Heydər Əliyev - müasir Azərbaycan dövlətinin qurucusu və xilaskarı ŞƏRH
Ulu Öndər kimi dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Ulu öndər Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insan, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxillik ictimai-siyasi fəaliyyəti böyük bir epoxanı əhatə edir. Sovet rejiminin inkişafda olan dövrü (1969-1986), mürəkkəb keçid prosesləri (1987-1990), Azərbaycanın dövlət müstəqilliyi mərhələsi (1991-2003) kimi səciyyələnən 35 illik bir epoxanın aparıcı şəxsiyyətlərindən, əsas simalarından olan Heydər Əliyevin böyük siyasətdə keçdiyi çətin və şərəfli yol, sərt və mürəkkəb məqamlarda onun tutduğu obyektiv və qəti mövqe, atdığı düşünülmüş addımlar, əldə etdiyi ciddi və mühüm nəticələr, əslində, çox mənalı və ibrətamiz məktəbdir. Heydər Əliyev təlimi dünya azərbaycanlılarının ümummilli ideallarını əks etdirən və onların həmrəyliyini ifadə edən böyük təlimdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Ulu öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə intibah və milli şüurun oyanışı başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycan dünyada layiq olduğu mərtəbəyə yüksələ bilmişdir.Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilməsi barəsində əmr vermişdir.
Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Ulu öndərin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda ulu öndərin ölkə rəhbərliyinə gəlişi keçmiş həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib. Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Ölkəmizin siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı. Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.
Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə ümumilli liderin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ulu öndər Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə Ədliyyə Nazirliyinin də yenidən yaradılması təsadüf edir. 1970-ci il 27 oktyabr tarixli Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə təsis edilmiş Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərməyə başladı, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı.Ulu öndər Heydər Əliyevin əsas xidmətlərindən biri 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsidir. Sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir. Məhz ulu öndər Heydər Əliyev Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən gələ bilmişdir. O zaman Heydər Əliyevin söylədiyi və bütün işlərinin mahiyyətini təşkil edən "Qoy ədalət zəfər çalsın!" –sözləri xalqın dilində şüara çevrildi.
Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində sonralar SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması qürurverici hadisə oldu. Ölkəmiz üçün xüsusilə böyük önəm kəsb edən Heydər Əliyevin artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu. Ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi.
Ulu öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. Mənfur ermənilər bu fürsətdən istifadə edərək ölkəmizə qarşı uydurma ərazi iddiaları irəli sürərək əzəli torpağımız olan Dağlıq Qarabağ ətrafında hərbi təcavüzə başladı. Amma o vaxt ulu öndər Azərbaycanda və ya sovet rəhbərliyində olsaydı heç vaxt Dağlıq Qarabağ kimi problem meydana çıxmazdı. Ümummili lider Heydər Əliyev amili, onun gücü, qüdrəti erməni millətçilərini belə təxribatlardan çəkindirirdi.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qərəzli münasibətinin təzahürü olaraq, dinc etirazçılara qarşı Bakıya sovet ordusunun yeridilməsi misli görünməmiş qanlı faciə ilə nəticələndi. Yanvarın 21-də ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və həmin dövrdə Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub. Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıtdı.
Çıxış yolunu ulu öndər Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, «ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.
Ulu öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. O, demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. Heydər Əliyevin 1994-cü ildə imzaladığı Cinayətkarlıqla mübarizəyə yönəlmiş tarixi fərmanı qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı.
Ulu öndər hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.
Ulu öndər Heydər Əliyev prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci ilin aprelində keçirdiyi görüşdə hüquqi islahatlarla bağlı deyirdi: "Bu islahatları ona görə aparmırıq ki, kimsə bizə deyir, kimsə bunu bizdən tələb edir. Biz özümüz anlamalıyıq ki, "hüquqi, demokratik dövlət qururuq" elan edən prezident gərək onu təmin etsin. Bunu təmin etmək də qanunlarla ola bilər". Azərbaycanın bu günü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadan keçirilməklə yüksək dəyərləndirildi.
1996-cı və 1999-cu illərdə əsassız yoxlamaların və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında dövlət başçısı tərəfindən imzalanmış fərmanlar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynadı. Eyni zamanda, ölkəmizdə siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının sərbəst nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı. Belə ki, penitensiar müəssisələrin Daxili İşlər Nazirliyindən Ədliyyə Nazirliyinə verilməsi işi başa çatdırıldı. Bunun məqsədi məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-tərbiyə işini humanistləşdirmək, ən əsası isə insan hüquqlarının, azadlıqlarının gözlənilməsini təmin etmək idi. Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin müstəsna əhəmiyyəti nəzərə alınaraq Nazirliyin tərkibində icra xidməti təsis edildi, istintaq idarəsi yaradılaraq ədalət mühakiməsi əleyhinə olan və bir sıra digər cinayətlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə həvalə olundu.
Azərbaycan tarixinin Heydər Əliyev dönəmində ilk dəfə olaraq yerli özünüidarə orqanları formalaşdı və bələdiyyələrə metodoloji yardımın göstərilməsi, eləcə də inzibati nəzarətin həyata keçirilməsi Ədliyyə Nazirliyinə tapşırıldı. Ədliyyə sahəsində aparılan islahatların nəticəsi olaraq Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artdı və o, hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrildi.
Ulu öndərin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı. Məhz həmin vaxtdan Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlərdən oldu. Nəticədə məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunaraq, əksinə, demokratik məhkəmə nəzarəti institutu formalaşdırıldı. 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən, test üsulu ilə seçilmiş və nəticədə hakim korpusu 60% təzələndi.
Bu sahədə görülmüş tədbirlər əhali arasında məhkəmələrə etibarı xeyli artırdı, məhkəmələr barədə keçmiş sovetlər birliyindən miras qalmış «cəza orqanı» təəssüratı aradan qalxdı. Artıq insanlar pozulmuş hüquqların müdafiəsi üçün digər orqanlara deyil, məhz məhkəməyə müraciət etməyə başladı. Həmçinin, bütün hüquq-mühafizə orqanlarında və vəkillik xidmətində mütərəqqi islahatlar aparıldı, onların fəaliyyəti demokratik dəyərlərə uyğun quruldu.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğunda irəli sürdüyü tələblərə onun bu istiqamətdəki təşkilatçılıq qabiliyyəti və işgüzarlığı nümunə idi. Məsələn, təkcə 1993-1998-ci illər ərzində ulu öndər Heydər Əliyev tərəfindən ordu quruculuğu məsələləri ilə bağlı 109 müşavirə, iclas və görüş keçirilmişdi. Həmin tədbirlərdə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qarantı olacaq möhkəm ordu formalaşdırılmasının ən müxtəlif məsələləri və vəzifələri müzakirə edilmiş, əldə olunmuş qərarlar Müdafiə Nazirliyinin və digər müvafiq dövlət strukturlarının fəaliyyətinin əsasını təşkil etmişdi. Ordu quruculuğu məsələlərinə dövlət rəhbərliyinin qayğı və tələbkarlığının artırılması, bu istiqamətdə görülən işlərin sistemləşdirilməsi və təkmilləşdirilməsi Silahlı Qüvvələrin formalaşmasına da müsbət təsir göstərirdi.
Ulu öndər Heydər Əliyevin qətiyyətinin və böyük sərkərdəlik məharətinin nəticəsi idi ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu və 21 min hektar ərazi işğaldan azad edildi. Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
Müasir ordu quruculuğunu xarakterizə edən, milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf və ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına və Azərbaycanda hərbi sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradır.Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük.
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Azərbaycanın mədəniyyət inciləri olan muğamın, aşıq musiqisinin, xalçaların YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsində Heydər Əliyev Fondunun xidmətləri danılmazdır. Bundan əlavə, nadir təbiət nümunələrinin, arxeoloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin dövlət tərəfindən mühafizə edilməsi, muzeylərin yaradılması və təmir-bərpa işlərinin aparılması Azərbaycan milli-mədəni irsinin qorunmasında dövlətin gördüyü işlər sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Fərid Mustafayev
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu YAP Ərazi Təşkilatı Partiyasının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB