Avropa İttifaqı Şurasının prezidenti Brüssel görüşünü məhsuldar adlandırıb və sülhün əldə edilməsi üçün prosesin başlandığını bəyan edib
Məlum olduğu kimi, aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Görüşdən sonra özünün tvitter akkauntunda foto paylaşan Şarl Mişel üçtərəfli görüşün məhsuldar keçdiyini yazıb və qeyd edib ki, tərəflər sülh danışıqlarının başlanmasına hazır olduqlarını nümayiş etdiriblər.

Eyni zamanda, Aİ Şurasının rəhbəri qeyd edib ki, rəhbərlik etdiyi qurum gərginlikləri aşmaq və Cənubi Qafqazda təhlükəsiz, sabit, sülhyönümlü mühitin çiçəklənməsi naminə hər iki ölkə ilə sıx əməkdaşlığını inkişaf etdirmək niyyətindədir.
“Cənubi Qafqazda sabitlik və təhlükəsizlik mühiti Avropa İttifaqı üçün çox mühümdür
Şarl Mişel üçtərəfli görüşdən sonra jurnalistlər üçün brifinq keçirib və sualları cavablandırıb. “Biz indicə Prezident İlham Əliyevlə və baş nazir Nikol Paşinyanla möhtəşəm və çox məhsuldar görüş keçirdik. Cənubi Qafqazda sabitlik və təhlükəsizlik mühiti Avropa İttifaqı üçün çox mühümdür”, deyən Aİ Şurasının prezidenti əlavə edib ki, rəhbərlik etdiyi təşkilat etimadın əldə edilməsi üçün ölçülərin götürülməsi istiqamətində bütün pozitiv səyləri dəstəkləyir və bu gecə böyük tərəqqiyə nail olunub: “Bu isə o deməkdir ki, biz sülh danışıqları üçün konkret prosesin başlanmasına, mümkün sülh danışıqlarının hazırlanmasına və bu razılaşmaya lazım olan bütün vacib elementləri həll etmək üçün birlikdə qərar verdik.

“Aramızda güclü kommunikasiya və koordinasiya yaradılacaq”
Şarl Mişel həmçinin həssas məsələ olan birgə delimitasiya komissiyası ilə bağlı işçi qrupunun yaradılması istiqamətində razılığa gəlindiyini bildirib. “İnanıram ki, qarşıdakı həftələrdə tərəqqi əldə etmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya yaradılacaq”, deyə o bildirib.
Sülh sazişinin imzalanmasının nə qədər zaman aparacağı ilə bağlı sualı cavablandıran Aİ Şurasının prezidentinin sözlərinə görə, bunu proqnoz etmək çətindir.
“Proses bu gecə başlayıb”

Lakin o, dekabr ayında Brüsseldə keçirilən birinci görüş zamanı hər iki liderin narahatedici suallarla bağlı qarşılıqlı dinləmə marağında olduqlarını hiss edib və bu, birinci mühüm elementdir. “Bununla yanaşı, mənim hər iki liderlərlə telefon danışıqlarım olub. Biz hazırkı görüşə diqqətlə hazırlaşırdıq. Ona vaxt ayırırdıq. Sizə məlum olduğu kimi, nahar öncəsi mən hər iki liderlə ikitərəfli görüş keçirdim. Açığını desəm, biz çox gərgin işləyirik, irəliləmələr var”, deyən Aİ Şurasının prezidenti hesab etdiyini bildirib ki, birgə əməkdaşlıq prioritetləri konkret addımların atılmasına münbit şəraitlər yaradır.

Mövcud prosesin sülh razılaşmasına nə qədər yaxın olduğu ilə bağlı verilən sualı da cavablandıran Şarl Mişel bildirib: “İnanıram ki, bu gecə biz doğru istiqamətdə əhəmiyyətli addım atdıq. Əlbəttə, bu, o demək deyil ki, hər şey həll olunub. Lakin bu, o deməkdir ki, biz tərəqqi əldə etmişik, ona görə ki, mühüm elementlərin nədən ibarət olduğunu yaxşı anlayırıq”.
Jurnalistlərin “proses başlayıb?” sualına qısa cavab verən Avropa İttifaqının rəhbəri “Proses bu gecə başlayıb”, deyə vurğulayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB