YAP bu vəzifəsinin öhdəsindən layiqincə gələ bildi - DEPUTAT ŞƏRH ETDİ

"Ölkəmizdə əsas aparıcı siyasi qüvvə rolunu oynayan, Yeni Azərbaycan Partiyasının ideyaları və siyasəti daim xalq tərəfindən dəstəklənir. Hakimiyyətdə olduğu müddətdə partiyamız uğurlu və şərəfli yol keçib". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi və inkişafı şərtləndirən əsas amildir: "1993-cü ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yolu ilə gedir və inkişaf üçün əsas şərt - sabitlik tam bərqərar olub. Tam əminliklə deyə bilərik ki, son illər apardığımız siyasət özünü tam doğruldub, Azərbaycanda sabitlik mövcuddur. Partiyamızın sədri cənab İlham Əliyevin həyata keçirdiyi islahatların kökündə dayanan niyyətlərdən biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasıdır. YAP-ın ən böyük uğurlarından biri beynəlxalq aləmdə ölkəmizin mövqeyinin güclənməsini təmin etmək olub. Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən çox böyük rəğbətə layiq olan ölkə kimi tanınırsa, bu partiyanın nailiyyətidir.

Həmçinin partiyanın hakimiyyəti dövründə hərbi sahədə çoxsaylı islahatlar aparılıb ki, bu da öz bəhrəsini verdi. Bu islahatların yekun nəticəsidir ki, 44 günə şanlı qələbə qazanıldı. Beləliklə, YAP-ın apardığı siyasət özünü tam doğrultdu. Vətən müharibəsi əyani şəkildə düşmənə və bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu nəyə qadirdir. Döyüş meydanında bizim şanlı tarixi qələbəmiz əlbəttə ki, dünya birlikləri arasında nüfuzumuzun artmasına gətirib çıxaracaq.

Ölkəmizin gələcək inkişafı ilə bağlı bütün sahələrdə, ictimai xidmət sahələrində, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində, haqq-ədalətin bərqərar olması sahəsində, bütün istiqamətlər üzrə aydın proqramlar həyata keçirilir. Azərbaycan növbəti illərdə öz uğurlu, dinamik inkişaf tempini nəinki saxlayacaq, onu daha da möhkəmləndirəcək".

Deputat sözlərinə belə davam edib: "Hazırda YAP-ın hakimiyyəti Azərbaycanın inkişafına, tərəqqisinə, sabitliyinə, əmin-amanlığına təminat verən əsas faktordur. YAP yarananda qarşısına qoyduğu məqsədlər ümumiləşmiş şəkildə irəliyə sürdüyü belə idi - "Yeni, müstəqil Azərbaycan uğrunda!". Yəqin ki, YAP yaranarkən o zaman üçün partiyanın qarşısında duran vəzifələri bundan daha dəqiq ifadə edən şüarı ola bilməzdi. Çünki o zaman Azərbaycanın dövlət müstəqilliyi böyük təhlükə qarşısında idi. Bu təhlükəni aradan qaldırmağa xalqın böyük ehtiyacı vardı. Qarşıda Azərbaycanın dövlətçilik ənənələrinin bərpası və yeni müstəqil Azərbaycan dövlətinin yaranması kimi tarixi missiya dururdu. Buna görə də YAP yaranarkən öz qarşısına bu vəzifəni qoymuşdu. Qürur hissi ilə qeyd edə bilərik ki, YAP bu vəzifəsinin öhdəsindən layiqincə gələ bildi.

Bir sözlə ulu öndərin dediyi kimi YAP partiyası zərurətdən yaranmışdı və bütün tarixi missiyalarını ləyaqətlə yerinə yetirdi və bundan sonra da inkişaf, tərəqqi yolunu seçəcəkdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə