Şuşa daha möhkəm, gözəl bir şəhərə çevriləcək - MÜNASİBƏT BİLDİRİLDİ

""Şuşa ili" ilə bağlı görülən tədbirlərin ən mühümü azad olunmuş Şuşada müəyyən infrasturukturun yaradılmasıdır, Şuşanın müasir dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, Şuşa bizim üçün mənəvi əhəmiyyətə malikdir: "Şuşanın tarixi ilə bağlı tədqiqatlar genişləndirilib, onun mədəniyyət, musiqi, ədəbiyyat, elm mərkəzi kimi inkişaf etdirilməsi olduqca vacibdir və bu istiqamətdə ilk addımlar atılıb. Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlər bu istiqamətdə davam etdirilir. Bu işlər hələ də öz axarında irəliləyir. Yəni Şuşada yaşayış imkanları genişləndikcə həmin tədbirlər də həyata keçirilir. Şuşanın mədəniyyət mərkəzinə çevrilməsi ilə bağlı cənab Prezidentin verdiyi fərmana əsasən TÜRKSOY da məsələ qaldırıb ki, Şuşa türk dünyasının mədəniyyət mərkəzlərindən biri elan olunsun. Eləcə də dünyanın beynəlxalq səviyyəli digər təşkilatları da bu məsələyə maraq göstərib.

Şuşa konkret tarixi olan qədim şəhərlərimizdəndir. Eyni zamanda Qarabağ xanlığının paytaxtı kimi necə inkişaf etdiyi məlumumuzdur. 18-ci əsrdə Azərbaycanın intibah mədəniyyətinin ən yüksək səviyyəyə qalxdığı bir şəhərdir. Bu dövrdə bizim bir sıra şəhərlərimiz meydana çıxmış, inkişaf etmişdir. Şuşa ilə yanaşı Şəki, Bakı, Gəncə, Quba və digər bir sıra şəhərlər intibah dövrüdə yaranmış şəhərlərdir. Bütövlükdə 17-18-ci əsrlərdə Azərbaycanda yeni bir şəhər mədəniyyəti yaranıb. Kənd, elat mühiti ilə sıx bağlı olan tamamilə milli şəhərlərdir.

Eləcə də xalqımızın mənəviyyat, ictimai-siyasi, mədəniyyət tarixinin tərkib hissəsi kimi Şuşa ona görə maraqlıdır ki, yanlız 18-ci əsrdə yox, 19-20-ci əsrin əvvəllərində də bizim üçün çox böyük amil olub. Şuşa Əhməd bəy Ağayev kimi siyasətçinin vətənidir. Şuşa həm musiqi, həm ədəbiyyat, həm rəssamlıq, həm də poeziya sahəsində vacib şəxsiyyətlərin vətənidir. Yəni Şuşanın zəngin bir mənəvi irsi var.
Şuşa eyni zamanda işğalçılara qarşı dayanıqlı olan mərkəzdir. Düşünürəm ki, "Şuşa ili" həm Şuşanın dirçəlməsinə, həm də onun tarixi nüfuzunun qaytarılmasına çox ciddi təkan verəcək. Həmçinin Şuşa daha möhkəm, gözəl bir şəhərə çevriləcəkdir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə