Rusiya mətbuatı: “Qarabağda nasizm əlaltısının abidəsi sökülməlidir” AKTUAL
Təxminən bir aydan sonra bir çox postsovet ölkələri kimi Azərbaycanda da faşizm üzərində qələbənin növbəti ildönümü qeyd olunacaq. Lakin sirr deyil ki, bu gün Ermənistanla yanaşı, Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazidə - Xocavənd şəhərində Hitler nökəri Qaregin Njdenin abidəsi qalmaqdadır. Maraqlıdır ki, 44 günlük müharibədən sonra (!) ucaldılan bu abidə hətta Rusiyada fəaliyyət göstərən müxtəlif çoxsaylı təşkilatlar, eləcə də ayrı-ayrı tanınmış şəxslər tərəfindən edilən müraciətlərə, tələblərə rəğmən, hələ də qalmaqda davam edir.
SİA mövzunun aktuallığını nəzərə alaraq hələ ötən ilin mayında Rusiyanın bir sıra nüfuzlu siyasətçilərinin Njdenin abidəsinin sökülməsi ilə bağlı tələblərini növbəti dəfə xatırladır.
“Azərbaycan və Rusiya nasizm kollaboranisti Qaregin Njdenin Qarabağ ərazisində ucaldılmış abidəsinin demontaj edilməsi qərarını qəbul edib. Abidə 44 günlük müharibədən sonra Xocavənddə ucaldılıb. Şəhər Rusiya sülhməramlılarının məsul olunduqları ərazidə yerləşir. Qoy entuziazmsız olsun, ancaq rəsmi İrəvan da abidənin demontaj edilməsi üçün informasiya verib. Bu barədə hələ cari ilin 11 fevral tarixində Ermənistan parlamentinin keçirdiyi iclasında deputat Arman Babacanyan demişdi. Düzdür, fevralın 12-də Xocavəndin “meri” (dırnaqlar bizimdir-R.R.) Edik Avanesyan abidənin sökülməsi ilə bağlı verilən informasiyanı təkzib etmişdi”.
Bu haqda BİGASİYA.RU (Böyük Asiya) telekanalı məlumat verib və məsələ ilə bağlı Valday klubunun siyasi eksperti, tanınmış politoloq Fərhad Məmmədova müraciət edib.
Politoloq Fərhad Məmmədov: “Burada rusiyalı sülhməramlıların transparentliyi və prinsipiallıq nümayiş etdirməsi vacibdir”
Politoloq adıçəkilən telekanala müsahibəsində deyib ki, Azərbaycanda 9 may Qələbə Günü kimi qeyd edilir: “Azərbaycan postsovet ölkəsidir. 600 min azərbaycanlı, eləcə də mənim babam Böyük Vətən müharibəsində iştirak edib. Onlardan 300 min nəfəri həlak olub. Bizim üçün 9 may müqəddəs tarixdir. Rusiya kimi, Azərbaycan da tarixə yenidən baxılmasının əleyhinədir. Respublikanın Prezidenti İlham Əliyev faşizmin qəhrəmanlaşdırılması mövzusuna qarşı barışmaz mövqe nümayiş etdirir və buna xüsusi diqqət göstərir. Qaregin Njde hələ SSRİ qanunlarına görə mühakimə olunmuşdu. Rusiyanın XİN-i və Müdafiə Nazirliyi kimi Azərbaycan da eynilə Njdeni faşist əlaltısı kimi tanıyır. Ona görə də Njdenin abidəsi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağ ərazisindən sökülməlidir. Bununla yanaşı, bu ərazidə mənzillənmiş Rusiya sülhməramlılarının piyada hissələrinin Qələbə Günü münasibəti ilə nasistə ucaldılmış abidənin önündən rəsmi keçid etməsi mümkün deyil”.
Azərbaycanlı politoloq bildirib ki, burada rusiyalı sülhməramlıların transparentliyi və prinsipiallıq nümayiş etdirməsi vacibdir. “Vacibdir ki, nasistə görə gözlərini yummasınlar və abidəni söksünlər!”, deyə Valday klubunun üzvünün sözlərini qeyd edən telekanal digər politoloq, Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenkoya da mövzu ilə bağlı müraciət edib.
Politoloq və hərbi ekspert İqor Korotçenko: “Axı bu, özbaşınalıqdır!”
Azərbaycanlı həmkarı kimi Rusiya politoloqu da eyni prinsipial mövqeni bölüşüb və bildirib ki, Rusiya sülhməramlıları Qarabağda erməni əhalisinin təhlükəsizliyini təmin edir, “dqr” separatçıları isə “minnətdarlıqlarını” Qırmızı Ordunun arxa cəbhəsində Üçüncü Reyx üçün təxribatçılar hazırlamaqda köməklik edən Hitlerçi kollaborant Njdeyə abidə ucaltmaqla bildirirlər. “Axı bu özbaşınalıqdır!”, deyə Korotçenko deyib.
Məsələ ilə bağlı Rusiyanın ictimai-siyasi xadimləri - “Rusiya zabitləri” Ekspertlər şurasının üzvü Aleksandr Perenciyev, Siyasi araşdırmalar institunun direktoru Yevgeni Mixaylov və digər bir çox ictimai və siyasi xadimlər faşizmin və nasizmin yenidən baş qaldırmasına qarşı sərt münasibətlərini bəyan ediblər.
Telekanal öz informasiyasında qeyd edir: “İndi 9 may tarixinə qədər odioz abidənin sökülməsi vacib məsələyə çevrilib. Rusiyanın cavabdeh məmurları tərəfindən hələ ki, rəsmi reaksiyalar verilməyib”.
BİGASİYA.RU sonda faşizm ideologiyasının erməni təmsilçisi Qaregin Njdenin qanlı əməlləri və cinayətləri haqqında məlumatları xatırladıb və onun Qarabağdakı abidəsinin sökülməsinin prinsip məsələsi olduğunu xüsusilə vurğulayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB