Ermənilər Şuşadan bizim milli mədəni ruhumuzu silə bilmədilər - DEPUTAT ŞƏRH ETDİ

"Bildiyimiz kimi 44 günlük müharibə ərzində əldə olunmuş qələbə ilə 30 illik fasilədən sonra Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçən il Cıdır düzündə Xarıbülbül festivalına start verildi. Ölkə başçısı cənab Prezident İlham Əliyev festivalın açılış mərasimində iştirak etdiyi zaman adət-ənənələrimizi bərpa etdiyimizi, bundan sonra da Xarıbülbül festivalının keçirilməsinə davam edəcəyimizi vurğuladı". Bu sözləri SİA-ya açıqlamasında deputat Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, bu il Xarıbülbül festivalı fərqli şəkildə davam etdi: "Bu il eyni zamanda, "Şuşa ili" kimi tarixə yazıldı. Mayın 12-də Xarıbülbül beynəlxalq festivalı başladı. Bu festivalın maraqlı tərəfi, ondan ibarətdir ki, bir çox xarici dövlətlərdən folklor kollektivləri də burada iştirak etdilər. Bu baxımdan Şuşa regional mədəniyyət mərkəzinə çevrilməkdədir. Eyni zamanda, onların Şuşaya gəlməsi bir daha Azərbaycanın multikultural dövlət olduğunu isbat etdi. Bu festival sayəsində xarici qonaqlar gələrək həm Şuşanın gözəlliyini, həm də ermənilərin vəhşiliklərini görürlər".

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, ermənilər 30 il müddətində nə qədər çalışsalar da, işğal olunmuş torpaqlarımızdan, o cümlədən Şuşadan bizim milli mədəni ruhumuzu silə bilmədilər.

Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın keçirdiyi bütün tədbirlər özünəməxsus əhəmiyyətə malikdir. Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə mədəniyyət abidələrinin bərpası, onların dünyaya tanıdılması istiqamətində böyük işlər görülmüşdür. Şuşada keçirilən bu festival da bütün dünya azərbaycanlılarının sevincinə səbəb oldu. Bizə belə bir sevinc hissi yaşatdığına görə Ali Baş Komandanımıza, torpaqlarımızın azad olunması yolunda canından keçən igidlərimizə hər zaman borclu olacağıq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə