Yaxud Brüssel və Moskva görüşlərindən İrəvan hansı nəticələri çıxarıb?
Bu gün Ermənistanda Paşinyanı və onun komandasını nə qədər tənqid etsələr də, yenə də onun pislərin ən yaxşısı olduğunu etiraf etməkdən başqa cərə qalmayıb. Nikolun Moskva səfəri ərəfəsində başlanan mitinq dalğası Ermənistanda hələ də davam etməkdədir. Toplantılar, etiraz aksiyaları, müqavimət və ya nə adlanırsa, bu gün demək olar ki, bütün müxalifət meydandadır. Bir-biri ilə o qədər də yaxşı yola getməyən Köçəryan və Sarkisyanın tərəfdarları, daşnaklar və sağ mərkəzçi Çarukyan, rusiyayönümlü və qərbyönlü qüvvələr bir impulsda və Paşinyana nifrətində bir-birinin yanında dayanmaq zorundadırlar. Və hamı indiki hökumət başçısını və onun komandasını hakimiyyətdən uzaqlaşdırmaq üçün istənilən “yol xəritəsi”nə hazırdırlar. Hətta şanslarının son dərəcə aşağı olduğunu da dərk etmirlər.
İndiki hakimiyyətin arsenalında olan repressiya aparatı da müxalifət üçün bir o qədər də qorxuducu görünmür. 2018-ci ilin yazında Sarkisyanın repressiya aparatı heç də indikindən zəif deyildi və buna baxmayaraq, bu imkanlar onu devrilməkdən xilas edə bilmədi. Məsələ ondadır ki, məyusluq və depressiyaya, sosial-iqtisadi vəziyyətin çətin olmasına baxmayaraq, heç kim əvvəlki hakimiyyətin bərpasını, Sarkisyan, yaxud Koçaryanın ölkəyə rəhbərlik etməsini də istəmir, qəti şəkildə rədd edir. Ermənstanda hazırda küçələrdə olan müxalifət Nikolun və onun komandasını nə qədər tənqid etsələr də, onu pislərin ən yaxşısı adlandırırlar.

Ermənistanda nələr yaşanır?
Bəli, cəmiyyət indi həddindən çox qütbləşib, bir sözlə Ermənistanda kələfin ucu itib. Bəs müxalifətə dəstək üçün küçələrə çıxanların sayı nə qədərdir, yaxun nə qədər erməni müxalifətin aksiyakarına dəstək verir? Ən uzağı min nəfər. Bu da yetərli deyil, hətta biabırçı göstəricidir. Deməli müxalifətə ümid o qədər azalıb ki, Paşinyanın atdığı ən antimilli addımlara da cəmiyyətin etirazı yoxdur. Cəmiyyətin böyük hissəsi “keçmişə” xor baxır və onlar üçün barrikadalara getməyə hazır deyil. Üstəlik, sadə insanlar müxalifətin əsas qüvvələrinin - “Ermənistan” və “Mənim şərəfim var” bloklarının qorxaqlığını görür. Görün, “Mənim şərəfim var” blokunun əsas qüvvəsi olan Respublikaçılar Partiyası tərəfindən hakimiyyətə qarşı hansı ittihamlar səsləndirilir: "Paşinyan Əliyevlə birlikdə Minsk qrupu həmsədrlərinin fəaliyyətinə qarşıdır, bu formatın əlehinədir". Halbuki, ATƏT-in Minsk qrupunun dağılmasının, fəaliyyətsizliyinin günahı elə həmin təşkilatı idarə edənlərdədir. 28 il “turizm diplomatiyası” ilə məşğul olmağın sonu belə olmalı idi. Fransa, ABŞ və Rusiyadan olan həmsədrlər formatı Rusiya ilə Qərbin qarşıdurmasından sonra mövcudluğuna birdəfəlik son qoydu. Həmsədrlik institutu daxilində getdikcə dərinləşən çat uzun müddət kosmetik dəyişikliklərlə yoluna davam edə bilməzdi. Rusiya da XİN başçısı Lavrov və onun sözçüsü Zaxarovanın ağzı ilə faktiki olaraq ATƏT-in Minsk qrupunun “öldüyünü” elan etdi.
Bəs Serj Sarkisyanın rusiyayönlü partiyası Moskvanı tənqid edə bilərmi? Əlbəttə yox. Cəmiyyətin bu primitiv yemə düşəcəyinə sadəlövhcəsinə inanan serjikovçular üçün Paşinyanı günahlandırmaq daha asan və təhlükəsizdir. Eyni zamanda, Köçəryan və Sarkisyanın sponsorluq etdiyi mətbuatda dərc olunan yazılarda Paşinyanın Moskvaya səfəri tənqid olunur. Erməni müxalifəti belə düşünür ki, Nikol nəhayət Qarabağı Rusiyanın istəklərinə uyğun olaraq təslim edəcək. Ermənilər ehtimal edirlər ki, İrəvanı “sındıranlardan biri elə Putindir.
İndi erməni əhalini meydanlara çağıranlar hesab edirlər ki, Rusiya ilə münasibətləri Paşinyandan daha yaxşı qura bilərlər. Müxalifət itirilmiş əraziləri geri qaytarmağa söz verir. Bəs onlar bunu necə edəcək? Ona görə də erməni xalqı Paşinyanı bəyənməsə də, ürəyində anlayır ki, indiki geosiyasi şəraitdə Moskvanın, Bakının və Ankaranın, Brüsselin maraqlarının üst-üstə düşdüyü bir vaxtda Ermənistanın fərqli düşünmək, fərqli addım atmaq variantı demək olar ki, sıfırs bərabərdir. Beləliklə, ən pisin ən pisindənsə, ən pisin ən yaxşısının hakimiyyətdə olması daha yaxşıdır.
“Hraparak” qəzeti yazır ki, Nikol Paşinyan daha bir böyük intriqa “köynəyi” toxuyur. O, Moskvaya yola düşmə ərəfəsində Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyan və “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanı qəbul edib. Qarabağın Moskvada Azərbaycana təslim olacağı sülh sazişinin müqəddiməsinə çevriləcək bəzi sənədlər imzalayacağına əsaslı şübhələr var. Hər iki separatçı Paşinyanı status məsələsində güzəştə getməməyə çağırıb. Paşinyan isə deyib ki, kim Qarabağı Azərbaycanın bir hissəsi kimi gördüyünü deyirsə, onu səhv başa düşüb. Bununla da baş nazir səfər ərəfəsində müxalifəti qismən də olsa neytrallaşdırmağı bacarıb və vaxt udub. Müxalifətin daha radikal kəsimi isə əksinə Paşinyanın onları aldatdığını və artıq Qarabağın taleyinin həll olunduğu düşünür. Əgər ordudakı bəzi qüvvələr baş nazirin əmrlərinə qarşı çıxsa, müharibə qaçılmaz olacaq və bundan sonrakı məğlubiyyətlərin, itkilərin hesabını müxalifət, daha doğrusu Paşinyanın “yol xəritəsi”nə qarşı çıxanlar ödəməli olacaqlar.

Bəs Putin-Paşinyan görüşündə nədən danışılıb?
Azərbaycanın ərazi bütövlüyünü tanımağa razı olduğunu deyən Ermənistanın Baş naziri Nikol Paşinyan yenə mövcud olmayan “Dağlıq Qarabağ münaqişəsi” haqda danışıb. Rusiya prezidenti Vladimir Putin isə görüşün protocol hissəsində “Dağlıq” deyil, üstəlik “münaqişə” deyil, sadəcə Qarabağdakı bəzi “problemlər” barədə söhbət aparıb.
Paşinyan Rusiyaya gəlməzdən əvvəl Brüssellə təmasları yeni planlar qurmaq, yeni göstərişlər almaq üçün idi. Rusiya Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Paşinyan da bunları bilir, amma Qarabağda yaşayan ermənilər üçün ən yüksək statuslu muxtariyyət almaq istəyir. Və Paşinyan elə muxtariyyət istəyir ki, Qarabağ formal olaraq Azərbaycanın tərkibində olsa da erməni anklavı kimi saxlanılsın. Yəni Qarabağ Azərbaycanla müstəqil siyasət qursun və Ermənistana sıx bağlı olsun. Təbii ki, bu da Azərbaycanı qane etməyəcək. Azərbaycan SSRİ dönəmində muxtariyyət status altında terrorçuluğa, yüz minlərlə azərbaycanlının öz doğma yurdundan qaçqın düşməsinə, on minlərlə vətəndaşımızın öldürülməsinə səbəb olan erməni separatçılığının, terrorçuluğunun bir daha baş qaldırmasına imkan verməyəcək.
Ermənistanın ATƏT-in Minsk qrupunu yenidən danışıqlar prosesinə cəlb etmək cəhdləri isə rəsmi İrəvanın regionda Qərbin maraqlarını təmin etməyə hesablanıb. Qətiyyətlə demək olar ki, İrəvan “Troya atı” rolunu oynayır. Ermənistanla yaxın münasibətdə olan Makron Fransada keçirilən prezident seçkilərində ermənilərin səsini qazanmaq üçün tərəfkeşlik edirsə, Brüsselin hərəkətləri Rusiyanı Cənubi Qafqazdan birdəfəlik vurub çıxarmaq üçündür. Bunu Rusiyada da başa düşürlər.
ABŞ da Brüsseldən geri qalmır, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün bütün yollardan məharətlə istifadə edir. Bu ölkənin Ermənistandakı səfiri Lin Treysi rəsmi İrəvanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb. Səfir Ermənistan banklarının Rusiya əleyhinə sanksiyalara qoşulmaq niyyətində olduğunu deyib. Onun sözlərinə görə, təxminən bir ay əvvəl o, Ermənistan bankları ilə görüş keçirib və həmin bankları Rusiyaya kömək etməkdən çəkinməyə çağırıb: “Birləşmiş Ştatlar Ermənistanın beynəlxalq sanksiyalara sadiqliyini yüksək qiymətləndirir və bu məsələ ilə bağlı Ermənistanın bank sektorunun nümayəndələri ilə müntəzəm əlaqə saxlayır”, - Treysi vurğulayıb.
Ermənistanda yaxın gələcəkdə daxili dalğalanma, kifayət qədər ciddi ixtilaf və təlatüm olacağı qaçılmazdır. Vaşinqtonun Rusiyaya qarşı sanksiyalar siyahısı demək olar ki, hər həftə yenilənir. Kanada, Böyük Britaniya, Aİ ölkələri və Yaponiya artıq ABŞ-ın yanındadır. Ermənistan Rusiyanın müttəfiqidir. Ölkə müxtəlif platformalarda, o cümlədən BMT platformasında Moskvanı dəstəkləyir. Amma erməni cəmiyyəti mürəkkəbdir, orada müxtəlif xarici ölkələrin təsir rıçaqları qorunub saxlanılır. Bundan sonra Ermənistanın taleyi necə olacaq, bunu zaman göstərəcək.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB