"Məmurlar şəhid ailələri ilə bir yerdə olmalı, onlara kömək göstərməlidirlər” - TƏHLİL
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin, müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Elə bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin və yeni inşa edilmiş 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
Görüşdə çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək: "Bütün məsələlərdə bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur".
Dövlət başçısı onu da vurğulayıb ki, bu işdə dövlət məmurları birlik, həmrəylik göstərməlidir: «Bizim əsas borcumuz erməniləri torpaqlarımızdan qovmaq idi və Mahir kimi övladlarımız buna nail oldular. İndi isə şəhidlərimizin yaxınlarına diqqət göstərmək hər bir dövlət məmurunun borcudur və cəmiyyətdə bu məsələ ilə bağlı tam həmrəylik var. Nəinki dövlət qurumları, istənilən insan çalışır ki, şəhid ailəsinə hansısa bir kömək göstərsin. Məşğulluqla bağlı. Bizim qazilərimiz də çox olub. On mindən çox yaralı əsgər-zabitimiz olub. Onların da sağalması prosesi gedir. Onlar üçün artıq son model olan iki yüz protez təşkil edilib və onlar normal həyata qayıdıblar. Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək...".
“BİRİNCİ VƏ İKİNCİ QARABAĞ MÜHARİBƏLƏRİNİN ŞƏHİDLƏRİNİN AİLƏLƏRİNƏ BU GÜNƏ QƏDƏR 12 MİNDƏN ÇOX MƏNZİL VERİLİB”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial qayğıya ehtiyacı olan vətəndaşları hər zaman xüsusi nəzarətdə saxlayıb. Elə bu günlərdə Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı bu reallığın təsdiqidir. Şəhid və qazi ailələrinin sosial təminatının yaxşılaşdırılması üçün dövlət bütün gücünü səfərbər edib. Həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı şəhid olmuş qəhrəman zabit və əsgərlərin ailələrinin mənzil təminatının, həmçinin qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda, müharibədə qəhrəmanlıqla döyüşmüş və qazi adı qazanmış veteranların avtomobillərlə təmin olunması üçün ölkədə bir çox sosial layihələr həyata keçirilib. Bu gün də belə sosial layihələr dövlət tərəfindən uğurla davam etdirilir.
"Əlbəttə, biz bütün şəhidlərimizin ailələrinin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur,-deyən dövlət başçısı vurğulayaraq bildirib ki, Prezident kimi mənim və dövlətimizin borcudur: "Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib. Bu, yenə də bizim borcumuzdur. Əsas təsəlli odur ki, o, əbədiyyətə qovuşub, şəhadət zirvəsinə qovuşub. Bu dünyada heç kim əbədi qalmayacaq, hamımız gec-tez haqq dünyasına qovuşacağıq. Əlbəttə ki, gənc yaşında həyatdan getmək böyük faciədir, ancaq nə deyə bilərik. Yeganə təsəlli odur ki, o, Vətən uğrunda döyüşüb, vuruşub, həlak olub və eyni zamanda, onun qanı yerdə qalmayıb. O, oktyabrın 19-da rəhmətə getmişdir. Artıq Füzuli şəhəri işğaldan azad edilmişdir. Ondan sonra onun yoldaşları müzəffər yürüşünü axıra qədər davam etdirərək bayrağımızı Şuşada sancdılar, düşməni qovduq və haqq-ədaləti bərpa etdik... İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular. Bir daha demək istəyirəm, həm Aprel döyüşləri zamanı, həm İkinci Qarabağ müharibəsində Mahir əsl vətənpərvərlik göstərmişdir. İndi onun xatirəsini yaşatmaq, onun övladını dəyərli vətəndaş kimi böyütmək yəqin ki, sizin üçün əsas məsələdir. Dövlət üçün də əsas məsələdir".
“BÜTÜN DÖVLƏT MƏMURLARI ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR YERDƏ OLMALI, ONLARA KÖMƏK GÖSTƏRMƏLİDİRLƏR”
“Bütün məsələlərdə bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur”. Bunu Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı deyib. Dövlətimizin başçısı qeyd edib ki, bizim əsas borcumuz erməniləri torpaqlarımızdan qovmaq idi və buna nail olduq. İndi isə şəhidlərimizin yaxınlarına diqqət göstərmək hər bir dövlət məmurunun borcudur və cəmiyyətdə bu məsələ ilə bağlı tam həmrəylik var: “Nəinki dövlət qurumları, istənilən insan çalışır ki, şəhid ailəsinə hansısa bir kömək göstərsin. Bizim qazilərimiz də çox olub. On mindən çox yaralı əsgər-zabitimiz olub. Onların da sağalması prosesi gedir. Onlar üçün artıq son model olan iki yüz protez təşkil edilib və onlar normal həyata qayıdıblar. Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək”.
“ONLAR BU TORPAQ ÜÇÜN HƏLAK OLDULAR, VƏTƏNİ HƏR ŞEYDƏN ÜSTÜN TUTDULAR”
“Biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər”,-deyən dövlət başçımız qeyd edib ki, yaxın, doğma adamın itirilməsinin yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək: «İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular. Dövlət də şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək”.
“Qələbə parkında hər bir şəhidin adı yazılıb. Zəfər muzeyi də yaradılacaq» - dövlət başçısı çıxışı zamanı söyləyib. “Zəfər parkı Bakının ən möhtəşəm yerlərinin birində, bəlkə də birincisində - Dənizkənarı bulvarın önündədir. Orada böyük xatirə kompleksi inşa ediləcək. İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı orada həkk olunacaq. Azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə Zəfər muzeyi, İşğal muzeyi yaradılacaq. Yəni, bütün şəhidlərimizin adı əbədi yaşayacaq. O sevinci onlar bizə bəxş etdilər», - deyə Azərbaycan Prezidenti vurğulayıb. Bəli, dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur. Və ölkə başçısının bu cavabı Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi, iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilməsinə yönəldilən real sübutudur. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən, ötən illərdə dünyada hökm sürən maliyyə böhranı bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, ölkəmizdə sosial layihələr və iqtisadi islahatların icrası zəifləmədi, hətta əvvəlki sürətlə davam etdirildi. Bu gün ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasəti bunun sübutudur. Bir sözlə, bütün bu uğurlu işlər onu göstərir ki, dövlət Vətən Müharibəsi Qəhrəmanlarına, şəhid ailə üzvlərinin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır və bundan sonra da saxlayacaq.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB