Tariximizin HEYDƏR ƏLİYEV erası - TƏHLİL

Tariximizin HEYDƏR ƏLİYEV erası - TƏHLİL

Tanrı bəzən yer üzünə elə dühalar bəxş edir ki, onlar haqqında söz söyləməyə, yazı yazmağa çətinlik çəkirsən. Ən azı ona görə ki, tanrının göndərdiyi belə qüdrət sahiblərini olduğu kimi dərk etmək, onu necə varsa elə də anlamaq çətin olur, hətta bəzən mümkün olmur. Belə şəxsiyyət etalonlarını dərk etmək üçün orta statistik insan ömrü yetmir. Nə yazıqlar ki, bəşəriyyət hələ də iki ömür yaşamaq kimi bir şansı kimsəyə nəsib etməyib. Nəsib etmədiyinə görə də tanrının xüsusi missiya ilə yer üzünə bəxş etdiyi və həyatı, fəaliyyəti ilə rəmzə çevrilən belə dühaları da zamanında dərk etmək, sadəcə, mümkünsüzə çevrilir.

Həyatı dərk elədiyi ilk günlərdən bütün ömrünü mənsub olduğu xalqın, bütövlükdə bəşəriyyətin, insanlığın xilasına, yolundan çıxmış bir “qatar”ı yoluna qaytarmağa kökləyən bir dahi haqqında söz söyləmək kimi çətin, amma şərəfli bir məsuliyyəti üzərimə götürdüyümə görə oxucum məni qınamasın. Bəlkə də həyatı dərk elədiyim ilk gənclik çağlarından təşkilatçılığı, qətiyyəti, qeyri-adi idarəetmə bacarığı, milli ruha bağlılığı ilə məndə özünə anlaşılmaz bir duyğu formalaşdıran, sonrakı dövrlərdə şəxsən görüşmək, bəzən saatlarla söhbət etmək kimi çoxlarına nəsib olmayan xoşbəxt bir tale yaşadığımdan özümdə bu cəsarəti tapa bilirəm və söyləməmək, yazmamaq, susmaq kimi daxili hisslərimi cilovlaya bilirəm. Cəmi otuz ildə çox millətlərin yüz ilə qət edə bilmədiyi tarixi yolu fantastik sürət hesabına finişə yaxınlaşdıran bir dövlətçilik strategiyası və strateq haqqında yazmaq istəyirəm – HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV haqqında!..

Milli fədakarlığın HEYDƏR ƏLİYEV zirvəsi!

Alman filosofu Karl Marks dostu Fridrix Engelsə məktublarının birində yazırdı: ”Əzizim Fridrix, unutmayaq ki, ən böyük tarix yaradan xalq türklərdir ki, yaratdıqları tarixi yazmaqda ən tənbəl xalq yenə türklərdir!” Alman filosofunun bu fikirlərinin həqiqət olduğu şübhəsizdir. Tarix boyu dünya güclərinin hücumlarına məruz qalsa da, hər dəfə böyük sərkərdələrin sayəsində düşmənlərini əzə bilən, heç vaxt mütiliyi qəbul etməyən, zaman-zaman nizamı pozulan dünyaya nizam gətirən, yeni düzən formalaşdıran bir xalqın qəhramanlıqlarla dolu tarixini qeyri-türk mənbələrdən əldə etmək məcburiyyətində qalırıqsa, demək filosof haqlıdır.

Dini mənbələrə görə islam Peyğənbəri Həzrət Məhəmməd (s.s) hədislərindən birində buyurub ki, türklər rəbbin yer üzərindəki vuran qoludu və hər dəfə dünyanın nizamı pozulanda rəbbin vuran qolu türklər onu nizama qaytarır. Bəlkə də elə buna görə 13-ü yaradanla birbaşa təmasda olan, qalanları isə rəbbin onun çiyinlərinə qoyduğu xilaskarlıq, nizama dönüş missiyasını ləyaqətlə yerinə yetirən 124000 peyğənbərin tam əksəriyyəti türk xalqına mənsub olub. “Peyğənbər” sözünün ərəbcədən tərcümədə “göndərilən” və ya “göndərilmiş” mənasını verməsi onu deməyə əsas verir ki, rəbbin məhz bəşəriyyəti, insanlığı xilas məqsədilə göndərdiyi böyük dühalar elə rəbbin bəxş etdiyi qüdrətlə də bu missiyanı başa vururlar.

Bəlkə dünyanın ən xoşbəxt yaranmışlarından biriyəm ki, rəbbim həyatımın yetkinlik çağlarından HEYDƏR ƏLİYEV adlanan bu qeyri-adi qüdrətin fəaliyyətinin görünməyən tərəflərini görməyi, bütöv bir xalqın, mənsub olduğu türk dünyasının zorən məhkum edildiyi durumdan qurtulması yolundakı adi insanların çəkə bilməsi mümkün olmayan bir yükü çiyinlərinə almasına şahidlik etməyi mənə də nəsib etdi. Dünya tarixinin ən möhtəşəm səhifələrini yazmış qədim bir millətin yüz illərlə böyük bir imperiyanın müstəmləkəsinə çevrilməsinə dözməyən xalq, sanki qəfəsə salınmış aslan kimi nərildəyir, kükrəyir, qəfəsi dağıtmaq, azadlığa qovuşmaq istəyir, ancaq onun yollarını tapa, istəyinə çata bilmirdi. Məhz O bu yolun xəritəsini, tanrının bəxş etdiyi qeyri-adi fenomen bacarıqla çəkməyə, strategiyasını, taktiki gedişlərini zərgər dəqiqliyi ilə müəyyənləşdirməyə nail oldu və sonda yüz illər boyu davam edən ictibdaddan xalqını xilas etdi. Həm də təkcə mənsub olduğu xalqı istibdaddan xilas etmək deyil, ümumən türk dünyasının dirçəlişini təmin etmək, nizamdan çıxmış, labirintləşmiş indiki dünyanın yenidən nizama qayıtması kimi ümumbəşəri bir missiyanın daşıyıcılarından olaraq yeni bir eranın bünövrəsini qoymaq kimi tarixi missiyanı ləyaqətlə gerçəkləşdirməyə müvəffəq oldu.

Bu yazımda hər kəsə məlum olan bəzi tarixi məqamlara xronoloji ardıcıllıqla toxunmaqla yanaşı, indiyə kimi çoxlarına məlum olmayan bir sıra məqamlarla da hörmətli oxucuları tanış etmək istərdim. Çünki bu həqiqətlər itib-batmamalı, gerçəklər həm bu günki, həm də gələcək nəsillərə agah olmalıdır. Əslində HEYDƏR ƏLİYEV zirvəsinə az da olsa yaxınlaşmaq, onu dərk edə bilmək üçün bu tarixi faktlar hər kəsin gerçəkləri bilmək və anlamaq yoluna, qismən də olsa, işıq saça bilər.

Hər bir yaranmış kimi sadə bir ailədə doğulub boya-başa çatmışdı. Amma hər kəs kimi sadə bir ömür yaşamaq istəmədi. Hələ 16 yaşında ikən ucqar bir kənd məktəbində müəllim kimi fəaliyyətə başlayan, az müddətdə istedadı, fədakarlığı ilə diqqətləri özünə cəlb edən, qeyri-adi istedadına laqeyd qala bilməyən nəhəng bir imperiyanın başbilənləri tərəfindən sovetlər birliyinin ən yüksək pillələrinə qədər yüksələn, lakin qalxdığı hər pillədə “ittifaq” adlanan qanlı bir imperiyadan millətinin, xalqınin, parçalanaraq azadlıqları əlindən alınmış türk dilli soydaşlarının xilası yolunda zərgər dəqiqliyi ilə hesablanan “ilmələr” vurmaqla istibdadın sonunu yaxınlaşdırırdı. Real tarixi faktlarla tanış olduqca gənc yaşlarında xüsusi xidmət orqanının zabiti kimi bütün varlığını bürüyən milli duyğularının təcəssüm etdiyini görməmək mümkün deyil. Bəzi məqamlarda karyerasını təhlükə altına atmaq bahasına olsa belə xalqının, təmsil etdiyi millətin adına xələl gətirə biləcək məqamlarda qətiyyətli və düşünülmüş addımlar atan HEYDƏR ƏLİYEV, əsas məqsədinə çatmaq – imperiyanın ən yüksək məqamlarında təmsil olunmaq, onun siyasi mətbəxini dəqiqliyinə qədər öyrənmək, dünyada baş verən proseslərə daha mükəmməl vaqif olmaq, sonunda xalqını bu istibdaddan azad etmək üçün Kommunist Partiyasının, Sovet Hakimiyyətinin etibarını qazanmaq yolunda səbr və dözümlə irəliləyirdi. 1967-ci ildə Azərbaycanlı xüsusi xidmət orqanı işçisi kimi ilk dəfə olaraq general-mayor rütbəsi verildi, ilk azərbaycanlı olaraq Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbər təyin edildi. Cəmi iki il sonra – 1969-cu ilin iyulunda isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilərək Respublikaya rəhbərlik etməyə başladı.

Hələ SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyi illərdə Sovet İttifaqı rəhbərliyi tərəfindən üç mindən artıq azərbaycanlı “vətən xaini”nin siyahısının HEYDƏR ƏLİYEVə verilməsi, onların axtarılıb tapılması və cəzalandırılması haqqında tapşırıq alması arxiv sənədlərində də əksini tapır. Lakin millətini canından da çox cevən və xalqının adına ləkə gətirə biləcək bu sənədlərdən onu xilas etməyi qarşısına məqsəd qoyan gənc xüsusi xidmət orqanı işçisi, Mehdi Hüseynzadə başda olmaqla həmin siyahıda olan neçə-neçə qəhraman haqqında faktlar toplayıb, siyahının doğru tərtib edilmədiyinə sovet rəhbərliyini inandırır. Nəticədə “vətən xaini” adı ilə damğalanan həmin üç min nəfəri və mənsub olduğu xalqı bu addan xilas edir. Sonradan məhz Mehdi Hüseynzadə haqqında məşhur “Uzaq sahillərdə”romanının yazılması, eyniadlı filmin çəkilməsi, Bakının mərkəzində qəhramanın əzəmətli heykəlinin ucaldılması da birbaşa gənc DTK əməkdaşı HEYDƏR ƏLİYEVin təşəbbüsü və təşkilatçılığı ilə reallaşmışdır.

Sovet dövründə Azərbaycan gənclərinin hərbi xidmət zamanı gerçək silahlı qüvvələrdə deyil fəhlə batalyonlarında xidmətə göndərilməsi, hər məqamda Ermənistanın istək və arzularının reallaşmasına xidmət edən qərarların qəbul edilməsi, Azərbaycanda iri sənaye müəssisələrinin yaradılmaması, kənd təsərrüfatına və kənd əhalisinə diqqətin zəif olması, Azərbaycanın zəngin neft və qaz yataqlarının, eləcə də digər yeraltı sərvətlərinin talan edilməsi, baş qaldıran azərbaycanlı milli mücahidlərin dərhal məhv edilməsi respublikada yeni reallıqlara uyğun dəyişik milli mücadilə formasının yaradılması zərurəti doğurmuşdu. Xüsusi vurğulamaq lazımdır ki, 1941-45-ci illərdə faşizmə qarşı savaşda bütün Sovet respublikaları arasında ən böyük fədakarlıq göstərən Sovet Azərbaycanının bu əməyinin qiymətləndirilməməsi də Sovetlər Birliyinin, Kremlin anti-türk siyasi xəttinin bariz göstəricilərindən idi. 1948-51-ci illərdə Ermənistandan 200 minə yaxın azərbaycanlının zorla ata-baba yurdlarından çıxarılaraq Azərbaycanın ayrı-ayrı bölglərində məskunlaşdırılması isə xalqımızın faşizmə qarşı savaşda göstərdiyi anoloqu olmayan tarixi xidmətlərinə verilən dırnaqarası “mükafat” idi.

Azərbaycanda milli mücadilə, azadlıq uğrunda savaş davam etsə də, 1950-ci, 1960-cı illərdə bir sıra mücahid hərakatları formalaşsa da, hələ də tam yetkin, təşkilatlanmış mübarizə forması yaradılmadığından bu hərakatlar da Sovet DTK-sının amansız hücumları ilə yatırılırdı.1957-ci il mayın 28-də Qız Qalasına Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını sancan, o zaman Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsini bitirmiş, bir müddət Azərbaycan Dövlət Opera və Balet Teatrında rejissor işləmiş, sonradan Sovet rejiminə qarşı mübarizənin önündə gedən Cahid Hilaloğlunun başçılığı ilə gerçəkləşən mücahidlər hərakatını xatırlatmaq kifayətdir ki, həmin dövrdə imperiyanın qəddar anti-türk siyasətinə xalqımızın müqaviməti haqqında təsəvvürümüz yaransın. Ən diqqətçəkən məqam isə odur ki, 1957-ci ildə həbs edilən, rusiyanın soyuq sibir meşələrində illərlə olmazın əzablarını çəkən Cahid Hilaloğlu, məhz HEYDƏR ƏLİYEVin sayəsində vaxtından əvvəl sürgündən azad edilmiş, 1969-cu ilin iyulunda HEYDƏR ƏLİYEV Azərbaycana rəhbər təyin edildikdən sonra C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında, 1971-ci ildən İncəsənət İnstitutunun Tədris Teatrında, sonradan isə ömrünün axırına kimi doğulduğu Ağdam rayonundakı Dövlət Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərmişdir. Sovet DTK-sının siyahısında ən arzuolunmaz millətçi mücahidlərdən biri kimi qeyd olunan bu insanın məhz HEYDƏR ƏLİYEVin əli ilə normal həyata dönə bilməsi faktdır və bunu Cahid Hilaloğlunun yaxınları da təsdiq edə bilərlər.

Nəhayət, 1969-cu ildən başlayaraq bütün plansız, pərakəndə milli mücadiləyə son qoyuldu və məhz HEYDƏR ƏLİYEV milli ruhun artırılması istiqamətində dövlət səviyyəsində fundamental tədbirlərin həyata keçirilməsində şəxsən təşəbbüs göstərdi. Xüsusən “Nəsimi”, “Dəli Kür”, “Dədə Qorqud”, “Babək”, “Nizami” , “Axırıncı aşırım” və s. kimi milli ruhlu filmlərin çəkilişinə birbaşa şəxsən göstərişlər verməsi, “Ozan”, “Bayatı”, “Bulaq”, “Savalan” və digər milli ruh aşılayan verilişlərin dövlət televiziya və radio efirlərindən cəmiyyətə təqdim edilməsi, teatr səhnələrində milli ruhlu tamaşalara geniş yer verilməsi, Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı atılan addımlar,Yazıçılar İttifaqında on illər qadağa qoyulmuş Cənubi Azərbaycan mövzusunun önə çəkilməsi, Azərbaycan Yazıçılar İttifaqında Cənubi Azərbaycan Ədəbiyyatı Katibliyinin yaradılması və digər məqamlar Azərbaycan xalqının milli ruhunun qaldırılmasına yönəlik dövlət səviyyəsində görülən işlərin yalnız bir qismidir. 1958-ci ildə Baş redaktoru olduğu “Şəki fəhləsi” qəzetində B.Vahabzadənin “Gülüstan” poemasını çap etdiyinə görə cəzalandırılan, təqiblərə məruz qalan Məhiyəddin Abbasova 1971-ci ildə Azərbaycan SSR Əməkdar Jurnalisti adının verilməsi, 1968-ci ildə “Tökülən yarpaqlar” kitabında dərc olunan “Latın dili” şeirinə görə ev dustağı edilmiş B.Vahabzadənin bu dustaqlıqdan vaxtından əvvəl azad edilməsi və 1974-cü ildə şairin “Dan yeri” kitabında həmin şeirin yenidən çap olunması, bu kitaba görə B.Vahabzadənin SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Oktyabr İnqilabı ordeni alması, eləcə də 1968-ci ildə Cənubi Azərbaycan şairi M.Şəhriyarın “Heydərbabaya salam” şeirini televiziyada səsləndirdiyinə görə təqib olunaraq SSRİ DTK-sı tərəfindən həbs olunan Rüstəm Əliyevin məhz Heydər Əliyevin israrlı xahişləri ilə azad edilməsi, on illər boyu “pantürkist” damğası ilə antisovet yazar kimi təqdim edilən Hüseyn Cavid, Mikayıl Müşfiq kimi qüdrətli qələm adamlarının üzərindən bu ləkənin götürülməsi, onlara abidələrin ucaldılması, H.Cavidin cəsədinin qalıqlarının sibir çöllərindən tapılıb Azərbaycana gətirilməsi, milli musiqi mədəniyyətimizin dünyada təbliğini gücləndirmək məqsədilə Rəşid Behbudov, Zeynəb Xanlarova, Lütfiyar İmanov və digər müqtədir sənət adamlarına SSRİ-nin ən ali mükafatlarının verilməsi, milli ruhlu şair və yazıçıların SSRİ-nin yüksək dəyərli orden, medallarıilə təltif edilməsi, bir qisminə Sosialist Əməyi Qəhramanı adının verilməsi, bununla həmin insanların toxuulmazlığının təmin edilməsi,70-ci illərdə M.Şəhriyarın şeirlərindən ibarət kitabın Xəlil Rza Ulutürkün tərtibatı əsasında kütləvi tirajla çap olunması, X.R.Ulutürkün, Vilayət Rüstəmzadənin, Anarın, Asəf Kərimovun, Əbülfəız Əliyevin (Elçibəyin) və onlarla digər mücahidlərin Sovet məhbəslərindən xilas edilməsi, sadalamadığımız saysız-hesabsız digər bu kimi faktlar HEYDƏR ƏLİYEVin, xalqın milli ruhunun artırılmasına dövlət səviyəsində etdiyi tarixi xidmətlərin yalnız az bir hissəsidir.

1969-cu ilin iyul ayında hakimiyyətə gələn HEYDƏR ƏLİYEV bundan cəmi dörd ay sonra, həmin ilin noyabr ayında, o zaman millətçi şair kimi SSRİ DTK tərəfindən təqib edilərək ev dustağı olan Bəxtiyar Vahabzadəni və şairin ən yaxın dostu, həmin dövrdə elmi kəşfi ilə dünyanın diqqət mərkəzində olan Xudu Məmmədovu qəbul edir. Tam məxvi şəraitdə saatlarla davam edən görüşün detalları haqqında danışmaq, təbii ki, mümkün deyil. Lakin həmin tarixi görüşdən şəxsən mənə on illər bundan əvvəl məlum olan iki məqamı diqqətə çatdırmaq kifayətdir ki, bu görüşün əsas qayəsi anlaşılsın. Bunlardan birincisi Bəxtiyar Vahabzadənin odlu-alovlu millətçi fikirlərini sonadək diqqətlə dinləyən HEYDƏR ƏLİYEV ona, Sovet Hökumətinə qarşı belə danışmaqdansa, ağıllı-başlı təşkilatlanmış elə hərakat yaratmaq tövsiyə etməsidir ki, həmin təşkilatla xalqın milli ruhunu qaldırmaq mümkün olsun, yoxsa belə adda-budda hay-küylü çıxışlarla SSRİ kimi nəhəng dövlətdən qurtulmağın mümkün olmayacağını qeyd edir. İkinci, ən maraqlı məqam isə həmin görüşdə HEYDƏR ƏLİYEVin ”Siz elə hərəkət edin ki, bunun milli ruhun qaldırılmasına xeyri dəysin, həm də mən sizləri qoruya bilim. Çünki yaxın gələcəkdə bu xalqın həm milli ruha, millətçi əhval-ruhiyyəyə, həm də sizlər kimi aparıcı simalara ehtiyacı olacaq” tövsiyyəsidir. Daha, ən inanılmaz məqam isə ondan ibarətdir ki, HEYDƏR ƏLİYEV həmin görüşdə SSRİ-nin çökəcəyi dövrü də qeyd edir: 1985-1990-cı illər! Tarixin sonrakı dönəmi HEYDƏR ƏLİYEVİN hadisələri, baş verən prosesləri nə qədər müdrikliklə təhlil etdiyini və necə zərgər dəqiqliyi ilə gələcək haqqında proqnoz verdiyini ortaya qoymuş oldu. Bu tarixi görüşdən iki gün sonra Xudu Məmmədovun evində Xudu Məmmədov, Bəxtiyar Vahabzadə və həmin dövrdə gənc şərqşünas kimi tanınan, millətçi çıxışıarı ilə diqqət mərkəzində oıan, Bakı Dövlət Universitetinin müəllimi, Xudu Məmmədovun qonşusu Əbülfəz Əliyev gorüşürlər (Bəlkə də elə bu və digər məqamlarla bağlı idi ki, Ə.Elçibəy Xudu Məmmədovu mənəvi atası kimi qəbul edirdi və onu “dədəm” adlandırırdı. Xudu Məmmədova həsr etdiyi, vəfatının 40 günlüyündə Azadlıq meydanında səsləndirdiyi üç bəndlik şerində də məhz belə qeyd edir: “Qara qaplanların qalxdı, çilədi, Dədəm, gözün aydın, ay gözün aydın, Övladların Vətən dedi, mələdi, Dədəm, gözün aydın, ay gözün aydın!”-T.N.).

Bu görüşdə Azərbaycanın müstəqilliyə doğru addımlarını qətiləşdirən, təşkilatlanmış gizli fəaliyyət göstərən qurum kimi xalqı milli mücadiləyə səfərbər edən “ÜÇLƏR HƏRAKATI” yaradılır və Azərbaycanın müqtədir tarixi simaları bu hərakat ətrafında birləşirlər. Bu barədə ilk dəfə 1976-ci ildə alovlu inqlabçı mücahid şair Xəlil Rza Ulutürkdən, sonrakı illərdə Bəxtiyar Vahabzadədən, Xudu Məmmədovdan və ən son dövrdə isə Əbülfəz Əliyevdən (Eıçibəydən) şəxsən eşitmişəm. Lakin bunlar haqqında danışmaq istəyimi 1991-ci və 1997-ci illərdə HEYDƏR ƏLİYEVə bildirəndə buna qəti etiraz edərək, bunun gənc, yenicə müstəqilliyini əldə etmiş bir ölkəyə zərər vura biləcəyini bildirir və 2020-ci ildən sonra bu haqda danışmağı tövsiyyə edirdi . Bütün yaşadığı dövrdə gələcək haqqında zərgər dəqiqliyi ilə pronozlar verən HEYDƏR ƏLİYEVin bu məqamda da nə qədər dəqiq hesablamalar apardığının şahidi olduq: HEYDƏR ƏLİYEV sanki dəqiq hesablamalarla, ola bilsin ki, ilahi qüdrətin ona bəxş etdiyi fövqəlbəşər qabiliyyətlə məhz 2020-ci ildə ermənilər üzərində tarixi zəfərin qazanılacağını bilirdi və yalnız bu zəfərdən sonra məxfi qalan bəzi sirlərin açıqlanmasını tövsiyə edirdi.

Həmin dövrdə HEYDƏR ƏLİYEVin tarixi xidmətləri sırasında Xəzər dənizindəki karbohidrogen ehtiyatlarının və respublika ərazisindəki əlvan metallurgiya yataqlarının qorunması ilə bağlı atdığı addımlar da diqqəti çəkir. Neftin, qazın, eləcə də əlvan metallurgiyanın istehsalı və satışı birbaşa ittifaq tabeliyində olduğuna və bu ehtiyatlardan əldə edilən gəlirin birbaşa ittifaq büdcəsinə ödənildiyinə görə HEYDƏR ƏLİYEV bu xəzinənin tükənməməsi, müstəqil Azərbaycan üçün qorunub saxlanması yollarını axtarır və tapır. Karbohidrogen yataqlarının kəşfi üzrə tanınmış mütəxəssis Xoşbəxt Yusifzadənin və sovet dövründə əlvan metallurgiya üzrə ekspedisiya qrupuna rəhbərlik etmiş Telman Bəşirovun dediklərindən birmənalı aydın olur ki, HEYDƏR ƏLİYEV həmin illərdə kəşf edilən bütün yataqları şəxsi nəzarətinə götürmüş və ittifaq rəhbərliyindən gizlin saxlanmasını təmin etmişdir.

Bütün bunların böyük bir qismindən imperiyanın mərkəzində, Kremldə xəbərdar olmaya bilməzdilər. Üstəgəl o dövrdə ittifaqda çox geniş yayılmış “TT-KAR”, sonradan Sovet DTK- nın “TT-RAK” adlandırdığı müəmmalı söz-söhbət! Bu gün SSRİ DTK-nın və Sov.İKP MK-nın arxivlərinə əlimiz çatmasa da, hələ o dövrdə ittifaqı bürümüş bu söz-söhbət haqqında bəzi məlumatlar əldə etmək mümkün oldu. TT- rus dilində olub “TÜRK ÜÇLÜYÜ” mənasını verən “Turetskaya Troyka”, KAR(sonradan RAK-T.N.) isə Kunayev, Aliyev, Raşidov soyadlarının baş hərfləri idi. SSRİ-də bir vaxtlar danışılması belə qadağan olunan türkçülük ideologiyasının, türk tarixinin 70-ci illərdə ittifaqda açıq ideoloji xəttə çevrilməsi, Türkologiya institutunun, “Sovetskaya Turkologiya” jurnalının yaradılması, Olcas Süleymanovun “AZ İ YA”kitabının işıq üzü görməsi, bir sıra tarixçi alimlərin on illər boyu qadağan olunmuş Türk tarixinə obyektiv baxışla müraciət etməsi, Cənubi Azərbaycan ədəbiyyatının, xüsusən, M.H. Şəhriyar poeziyasının, inqilabi ruhlu şeirlərinin azad şəkildə yayılması və digər amillər həmin dövrdə bütövlükdə imperiyada türk dirçəlişinə gətirib çıxarmalı idi ki, bu da ən ciddi siyasi məqsədlərin reallaşmasına yönəlik uğurlu tarixi missiya idi. 1970-1980-ci illərdə SSRİ-nin ən nəhəng layihəsi olan Baykal-Amur Magistralının (BAM-T.N.) tikindisinin 1982-ci ildən dayandırılması məsələsi gündəmə gələndə də Sovet rəhbərliyində məhz HEYDƏR ƏLİYEV buna qarşı çıxaraq, BAM-ın tikintisinə rəhbərliyin məsuliyyətini üzərinə götürür və uğurla bu makistralın tikindisini başa çatdırır. Bu barədə söruşanda HEYDƏR ƏLİYEV gülümsəyərək deyərdi: “Gedin, xəritəyə diqqətlə baxın, BAM bütövlükdə türk xalqalarının yaşadığı əraziləri əhatə edir və bu magistral burda yaşayan türk xalqları üçün həyati əhəmiyyətə malik qan damarı rolunu oynayır.” Düşünürəm ki, şərhə ehtiyac yoxdu...

Qəribədir ki, SSRİ-nin birinci və sonuncu Prezidenti, şovinist Mixail Qorbaçov imperiyanın başına keçdikdən sonra bütün hücumlar məhz “Turetskaya Troyka” adlandırılan bu üç simaya yönəlmişdi. Onları təkcə vəzifələrindən uzaqlaşdırmaqla kifayətlənməyən Qorbaçov hakimiyyəti, ilk qanlı hücumlarını da müxtəlif formalarda bu üç şəxsiyyətin mənsub olduqları xalqlara qarşı yönləndirdi. İlk dəfə Qazaxıstanda qeyri millətin nümayəndəsinin respublikaya rəhbər təyin edilməsinə etiraz edən xalqın qanı axıdıldı. Ardınca Azərbaycanda Qarabağ, Özbəkistanda Oş problemləri süni şəkildə yaradıldı və idarə olunaraq qanlı qırğınlara gətirilib çıxarıldı. Əvvəl Rəşidovu, ardınca Kunayevi sıradan çıxaran Kreml rəhbərliyi sonda HEYDƏR ƏLİYEVin zərərsizləşdirilməsi planını hazırladı. Eyni zamanda, Azərbaycanda gedən milli azadlıq mücadiləsindən xəbərdar olan Moskva bu xalqı yenidən yerində oturtmağın ssenarisini də hazırlamalı idı. Ən yaxşı ssenari isə, hələ 1923-cü ildə gələcəyə hesablanaraq Azərbaycanın bətnində qarayara kimi yaratdıqları Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni qul-beçələrini hərəkətə gətirməkdən ibarət ola bilərdi. Lakin bunun üçün də, ilk növbədə HEYDƏR ƏLİYEV adlı əzəmətli dağ aradan götürülməli idi...

Dördtərəfli hücumlara rəşadətlə sinə gərən əzəmətli dağ simvolu!

Həm xaricdəki erməni lobbisi, həm Sovetlər Birliyində yaşayan ermənilər əhatələrinə aldıqları Mixail Qorbaçov vasitəsilə ötən əsrin əvvəllərindən cızdıqları mənfur “yol xəritəsi” ni reallaşdırmaq üçün HEYDƏR ƏLİYEV maneəsini aradan götürməyi ilk taktiki gediş kimi planlaşdırdılar. Təbii ki, bütün parametrlər üzrə HEYDƏR ƏLİYEVdən çox-çox zəif olan M.Qorbaçov da bunu istəyirdi. Beləliklə Qorbaçov-erməni birliyi sonda buna “nai oldu”. Son iki sözü ona görə dırnaq arasına aldım ki, onlar (Qorbaçov-erməni birliyi-T.N.) buna nail olduqlarını zənn etdilər. Amma anlaya bilmədilər ki, belə dühaları vəzifəsiz qoymaq onları etkisiz hala gətirmək demək deyil. Əksinə, atılan zərbənin hardan tuşlandığını yaxşı bilən fenomen şəxsiyyətlər zərbə vuranların məqsəd və arzularını bilirsə, bu arzunu ürəklərində qoymaq üçün özünün qarşıya qoyduğu məqsədinə nail olmağın yeni yollarını tapması və onu sonuna qədər qət etməsi şəksizdir. Yetər ki, Vətənə, mənsub olduğu Xalqa təmənnasız HEYDƏR ƏLİYEV sevgisi və Vətən, Xalq naminə ən ağır kötükləri müdrikliklə, böyük ustalıqla aşmaq qüdrəti olsun. Fiziki məhv etmək üçün M.Qorbaçovun göstərişi ilə planlaşdırılan, Sovet rejimində dəfələrlə tətbiq edilmiş insanlığa sığmayan üsulu da qeyri-adi ağlının, ilahi qüdrət tərəfindən bəxş edilmiş tükənməyən idrakının gücü ilə alt-üst etdi. Və...

Kremldə hazırlanan və artıq M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Ağambekyan tərəfindən Fransanın paytaxtı Parisdə ilk dəfə səslənən “Qarabağın Ermənistan tərkibinə verilməsi oyunu” na, hələ də onu fiziki məhv etmək üçün bədəninə yeridilmiş xüsusi mayenin ağrılarından qurtarmamış olduğu vaxtda, öz sağlamlığını və ailəsinin, övladlarının həyatının təhlükəsizliyini risq altında qoyaraq bu mənfur niyyətə qarşı ilk fəaliyyətə keçən də HEYDƏR ƏLİYEV oldu. 1987-ci il noyabr ayının 29-da ailənin yeganə oğul varisi, ruhunun, canının, qanının bir parçası olan, SSRİ DTK-sı tərəfindən təqib olunan İlham Əliyevin həyatını təhlükəyə atmaqdan belə çəkinməyən Vətəninə, Xalqına sevgi odu ilə alışıb-yanan bu böyük qüdrət daşıyıcısı onu xüsusi tapşırıqla Moskvadakı Ağdam kooperativinə (restoranına-T.N.) göndərir. Həmin restoranın sahibi, bu gün də Moskvada yaşayan Ədalət bəyin dediyinə görə, gənc İlham Əliyev əvvəlcədən razılaşdırılmaqla ayrılmış otaqda əslən Yevlax şəhərindən olan, hamının Əlibaba kimi tanıdığı İsax Süleymanovla görüşür. Görüş ikisi arasında keçirilir və həmin günün sabahı İsax bəy Bakıya gəlir. İndilikdə əldə etdiyimiz məlumata görə, İsax bəy Bakı Dövlət Universitetinin o zamankı rektoru, tanınmış elm xadimi, Azərbaycan KP MK-nın o zamankı birinci katibi Kamran Bağırovun qardaşı Faiq Bağırzadə ilə, görkəmli alim, böyük ziyalı Xudu Məmmədovla görüşüb HEYDƏR ƏLİYEVin sifarişini onlara çatdırır. Sifarişin qısa məzmunu bundan ibarət olub: Ağambekyanın bəyanatı boşuna verilməyib. Kreml Qarabağı ermənilərə verməyə hazırlaşır. Tələbə və fəhlə hərəkatı yaradılsın, xalq müqavimətə hazırlaşsın, zəiflik göstərilsə ermənilər istəklərinə nail olacaqlar!

Ö dövrdə hadisələrin iştrakçılarının dediklərinə görə, məhz bu sifariş əsasında professor F.Bağırzadə Bakıda həm tələbə hərakatının, həm də fəhlə hərəkatının təşkilatlanmasına start verir. Eyni zamanda professor X.Məmmədov dərhal Qarabağa, Ağdama gedir. Mənəvi qardaşı Zeynal Məmmədovla birlikdə Qarabağda müqavimət hərakatı formalasdırmağa başlanılır.

Sonrakı dövrlərdə hər zaman, hər bir kritik məqamda, ən ağır günlərdə daim Xalqı ilə bir yerdə olan HEYDƏR ƏLİYEVin ihdiyə kimi deyilməyən başqa bir tarixi xidməti haqqında da qısa bilgi vermək istərdim. 1989-cu ildə SSRİ Ali Sovetinin “Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə xüsusi komissiyası” yaradılmışdı. Komissiyaya məşhur ukraynalı yazıçı və tanınmış ictimai xadim Boris Oleynik sədr seçilmişdi (əslində təyin edilmişdi-T.N.). Komissiya Qarabağa gəlməli, yerdə hər iki xalqın nümayəndələri ilə görüşlər keçirməli, vəziyyətlə bağlı məlumat verməli, eyni zamanda Ali Sovetə Qərar layihəsi təqdim etməli idi. Yenə Kreml daxilindən HEYDƏR ƏLİYEVə xəbər çatdırılır ki, M.Qorbaçov komissiyanın sədri, yazıçı B.Oleyniki qəbul edib, ona ermənilərin istəklərini yerinə yetirmək barədə rəy yazmalarını və SSRİ Ali Sovetinə “Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR tərkibinə verilməsi” haqqında Qərar layihəsi təklif edilməsini tapşırıb. HEYDƏR ƏLİYEV yenə oğlunun həyatını təhlükə altına atmaqdan çəkinmir və artıq Ali Məktəbdəki işindən də kənarlaşdırılmış, addım-addım təqib olunan gənc İlham Əliyevin vasitəsilə, gizli olaraq B.Oleyniklə görüşə bilir. Bir neçə saat davam edən həmin görüşün nəticəsinin tarixi əhəmiyyətini anlamaq üçün B.Oleynikin Şuşa əhalisi ilə görüşdən sonra, az sayda adamlara gizlin pıçıldadığı iki cümləni demək kifayətdir: “Mən bura gəlməmişdən əvvəl Heydər Əliyeviçlə görüşmüşəm və o mənə həm tarixi, həm siyasi baxımdan bütün həqiqətləri danışıb. Azərbaycan xalqı narahat olmasın”... Bu bir tarixi həqiqətdir ki, komissiya Moskvaya döndükdən sonra B.Oleynik M.Qorbaçovun tapşırığını yerinə yetirməkdən qəti şəkildə imtina edir və nəticədə həmin məsələ növbəti SSRİ Xalq Deputatları Qurultayının gündəliyindən çıxarılır. Sonrakı dövrdə də bu məsələyə baxılmır və bu gün də SSRİ Ali Sovetinin arxivlərində baxılmamış məsələ kimi saxlanmaqdadır.

1990-cı il 20 Yanvar qətliamından sonra, artıq M.Qorbaçov hakimiyyətinin azğınlığına dözə bilməyib, xalqını açıq müdafiəyə keçmk məcburiyyətində qalan HEYDƏR ƏLİYEV Moskvanın mərkəzində, Kremlin beş addımlığında, Azərbaycan SSR-in Moskvadakı nümayəndəliyində, bu gün hər bir Azərbaycan övladının qürur hissi ilə xatırladığı məlum Bəyanatından sonra Bakıya gəlmək, bu ağır günlərdə xalqı ilə bir yerdə olmaq qərarını verdi. Gözlənilən o idi ki, qüdrətin dönüşünü səbrsizliklə gözləyən çarəsiz qalmış xalq onu ağuşuna alacaq. Təbii ki, xalq bunu istəyirdi. Lakin Moskvadan verilmiş göstərişlərə canla, başla əməl edən o zamankı hakimiyyət yetkililəri həm Kremlin istəyini reallaşdırmaqla ağalarına sadiq qul olduqlarını göstərmək, həm də HEYDƏR ƏLİYEVİN xalqına, xalqının da HEYDƏR ƏLİYEVə olan tükənməyən sevgini özlərinin hakimiyyəti üçün təhlükə hesab etdiklərindən bütün gücləri ilə müqavimət planlarını işə salmışdılar. Bu məqamda xatırlatmağı vacib hesab edirəm ki, hakimiyyətlə yanaşı guya xalqın içindən çıxmış hesab edilən Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyində də HEYDƏR ƏLİYEVə qarşı antipatiya olduğu ortaya çıxdı. Bunun səbəbləri və başlıca məqsədləri barədə bu yazıda geniş söhbət açmaq fikrində deyiləm (Çünki bu, ayrıca genişhəcmli bir yazının mövzusudur və zamanım qalarsa gələcəkdə bu barədə konkret faktlara söykənən, dəlillərə əsaslanan yazımı oxuculara təqdim edəcəyəm-T.N.) Ancaq indilikdə bir məqamı vurğulamaq istəyirəm. AXC-nin yaradılmasında xüsusi xidmətləri olan fəalların böyük əksəriyyəti təsis konfransında seçkili orqanlardan kənarda qalarkən, bunun səbəbini öyrənmək istədik. Çox sonralar aydın oldu ki, o zaman Azərbaycan KP MK-nın katibi olan Svetlana Qasımovanın da qatıldığı həmin konfransda, AXC-nin təşəbbüs qrupunda ciddi qəbul edilməyən, bəziləri hətta təşəbbüs qrupunda üzv olmayan bir qrupun idarə heyətinə seçilməsi birbaşa o dövrki DTK tərəfindən göndərilmiş adamlar olub. Ən qəribəsi odur ki, “Primakovun uşaqları” kimi tanınan həmin qrup az keçmədən AXC-yə faktiki rəhbərliyi ələ keçirməyi bacardılar (“Moskovsoye novosti” qəzeti, 16 noyabr 1997-ci il tarixli sayında, AXC-dəki həmin qrupun fəallarından olan Yusif Səmədoğlunun etiraflarını oxumağı hər kəsə tövsiyə edərdim...-T.N.). Sovet DTK-sı tərəfindən idarə olunan adamların çoxluq təşkil etdiyi bir qurumun qərarverici orqanının belə mövqe sərgiləməsi isə təbii idi.

Beləliklə, HEYDƏR ƏLİYEVə dörd tərəfdən – SSRİ rəhbərliyi, SSRİ-də və dünyada yaşayan erməni lobbisi, Azərbaycan hakimiyyəti və nəhayət özünü xalqın nümayəndəsi kimi qələmə verən Azərbaycan Xalq Cıəbhəsinin bir qrup yetkililəri tərəfindən hücumlar edilirdi. Günbəgün bu hücumlar daha da kəskinləşirdi. Bilmirəm, dünyanın tarixində ikinci elə bir qüdrətli şəxsiyyəti kimsə göstərə bilərmi ki, dörd istiqamətdən, hamısı da çox yüksək səlahiyyətli qüvvələr tərəfindən üzərinə hücumlar edilsin, yalnız xalqına arxalanaraq bütün hücumları dəf edərək sonda misli görünməyən tarixi qələbəyə nail olsun?! Az-çox Azərbaycanın da, dünyanın da tarixindən xəbərdar olan bir qələm adamıyam və mən belə bir tarixi sima (Allah rəsulları kimi göndərilən tanrı elçiləri istisna olmaqla-T.N.) tanıya bilmirəm ki, onu haqqında yazdığım bu fövqəladə qüdrət sahibi ilə müqayisə edə bilim.

Yuxarıda qeyd etdiyim kimi, allahın ən böyük lütfüdür ki, bu fenomen düha ilə dəfələrlə görüşmək, bəzən saatlarla söhbət etmək kimi hər kəsin arzusunda olduğu xoşbəxtlik mənə də nəsib olub. 1990-cı ildən başlayaraq qismət olan hər görüş haqqında da çox yazmaq olar. Ancaq HEYDƏR ƏLİYEVin Vətən, Xalq sevgisinin parlaq təzahürü olan daha bir-iki faktı oxucularıma təqdim etmədən yazıma son verə bilmirəm. Hələ 1990-cı ilin sonları idi. SSRİ dağılmamışdı, Azərbaycan müstəqil dövlət deyildi. Bir gün yaşadığım Ağdam rayonunun dəmiryol stansıyasının rəisi Rəhbər adlı şəxs, rayonda öz təşəbbüsümüzlə yaratdığımız müdafiə qərargahına gəlib, HEYDƏR ƏLİYEVin dəmiryol rabitə xətti ilə zəng vurub, məni təcili Naxçıvana çağırdığını dedi. Sabahı artıq Naxçıvanda idim. Xeyli söhbətdən sonra məndən Qarabağda, adamlarda silah olub-olmamasını soruşdu. Olmadığnı, olanların da quş tüfəngi olduğunu, onu da gizlin istifadə etdiyimizi bildirdim. Bu hadisənin günümüzdə də şahidləri var. Aydın oldu ki, dünya şöhrətli bu qüdrətli şəxsiyyət gərgin fəaliyyəti içində vaxt tapıb İrana adamlar göndərib, ordan bir neçə avtomat və iki pulemyot keçirib gətirə biliblər Naxçıvana. HEYDƏR ƏLİYEV Naxçıvanın özündə də vəziyyətin gərgin olmasına rəğmən həmin silahları, İranda necə qablaşdırılmışdısa, eləcə də mənimlə və özünün xüsusi adamı ilə Naxçıvan-Gəncə təyyarə reysi ilə Qarabağa göndərdi. Bildirdi ki, uşaqlara tapşırmışam, yenə İrandan, Türkiyədən əldə etməyə çalışacaqlar. Burda da ehtiyac var, amma orda, Qarabağda daha çox ehtiyac var silaha. Bir il sonra,1991-ci ilin sonunda isə Türkiyə vasitəsilə alınmış külli miqdarda avtomat silahdan 600 ədəd yenə yenə Ağdama, Milli Qəhramanlar Şirin Mirzəyevin və Allahverdi Bağırovun könüllü müdafiə dəstələrinə göndərdi. Bunlıarı ona görə yazdım ki, o zaman Azərbaycanın, o cümlədən Qarabağın taleyinə məsuliyyət daşıyan hakimiyyət mənsubları, xalqın əlində olan quş tüfənglərini belə yığdığı, evindən silah çıxan adamlara cinayət işi qaldırdığl, guya xalqın seçdiyi AXC yetkililərinin isə bu fakta seyçiliklə yanaşdığı, yeri gələndə silahdan istifadə edənlərin AXC sıralarından kənarlaşdırdıqları bir zamanda, dörd tərəfdən edilən hücumlara sinə gərməklə yanaşı, rəhbərlik etdiyi Naxçıvan Respublikasının özündə silaha nə qədər ehtiyac olduğuna baxmayaraq, hər cür təhlükəni göz önünə alıb da Qarabağın könüllü savaşçılarını silahlandırmağa çalışmaq yalnız HEYDƏR ƏLİYEV kimi ilahi qüdrətdən pay almış simaların bacardığı iş ola bilər.

Yazıma, hələ 2001-ci ilin noyabr ayında, ULU ÖNDƏR HEYDƏR ƏLİYEVin sağlığında, o zaman Baş redaktoru olduğum “XXI ƏSR” qəzetində dərc etdiyim böyük həcmli “Hetydər Əliyev və Azərbaycan” adlı yazımdan bir sitatla son vermək istəyirəm: “...Bir sözlə, Heydər Əliyev Azərbaycanın və türk xalqlarının tarixində elə nəhəng dönüşə nail oldu ki, yüz illər, min illər sonra da bu ad və soyad ehtiramla xatırlanacaq. Onunla bərabər, eyni dövrdə yaşayan hər kəs bu həmzamanlıqdan qürur hissi keçirəcək. Yazıq o kəslərə ki, onlar Heydər Əliyev zirvəsini dərk edə və bu zirvənin qüdrətini dərk etməyə özündə güc tapa bilmirlər. Belələri ona görə yazıqdırlar ki, onlar ya unudulacaqlar, ya da xalqın qan yaddaşında nifrətlə xatırlanacaqlar. Bundan da böyük yazıqlıq, bədbəxtlik ola bilərmi?..”

Təhmasib Novruzov,
Azadlıq Hərakatçıları Birliyinin sədri, yazıçı-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə