Üçüncü Dünya Müharibəsi başlayır? - DİQQƏT! - SİYASİ EKSPERT AÇIQLADI

Üçüncü Dünya Müharibəsi başlayır? - DİQQƏT! - SİYASİ EKSPERT AÇIQLADI

"Ukrayna-Rusiya müharibəsi gözlənildiyindən daha geniş miqyas aldı. Zaman baxımından da Rusiya tərəfindən belə fikirlər səslənirdi ki, Rusiya ordusu bir neçə günə gedib Kiyevə çatacaq. Lakin gözlənildiyindən fərqli olaraq Rusiya ordusu ciddi müqavimətlə üzləşib". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Zelenski bu qarşıdurmanı artıq vətən müharibəsi adlandırıb: "Dünya müharibəsinə gəldikdə isə Rusiyanın Qərb ilə qarşıdurmasını diplomatik və iqtisadi zəmində artıq dünya müharibəsi adlandırmaq mümkündür. Təbii ki, ağır sanksiyalar qarşılığında Rusiya Ukrayna və Qərbi nüvə silahı ilə hədələyir. Qərb isə qəti şəkildə Rusiya ilə hərbi qarşıdurmadan çəkinməyə çalışır. Çünki bunun ağır nəticələrini hesablayır. Qərb artıq müharibələrdən yorulmuş bir cəmiyyətdir. Ona görə də hər hansı qarşıdurmanın əleyhinədir. Məhz bu səbəbdən Rusiyaya bəhanə verməmək üçün NATO-nun baş katibi, ABŞ və Avropa rəsmiləri dəfələrlə rəsmi bəyanatlarında Ukraynaya ordu göndərməyəcəklərini, yalnız humanitar, maliyyə və silah dəstəyi verəcəklərini açıqlayıblar.

Bu gün ABŞ da Rusiya ilə hərbi qarşıdurmadan çəkinir. Qərb maksimum şəkildə çalışır ki, Rusiyanı iqtisadi yolla daxildən zəiflətsin. Lakin bir məsələ var ki, biz hazırda Ukraynada davam edən müharibənin nə ilə nəticələnəcəyini dəqiq bilmirik. Əgər, Rusiya Ukraynada istədiyinə nail ola bilməsə, ağır sanksiyalar öz effektini verməyə başlasa, bunun qarşılığında Rusiya hərbi baxımdan ağlasığmaz addım ata bilər. Bundan da bu gün narahat olan ən çox Avropa ölkələridir. Çünki ilk zərbəni məhz onlar hiss edəcəklər. Beləliklə, Qərb ilə Rusiya arasında siyasi-iqtisadi zəmində başlanan dünya müharibəsi istənilən bir anda maraqlı qüvvələr tərəfindən hərb meydanına da daşına bilər".

Arxu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə