QARABAĞIN DÖYÜNƏN ÜRƏYİ ŞUŞA HƏMRƏYLİK MƏKANI TƏHLİL

QARABAĞIN DÖYÜNƏN ÜRƏYİ ŞUŞA HƏMRƏYLİK MƏKANI TƏHLİL

Prezident İlham ƏLİYEV: “Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir”

Bəlli olduğu kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi, Qarabağın döyünən ürəyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirak etdiyi Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı öz işinə başladı. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurultayda geniş nitq söyləyib və bildirib ki, tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır". Dövlətimizin başçısı qurultay iştirakçılarının Zəfər yolu ilə gəldiyini deyib: “Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir”.

“BUNDAN SONRA AZƏRBAYCAN XALQI MÜZƏFFƏR XALQ KİMİ YAŞAYACAQ”

Dövlət başçısı çıxışı zamanı qəhrəman Azərbaycan xalqının bu torpaqda müzəffər xalq kimi əbədi yaşayacağını qurultay iştirakçılarına bildirdi: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir”.

“Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər»,- deyən dövlət başçısı bu qələbəni müstəqillik dövründə yetişən gənclər bəxş etdiyini vurğuladı: “Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”.

"ƏMİNƏM Kİ, QURULTAY İŞTİRAKÇILARI QƏDİM ŞUŞAYA BÖYÜK HƏVƏSLƏ GƏLİBLƏR”

“Bura gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Ulu öndər Heydər Əliyev həmin qurultayda dərin məzmunlu çıxışında Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmiş və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altındakı torpaqlar azad olunacaq və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq»,-deyən Prezident İlham Əliyev Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdi: «Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”. Azərbaycan Prezidenti çıxışı zamanı Qarabağ münaqişəsinin həllinin başlıca vəzifə olduğunu söylədi: “Qarabağ münaqişəsinin həll edilməsi mənim üçün Prezident kimi başlıca vəzifə idi. Prezident seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir»,-deyən dövlət başçısı bütün qüvvələrin bu vəzifəyə səfərbər edildiyini vurğulayıb: «Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu müqəddəs günü yaxınlaşdırmalıyıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi”.

“BİZ BÜTÜN DÜNYAYA SÜBUT ETDİK Kİ, AZƏRBAYCAN XALQI BÖYÜK XALQDIR”

Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycan xalqı həmişə böyük, güclü xalq olub: «Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq dayanırdı. Biz buna öz gücümüzlə nail olduq».

Dövlətimizin başçısı qeyd edib ki, məhz buna görə ordu quruculuğu sürətlə aparılıb, Azərbaycan müasir ordu yaradıb, məhz buna görə gənc nəsil vətənpərvərlik və düşmənə nifrət ruhunda tərbiyə olunurdu: “Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi”.

“Otuz ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə, biz heç vaxt buna razı ola bilməzdik və Vətən müharibəsindəki göstərdiyimiz iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi»,-deyən Azərbaycan Prezidenti bildirib ki, müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedərək qələbə qazandıq: «Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq. Öldü var, döndü yoxdur və müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər”.

“MÜHARİBƏ BAŞA ÇATSA DA, BİZƏ QARŞI OLAN ƏRAZİ İDDİALARI HƏLƏ Kİ, BAŞA ÇATMAYIB”

Dövlət başçısı çıxışı zamanı xüsusi olaraq vurğulayıb ki, bu qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi sayəsində əldə olunduğunu deyib: «Biz bütün dünyaya sübut etdik ki, 21-ci əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır. Cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edildi. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi”.

Dövlətimizin başçısı xatırladıb ki, Ermənistan ordusunda müharibə zamanı kütləvi fərarilik hökm sürürdü. Onların özlərinin etirafına görə, on min fərari olub. Azərbaycan Ordusunda isə bir dənə də fərari olmayıb: “Mən bilirəm ki, siz və sizin kimi milyonlarla xaricdə yaşayan azərbaycanlı hərə öz ölkəsində müharibənin gedişatını yaxından izləyirdi. Eyni zamanda, öz çıxışlarınızda, şərhlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırırdınız. Buna bu gün də ehtiyac var. Çünki müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Mən əminəm ki, bu da başa çatacaq. Əminəm ki, biz postmüharibə dövründəki göstərdiyimiz səylər nəticəsində və bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik”. Azərbaycan Prezidenti 1980-ci illərin sonlarında başlamış separatizm meyilləri faktiki olaraq Qarabağın böyük hissəsini Azərbaycandan qopardığını deyib: «Hələ Sovet İttifaqı dövründə bunu etdilər. Xüsusi idarəetmə komitəsi yaradıldı və Moskvadan bir ermənipərəst adam təyin olundu»,-deyən dövlət başçısı qurultayda çıxışı zamanı bildirib ki, “dəmir yumruq”la düşmənin başını əzib, tarixi ədaləti və milli ləyaqəti bərpa etdik: “Ondan sonrakı tarix də bəllidir. Bax, bizim xalqımız iki əsr ərzində bütün bu iztirablardan keçib və nəhayət, öz sözünü deyib. Nəhayət, “dəmir yumruq”la düşmənin başını əzib, tarixi ədaləti və milli ləyaqəti bərpa edib. Ona görə, bax, çox vacibdir ki, bu tarixi məqamlar daim diaspor təşkilatlarının gündəliyində olsun”.

“MƏN ÇOX ŞADAM Kİ, DİASPOR TƏŞKİLATLARIMIZ AZƏRBAYCAN İLƏ DAİM TƏMASDADIRLAR”

“Mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar. Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Bu da çox vacibdir»,- deyən Prezident xaricdə yaşayan azərbaycanlıların öz tarixi Vətəni ilə sıx bağlı olmağını bildirib: «Əlbəttə, biz hamımız istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün. Bu gün biz qurultayı Şuşada keçiririk. Azad edilmiş ərazilər on min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq”.

Prezident İlham Əliyev çıxışı zamanı bütün nəsillərin öz mədəniyyətinə bağlı olmasını vurğuladı: «Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil»,-deyən dövlət başçısı diqqətə çatdırıb ki, xaricdə yaşayan soydaşlarımız, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq kifayət deyil: «Ona görə biz Azərbaycan məktəblərinin açılmasına da hər zaman kömək göstərməyə hazırıq. Əslində bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas faktordur. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.

“MİNSK QRUPU MÜNAQİŞƏNİ HƏLL ETMƏK ÜÇÜN YOX, İŞĞALI ƏBƏDİLƏŞDİRMƏK ÜÇÜN YARADILMIŞDI”

Dövlət başçısı nitqi zamanı 1992-ci ildən bu məsələni həll etmək üçün mandat almış Minsk qrupunun heç bir nəticə əldə etmədiyini və artıq bu qurumun iflic olduğunu deyib: “Əfsuslar olsun ki, bu gün Ermənistanda hələ də yüksək vəzifəli şəxslər Minsk qrupu haqqında sözlər deyirlər. Hesab edirəm ki, bu, əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub».

Dövlətimizin başçısı deyib ki, 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış Minsk qrupu faktiki olaraq heç bir nəticə əldə etməyib. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, o, məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qruplarının təsiri çoxdur. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmayıb.

“Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var. Bu gün Azərbaycan yeni dövrə qədəm qoyub. Biz otuz il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi - mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün”. Bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. Ancaq bu gün vəziyyətin tam fərqli olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

“BU GÜN AZƏRBAYCAN ORDUSU İSTƏNİLƏN VƏZİFƏNİ İCRA EDƏ BİLƏR”

“Biz faşizmi məhv etdik, Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır”. Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı söyləyib.

“Biz gücümüzü artırmışıq. İl yarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. İndi bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və əgər erməni faşizmi bir daha baş qaldırarsa, biz onu hər an əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır”, - deyə dövlətimizin başçısı bildirib.

“ERMƏNİSTAN ORDUSUNDAN İKİ-ÜÇ DƏFƏ AZ İTKİ VERMƏKLƏ BİZ TARİXİ MİSSİYAMIZI YERİNƏ YETİRDİK”

“Bizim 44 gün ərzində əldə etdiyimiz Qələbə bir çoxları üçün gözlənilməz idi. Hərbi ekspertlər, siyasətçilər, bu məsələ ilə məşğul olan müxtəlif təşkilatların nümayəndələri bizə həmişə deyirdilər ki, bu müharibəni Azərbaycan uda bilməz. Çünki Ermənistan bu 30 il ərzində işğal edilmiş torpaqlarda istehkamlar, müdafiə xətləri qurmuşdu. Eyni zamanda, Qarabağın təbii relyefi elədir ki, torpaqları azad etmək çətin olacaq, çoxlu itkilər olacaq”,- deyən Azərbaycan Prezidenti Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib ki, Azərbaycan əsgəri gücünü, Vətən sevgisini göstərdi və Qələbə qazandı. Bu fərziyyələrin nəticə etibarilə özünü doğrultmadığını qeyd edən dövlətimizin başçısı deyib: “Onlar bir məsələni diqqətdən kənarda qoymuşdular, Azərbaycan xalqının əzmini, Azərbaycan əsgərinin gücünü, Vətən sevgisini. Bəli, bəzi yerlərdə beş, bəzi yerlərdə altı müdafiə xətti qurulmuşdu, istehkamlar qurulmuşdu. Bölgənin coğrafiyası bizim üçün çox əlverişsiz idi. Bütün bunlara baxmayaraq, az itki verməklə, Ermənistan ordusundan iki-üç dəfə az itki verməklə biz tarixi missiyamızı yerinə yetirdik və son nöqtəni burada - tarixi şəhərimizdə qoyduq”.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, torpaqlarımızı 44 gün ərzində azad etdik: “Biz cəmi 44 gün ərzində düşməni torpağımızdan qovduq. Ermənistan bizim qabağımızda diz çökdü, başını əydi, kapitulyasiya aktına imza atmağa məcbur oldu, imdad dilədi və bu gün də həmin vəziyyətdədir. Bu gün də yer qalmayıb ki, qapısını döyməsin ki, amandır Azərbaycan bizi hədələyir, Azərbaycan bizi burada boğmaq istəyir”.Bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib və vurğulayıb ki, biz öz torpağımızı heç kimə verəsi deyilik: “Biz öz vəzifəmizi icra etmişik. Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi”.

Prezident vurğulayıb ki, münaqişəyə son qoyan qəhrəman Azərbaycan əsgəri oldu. “Müharibənin son hadisələri məhz burada - Şuşada baş vermişdir. Sıldırım qayalara dırmaşaraq bizim qəhrəman əsgərlərimiz, zabitlərimiz demək olar ki, əlbəyaxa döyüşlərdə burada topla, tankla, artilleriya ilə silahlanmış Ermənistan ordusuna qalib gəldilər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

“XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR BÖYÜK QÜVVƏDİR, ONLARIN FƏALİYYƏTİ ÖLKƏMİZ ÜÇÜN ÇOX ÖNƏMLİDİR"

“Biz cəmi 44 gün ərzində düşməni torpağımızdan qovduq. Ermənistan bizim qabağımızda diz çökdü, başını əydi, kapitulyasiya aktına imza atmağa məcbur oldu, imdad dilədi və bu gün də həmin vəziyyətdədir. Bu gün də yer qalmayıb ki, qapısını döyməsin ki, amandır Azərbaycan bizi hədələyir, Azərbaycan bizi burada boğmaq istəyir”. Bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. Dövlətimizin başçısı deyib: “Biz öz vəzifəmizi icra etmişik. Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi”.

Prezident vurğulayıb ki, münaqişəyə son qoyan qəhrəman Azərbaycan əsgəri oldu: “Müharibənin son hadisələri məhz burada - Şuşada baş vermişdir. Sıldırım qayalara dırmaşaraq bizim qəhrəman əsgərlərimiz, zabitlərimiz demək olar ki, əlbəyaxa döyüşlərdə burada topla, tankla, artilleriya ilə silahlanmış Ermənistan ordusuna qalib gəldilər”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə