Əsas anlaşma Azərbaycanın razılığı ilə baş verir - ŞƏRH EDİLDİ

“Azərbaycanla Türkiyə arasında münasibətlər Azərbaycanın müstəqillik qazandığı dövrdən bu günə kimi ən yüksək səviyyədə olub. Təbii ki, bəzi zamanlar arada yaşanan xoş olmayan hadisələr az da olsa soyuqlaşma yaradıb. Amma ümumiyyətlə götürdükdə Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edib və bu gün də belədir”. Bu sözləri SİA-ya açıqlamasında "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsindən sonra artıq tərəflər arasında yanlız sözdə deyil, həm də rəsmi şəkildə müttəfiqlik daha da gücləndirilib: “Cənab Prezident İlham Əliyev dəfələrlə bildirib ki, “Azərbaycan ordusu Türk ordusunun kiçik modeli formasını alır”.

Eyni zamanda Azərbaycanla Türkiyə həm siyasi, həm iqtisadi tərəfdaşdırlar. Bu gün Türkiyə-Ermənistan arasında gedən danışıqlarda da əsas anlaşma Azərbaycanın razılığı ilə baş verir. Bu da böyük əhəmiyyətə malikdir”.

Samir Hümbətov sözlərinə belə davam edib: “Azərbaycan Türkiyə ilə iqtisadi sahədə ciddi əməkdaşlıq edir. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə də türk hərbiçiləri minalardan təmizləmə işləri aparır, türk şirkətləri yenidənqurma və bərpa işlərini həyata keçirir. Hətta bütün kommunikasiyaların qurulmasında bilavasitə Türkiyə iştirak edir.

Azərbaycanın bu gün dünya arenasında ən çox güvənəcəyi dövlət məhz Türkiyədir. Eləcə də Türkiyənin inanacağı dövlət Azərbaycandır. İstənilən kənar qüvvələrin Türkiyə Azərbaycan münasibətinə təsir etmək imkanı yoxdur.

Bu münasibətlər getdikcə daha da dərinləşəcək. Çünki xalqlar arasında yaxınlıq və doğmalıq var. Bu da hakimiyyət strukturlarında tərəflərin yaxşı münasibət səviyyəsini qorumağa gətirib çıxarır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə