Zəfər Qurultayı dünyaya mesaj oldu ŞƏRH

Zəfər Qurultayı dünyaya mesaj oldu ŞƏRH

Azərbaycan tarixi günlərlə zəngin olan dövrünü yaşayır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, dünya azərbaycanlılarının fəaliyyət dövründə yeni mərhələnin başlanğıcı kimi tarixiləşdi. Dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə keçirilən Qurultayda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı verdiyi mesajlar xaricdəki azərbaycanlıların növbəti beş ildə fəaliyyəti üçün yol xəritəsi müəyyənləşdirməklə yanaşı, Azərbaycan diasporu qarşısında yeni vəzifələr də qoymuş oldu. Qələbə qazanmış Azərbaycan xalqının Zəfər Qurultayı 2020-ci il Vətən müharibəsində Azərbaycan xalqının böyük Qələbəsindən sonra keçirilən ilk qurultay idi. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı "Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var", - deyə bildirib ki, bu gün Azərbaycan yeni dövrə qədəm qoyub: "Biz otuz il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi - mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün". Bu gün vəziyyətin tam fərqli olduğunu vurğulayan Cənab Prezident diqqətə çatdırıb ki, bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq: "Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz".

Azərbaycanın diaspor fəaliyyəti qısa müddətdə uzun və əlamətdar yol keçərək müasir dövrümüzdə mütəşəkkil şəkildə formalaşıb. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən gəldikdən sonra bu istiqamətdə vahid və birləşdirici siyasət yürütmüşdü. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Dünya azərbaycanlılarının milli birliyinin təşkilatçısı olan Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda, qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub.
Bu gün Zəfər Qurultayının Şuşa şəhərində keçirilməsi, heç şübhəsiz ki, dünya ölkələrində yaşayan azərbaycanlıların, diasporumuzun fəaliyyət dövrünün yeni mərhələsidir. Artıq Azərbaycan dünyada sözünü demiş bir dövlətdir və uğurlu inkişaf tarixini yaşayır. Ölkəmizdə həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat dövlətimizin əsas inkişaf göstəriciləridir. Prezident İlham Əliyevin rəhbərlik dövrü müasir-müstəqil Azərbaycanın tarixində sürətli iqtisadi inkişaf, dövlətin təşəkkül tapması, qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi uğurlar və böyük qələbələr dövrü kimi xarakterizə olunur.
Dünya Azərbaycanlılarının Zəfər Qurultayının qələbə rəmzində keçirilməsi nailiyyətlərimizə, zəfərimizə söykənir. Bu zəfər bütün dünya ölkələrində yazayan Azərbaycanlıların Zəfəridir. Belə ki, müstəqil Azərbaycan bütün Azərbaycanlıların Vətənidir. 44 günlük Vətən Müharibəsində milli birliyimiz, xalq-iqtidar birliyi bizi qələbəyə apardığı kimi bu amillər yaxın gələcəkdə Azərbaycanın daha da gücünü artıracaqdır. Bütövlükdə, qalib və qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla irəliləyir. Prezident İlham Əliyev müharibədə məğlub olmuş Ermənistanı ölkəmizin ərazi bütövlüyünü rəsmən tanımağa, sülh müqaviləsinin imzalanmasını yubatmamağa və son şansından istifadə etməyə çağırıb. Bununla yanaşı, dövlət başçısı Ermənistandakı revanşistlərə sərt xəbərdarlığını da edib.
Prezident İlham Əliyevin Qurultayındakı nitqində 44 günlük müharibədən sonra regionda yaranmış yeni vəziyyət və qalib dövlətimizin sülhsevər siyasəti ilə bağlı fikirləri bir mesaj oldu. Dövlət başçısı Qurultayda nitqində bir çox məsələlərə toxundu və dünya azərbaycanlıları üçün postmünaqişə dövrünə uyğun yol xəritəsi cızdı.
Müharibədən sonra yaranmış yeni reallıqları, tarixi Zəfərin reallıqlarını, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda xaricdə yaşayan azərbaycanlıların, diaspor təşkilatlarının da üzərinə böyük məsuliyyətlər düşür. Əlbəttə ki, Azərbaycan mədəniyyətinin incisi olan Şuşada keçirilən Zəfər Qurultayı soydaşlarımızın yaşadıqları ölkələrdə fəaliyyətlərini daha əzmlə davam etdirmələrinə təkan verəcək. Qurultay iştirakçıları qısa müddət ərzində Zəfər yolunun çəkildiyini, Füzuli Beynəlxalq Hava Limanının inşasını, energetika sisteminin qurulduğunun, yeni evlərin tikildiyinin, qədim tarixi mədəni-dini abidələrimizin bərpa olunduğunu gözləri ilə gördülər.
Zəfər Qurultayı bir daha dünyaya azərbaycanlıların möhkəm həmrəyliyinin, birliyinin mesajı oldu.

Azər Nemətli,

AAYDA "Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon ərazi ilk partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə