Ermənistan hakimiyyəti verdiyi vədləri yerinə yetirmir - MÜSAHİBƏ

Ermənistan hakimiyyəti verdiyi vədləri yerinə yetirmir - MÜSAHİBƏ

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun SİA-ya verdiyi müsahibəni təqdim edirik.

- Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə üçtərəfli görüş keçirildi. Ümumiyyətlə bu kimi görüşlərdə Avropa İttifaqının aktivliyi nədən ibarətdir? Sizcə, burada hər hansı bir məqsəd varmı?

- Avropa İttifaqının fəallaşmasının anlaşılan səbəbləri var. Çünki Avropa İttifaqı Cənubi Qafqazla sıx əlaqələr qurmaq istəyir. Azərbaycan, Ermənistan və Gürcüstan Avropa İttifaqının müxtəlif proqramlarında iştirak edirlər. Ən əsası Şərq tərəfdaşlığı proqramıdır. Avropa İttifaqının bölgə ölkələrinə kreditləri var. Azərbaycan Avropaya qaz nəql edir. Həmçinin Ukrayna-Rusiya münaqişəsi fonunda Avropanın Azərbaycana enerji resurslarına marağı daha da artır. Bütün bu səbəblərdən Avropa istəyir ki, bölgədə əmin-amanlıq, əməkdaşlıq yaransın. Bu səbəbdən də artıq ikinci dəfədir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçirildi. Hər iki görüş də faydalı oldu. Avropa İttfaqının bəyanatlarına baxsaq görərik ki, bütün bəndlər Azərbaycanın, eləcə də Ermənistanın xeyrinədir. Bu baxımdan Avropa İttifaqının fəallaşması faydalıdır. Bildiyimiz kimi dünən Azərbaycan və Ermənistan XİN başçılarının birbaşa telefon danışığı baş tutdu. Hesab edirəm ki, bu danışıq müsbət bir addımdır.

- Brüssel görüşündə əldə edilən razılaşmaların qısa zamanda icrasının mümkünlüyü gündəmdədir. Erməni tərəfi bundan öncə də əldə edilən razılaşmalara riayət etməyib. Bu xəttin davam edəcəyi təqdirdə hansı addımlar atıla bilər?

- Ermənistan hakimiyyəti verdiyi vədləri yerinə yetirmir. Paşinyan hər dəfəsində sülh sazişinin bağlanmasını, Azərbaycanın təkliflərini qəbul etdiyini bildirir. Çünki Paşinyan iki qüvvədən – yəni radikal müxalifətdən və Rusiyadakı qüvvələrdən qorxur və çəkinir. Paşinyan Avropa İttifaqının istəklərini və bəyanatlarını yerinə yetirmir. Son zamanlar çox təəssüf ki, Qarabağdakı Rusiya hərbiçiləri seperatçılarla birlikdə eyni mövqedən çıxış edirlər. Ermənistanın nə dərəcədə Avropa İttifaqının istəklərinin yerinə yetirəcəyini yaxın günlərdə görəcəyik.

- Bildiyimiz kimi Brüssel görüşündən əvvəl Ermənistanda bir sıra aksiyalar keçirildi. Ümumiyyətlə onlar bununla nəyə nail olmaq istəyirlər?

- Ermənistanda cəmiyyət yekcins deyil. Cəmiyyətdə susqun aclıq baş verir. Bu cəmiyyət çox qorxaqdır. Onlar müəyyən problemlər yarada bilərlər. Amma Paşinyanı devirə bilməzlər. Çünki səs çoxluğu Paşinyanın tərəfindədir. Paşinyan başa düşməlidir ki, Azərbaycan ilə Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın xeyrinədir.

- Artıq Fransada prezident seçkilərinin ilk turu başa çatdı. Bu seçkilərin Cənubi Qafqazdakı proseslərə təsiri necədir?

- Fransa Avropa İttifaqının əsas iki dövlətindən biridir. Azərbaycan bu dövlətlə yaxşı münasibətlər qurmaqda maraqlıdır. Azərbaycan Fransa ilə əməkdaşlığı davam etdirmək istəyir. Çox təəssüflər olsun ki, Fransada prezident kim olursa-olsun ermənipərəst mövqedən çıxış edir. Əlbəttə ki, bunun əsas səbəbi Fransada olan erməni lobbisidir. İkinci turda Makron da iştirak edəcək. Düşünürəm ki, Makron ikinci turda da üstünlük təşkil edəcək.

- Fransanın Avropa Birliyinə sədrliyi fonunda seçkidən sonra Cənubi Qafqaz siyasətinin arxa plana keçəcəyi kimi yanaşmalar nə qədər məntiqlidir?

- ATƏT-in Minsk Qrupu artıq yoxdur. Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra bizim belə bir mənasız qrupa ehtiyacımız yoxdur. Həmin qrupun içində Fransa da var idi. Qarabağ bizim daxili məsələmizdir və bu məsələdə artıq onların rolu azalıb.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə