Regiondan uzaq olan ölkələr də bu məsələdə maraqlıdır - POLİTOLOQ DANIŞDI

“Ukrayna və Rusiya arasında son günlər hərbi əməliyyatlarda irəliləyişlər olmasa da hərbi əməliyyatların özünün mövcudluğu, insan itkiləri, dağıntılar təbii ki, tezliklə dayandırılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, hazırda Rusiya və Ukrayna arasında müharibənin dayandırılmasında qlobal güclər maraqlı deyillər: “Onlar tərəflər arasında hərbi əməliyyatların davam etməsində maraqlıdırlar. Prinsip etibarilə nəzərə alsaq ki, hansısa danışıqlar, hər hansı bir məsələ üzərində gedirdisə, bu gün heç o danışıqların olmadığını görürük. Əlbəttə ki, Kiyev və Moskva arasında dialoqun üçüncü tərəflər vasitəsilə olmaması da bu müharibənin vaxtını uzadır. Çünki hər iki tərəfi biri-birindən fərqləndirən məqsədlər var. Əlbəttə ki, hərbi əməliyyatların davam etməsi bu bölgədə qeyri-sabitliyin davam etməsi deməkdir. Bu bölgəni Yaxın Şərqdəki bəzi ölkələr kimi uzun sürən xaotik bir vəziyyətə sürüklənməsidir. Bölgədən, regiondan uzaq olan ölkələr bu məsələdə maraqlıdırlar. Elə baş verənlər də bunun göstəricisidir. Təbii ki, əsas bizim üçün məsələ ondan ibarətdir ki, tez bir zamanda sülh əldə edilsin. Amma digər bir tərəfdən biz görürük ki, baş verənlər fonunda Avrasiyanın geosiyasi və geoiqtisadi konfiqurasiyasında ciddi şəkildə dəyişikliklər edilməkdədir. Bu dəyişikliklər fonunda Cənubi Qafqaz uğrunda mübarizə genişlənir. Həm də ki, Cənubi Qafqazın geosiyasi çəkisi artmaqdadır və nəqliyyat kommunikasiya beynəlxalq sistemdə xüsusi rola malikdir.

Biz əminliklə deyə bilərik ki, bu gün Rusiya və Ukrayna arasında məsələlər dünyanın maliyyə bazarına da öz təsirlərini göstərir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə