Zəngilan beynəlxalq əhəmiyyət kəsb edən nəqliyyat-logistika mərkəzinə çevriləcək ŞƏRH
44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdığından azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə həyata keçirməyə imkan verdi. Azərbaycan Ermənistanın belini qırmaqla öz torpaqlarını düşmən tapdağından azad olundu. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti 44 günlük müharibə zamanında özünü göstərdi.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərimizdəki abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Ümumiyyətlə, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb. Həmin ərazilərimizdə ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Şuşada, Füzulidə, Ağdamda və digər ərazilərimizdə görülən işlər Böyük Qayıdışımızı daha da yaxınlaşdırır. Zəngilan rayonunda da sürətlə görülən işlər bu şəhərin sakinlərini tezliklə qoynuna alacağından xəbər verir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Zəngilandakı infrastruktur, abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar və s. dağıdılıb, təhqir edilib.
Bildiyimiz kimi, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbulda çıxışı zamanı bildirdiyi kimi, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. "Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq" – deyən Cənab Prezident diqqətə çatdırıb ki, Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər: "Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq - təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf".
"Ağıllı kənd" layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, "ağıllı tədris", "ağıllı səhiyyə" və "ağıllı kənd təsərrüfatı" sistemləri həyata keçirilir. Xatırladaq ki, Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edilib. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının da təməlini qoyub. Şübhəsiz ki, bu hava limanı bölgənin inkişafında mühüm rol oynayacaq. "Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması, əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır" – deyən Prezident onu da qeyd edib ki, Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır: "Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq".
Dövlət başçısı Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkildiyini də diqqətə çatdırıb. Bunun da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəyini vurğulayıb: "Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır". Reallaşacaq layihələr planlı şəkildə, şəhərlərin Baş planı əsasında həyata keçiriləcəkdir. "Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır", - deyən Cənab Prezident bildirib ki, nümunəvi bir yaşayış məkanını yaradırıq: "Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq. Ona görə hər şey şəffaf, tenderlər və baş planlar əsasında yaradılacaqdır". Bu gün böyük abadlıq quruculuq işləri davam etdirilir. Tikiləcək yeni evlər, ictimai binalar, sosial obyektlər tezliklə buranı müasir şəhərə çevirəcək. Azərbaycan daha bir modelini ortaya qoyacaqdır.
NATİQ ALLAHVERDİYEV
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB