Forum Azərbaycan üçün çox uğurlu oldu - DEPUTAT ŞƏRH ETDİ

Forum Azərbaycan üçün çox uğurlu oldu - DEPUTAT ŞƏRH ETDİ

"İkinci dəfə keçirilən Antalya Diplomatik Forumu artıq dünya rəsmiləri tərəfindən çox ciddi qəbul olunan bir dialoq mərkəzinə çevrilib. Bu dəfəki foruma çoxlu sayda dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və mütəxəssisləri qatıldılar". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin məhz bu forum çərçivəsində görüşməsi, Ukrayna-Rusiya münaqişəsinin siyasi həlli ilə bağlı fikir mübadiləsi aparması, daha sonra isə mətbuata açıqlama vermələri çox fərqli məqamlardan xəbər verir: "Bu, türk dövlətinin gücünü, sülhə olan sədaqəti və sülh üçün çalışdığını ortaya qoyan bir əsas kimi qiymətləndirilməlidir. Bununla yanaşı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həm forum öncəsi, həm də forumun gedişində çoxlu görüşlər keçirdi. Burada faktiki olaraq çox maraqlı məqamlara toxunuldu. Antalya Diplomatik Forumu siyasi dairələrdə çox ciddi qəbul olunan, öz yerini tutmuş bir dialoq mərkəzinə çevrilib.

Düşünürük ki, gələcəkdə də bu forum öz fəaliyyətini davam etdirəcək və ortaya çox faydalı işlər qoyacaq. Bildiyimiz kimi Azərbaycan da bu forumda böyük nümayəndə heyəti ilə təmsil olunurdu. Azərbaycan heyətinin bu forumda verdiyi açıqlamalar, keçirdiyi görüşlər onu deməyə imkan verir ki, bu forum Azərbaycan üçün çox uğurlu oldu. Bundan əlavə forum öncəsi cənab Prezident İlham Əliyevin Ankaraya səfər etməsi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqliyə çevrilməsinin bariz nümunəsidir. Görüş zamanı Azərbaycan qazının Türkiyə üzərindən nəqli məsələsi, Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə edildi. Ümumilikdə bu forum çox məhsuldar və maraqlı keçib".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə