"Azərbaycan BMT üçün çox şey edib" - ŞƏRH EDİLDİ

"Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvü olduğu 30 il müddətində beynəlxalq sülh və təhlükəsizlik kontekstində bu təşkilata verdikləri nöqteyi-nəzərindən olduqca məzmunlu bir yol keçib. Azərbaycan müstəqilliyini faktiki olaraq elan etdikdən sonra BMT müstəqilliyin dərhal tanınması və bu fakta siyasi qiymət verilməsi istiqamətində operativ addım atıb. Bu da BMT-nin Azərbaycanın imkanlarına, dövlətçilik tarixinə yaxşı bələd olmasından irəli gəlir. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bu illər ərzində BMT-yə dünya qlobal sülh və təhlükəsizlik kontekstində mümkün qədər böyük töhfələr verməyə çalışıb: "Lakin BMT-dən gözlənilən nəticəni ala bilməyib. Azərbaycan təcavüzə məruz qaldığı dövrdə BMT-nin üzvü olub. Haqlı olaraq da bu təcavüzün aradan qaldırılmasında BMT-nin norma və prinsiplərinin sona qədər icra olunacağına əmin idi. Təşkilat isə Azərbaycanın uğradığı təcavüzün qarşısının alınmasına lazımi qədər dəstək verə bilmədi".

Siyasi şərhçi sözlərinə belə davam edib: "Təhlükəsizlik Şurasının bir neçə dəfə qərar qəbul etməsinə baxmayaraq bu qərarların icrası yönündə prinsipsizlik nümayiş etdirdi. Buna görə də Azərbaycan sonunda BMT-nin etməli olduğunu öz gücü hesabına torpaqlarını azad etdi. Digər tərəfdən Azərbaycan BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, strukturların gücləndirilməsi baxımından təkliflər irəli sürüb və heç vaxt əlindən gələni əsirgəməyib. Xüsusilə də, Təhlükəsizlik Şurasının qətnamələrinin etibarlı icra mexanizminin yaradılması barədə ilk dəfə olaraq ən qiymətli təşəbbüsü məhz Azərbaycan irəli sürüb. Azərbaycan bu 30 ildə BMT-ni zənginləşdirmək, prinsiplərini daha da təkmilləşdirmək üçün lazım olan addımları atıb. BMT-nin dünyadakı qlobal kampaniyalarının həyata keçirilməsində Azərbaycan dövlətinin böyük rolu var. Bir sözlə, Azərbaycan BMT üçün çox şey edib. Amma hələki BMT-dən haqqı olanı tam şəkildə ala bilməyib".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə