Azərbaycan-Türkiyə əməkdaşlığının daha da gücləndirilməsinə ehtiyac var - ŞƏRH EDİLDİ
"Azərbaycan Prezidentinin Türkiyəyə səfəri hər zaman maraq doğuran siyasi hadisəyə çevrilib. Dövlət başçısı İlham Əliyevin yenidən Türkiyəyə səfərinin maraqlı beynəlxalq hadisələrlə eyni vaxta təsadüf etdiyini nəzərə alsaq, bu səfərə də sıradan bir hal kimi baxmamalıyıq". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Türkiyə səfəri həm Ermənistanın təmas xəttində və Azərbaycanla dövlət sərhədlərində təxribatların intensivləşdiyi, həm də Ukraynada hadisələrin gərginləşdiyi dövrə təsadüf edir: "Həm Azərbaycanın, həm də Türkiyənin keçmiş Qarabağ münaqişəsindən qalan problemlərin həlli sahəsində, eyni zamanda bugünki gündə davam edən Rusiya-Ukrayna münaqişəsi mövzusunda ayrıca prinsipial mövqeyi var. Bu müharibədə digər ölkələrdən fərqli olaraq yalnız Azərbaycan və Türkiyə beynəlxalq hüquq normalarına əsasən bitərəf mövqe tutublar. Əgər Ukraynadakı hadisələrin daha da gərginləşməsinin qarşısını almaq mümkün olacaqsa, bu yalnız Azərbaycan və Türkiyə kimi dövlətlərin irəli sürdüyü siyasi yolla ola bilər. Hər iki ölkənin indiyədək bu cür gərginliklərin qarşısının alınmasında çox məhsuldar fəaliyyətləri olub".
Aydın Quliyev sözlərinə belə davam edib: "Düşünürəm ki, Prezidentin Türkiyəyə səfərinin mühüm nəticələrindən biri Ukrayna məsələsində bu iki dövlətin vasitəçilik səylərinin işlək bir mexanizm halına gətirilməsi olacaq. Eyni zamanda, Ermənistanın son günlərdə təxribatlarının artması mövzusu da bu səfərin əsas istiqamətlərindən birini təşkil edəcək. Ermənistanın niyyətindən asılı olmayaraq Azərbaycanla sərhədlərdə və təmas xəttində təxribatların qarşısının alınması üçün Azərbaycan-Türkiyə əməkdaşlığının daha da gücləndirilməsinə ehtiyac var. Ona görə də Azərbaycan Prezidentinin Türkiyəyə səfərini məhz bu səbəbdən tarixi əhəmiyyətli hesab etmək olar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB