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir. Ölkələrimiz arasındakı güclü siyasi əlaqələr isə mövcud olan siyasi dialoqun təzahürüdür. Cənubi Qafqazın əsas siyasi və iqtisadi mərkəzi olan Azərbaycan Baltikyanı ölkələr üçün kifayət qədər cəlbedicidir. Xüsusən Baltikyanı ölkələrdən Litva Azərbaycanla strateji əməkdaşlıq sahəsində daha çox irəliləyişə nail olmuşdur. Litva da Avropa İttifaqına üzv olan ölkələrdəndir və iki ölkə arasındakı güclü siyasi münasibətlər deməyə əsas verir ki, Azərbaycanla Litva strateji tərəfdaşlardır. Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. Azərbaycan çoxşaxəli, balanslaşdırılmış xarici siyasət apardığından Avropanı təmsil edən bütün ölkələrlə əməkdaşlığın inkişafında maraqlıdır. Prezident cənab İlham Əliyev indiki durumu şərh edən bəyanatında bildirdi ki, “Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı. Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz işğalçı Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi.
Cənab İlham Əliyev bəyanatında Avropa İttifaqı ilə olan münasibətlərə də diqqət çəkərək əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi. Azərbaycan artıq Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır. Litva Prezidentinin bu səfəri Litva ilə Azərbaycan arasında 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin ruhunu əks etdirməklə, iki ölkə arasında iqtisadiyyat və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, həm Qafqaz regionunun təhlükəsizliyi ilə bağlı vəziyyət, həm də Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın aktual məqamları və sair bu kimi məsələlər müzakirə olundu. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Artıq ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edən ölkəyə çevrilib. Hazırda Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Biznes forumda Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirdi ki, Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Ermənistandan fərqli olaraq Azərbaycanın mövqeyi sülh və təhlükəsizlik şəraitində qarşılıqlı əməkdaşlıqla bütün regionun hərtərəfli inkişafına istiqamətlənib.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB