"Bu gün Ukrayna ilə Rusiya arasında baş vermiş müharibəyə dünya dövlətlərinin və beynəlxalq təşkilatların münasibətlərini izlədikdə bir daha əmin olursan ki, ikili standartlar hələ də hökm sürməkdədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxladı: "BMT Təhlükəsizlik Şurası Ermənistanın işğala son qoymasını və silahlı qüvvələri Azərbaycan ərazisindən təcili və qeyri-şərtsiz çıxarması barədə dörd qətnamə qəbul etdi. Lakin Ermənistan heç kimə məhəl qoymadı. Nə BMT Təhlükəsizlik Şurası, nə beynəlxalq təşkilatlar, nə də dünya dövlətləri Ermənistana təzyiq göstərmədi, sanksiyalar tətbiq etmədi. Bu münaqişənin həll olunmasına cavabdeh olan ATƏT-in Minsk qrupu heç bir səmərəli fəaliyyət göstərmədi. Minsk qrupunun həmsədrləri bölgəyə mənasız səfərlər edirdilər. Tərəflərə münaqişənin sülh yolu ilə həll olunması barədə yeganə həll yolunun sülh yolu olunması ilə bağlı təkliflər irəli sürürdülər. Azərbaycan düz 30 il səbrlə gözlədi, münaqişənin sülh yolu ilə həll olunmasına sadiqliyini nümayiş etdirdi. Lakin Ermənistan bundan sui istifadə edirdi. 44 günlük müharibədə də heç bir beynəlxalq təşkilat təcavüzkar Ermənistana heç bir sanksiya tətbiq etmədi".
Deputat sözlərinə belə davam edib: "Rusiya-Ukrayna müharibəsinə beynəlxalq təşkilatlar və dünya dövlətləri fərqli mövqe nümayiş etdirdilər. Beynəlxalq təşkilatlar və bir çox dünya dövlətləri dərhal Rusiyaya qarşı irimiqyaslı sanksiyalar tətbiq etməyə başladılar. Rusiya-Ukrayna münaqişəsində problemin sülh və danışıqlar yolu ilə həll olunmasında dünya o qədər də səbr və təmkin nümayiş etdirmədi.
Azərbaycan hər zaman müharibənin yox, sülhün tərəfdarı olmuşdur. Rusiya-Ukrayna müharibəsində də Azərbaycanın mövqeyi ondan ibarətdir ki, münaqişə sülh yolu ilə və danışıqlar masasında həll olunmalıdır. Azərbaycan hər zaman çətin vəziyyətə düşmüş ölkələrə öz humanitar yardımını əsirgəməmişdir. Bu dəfə də müharibədə yaralanmış Ukrayna vətəndaşlarının müalicəsi üçün bu ölkəyə külli miqdarda humanitar yardım göndərdi. Bu dövlətimizin hər zaman dinindən, dilindən aslı olmayaraq bəşəriyyətə və insanlara verdiyi böyük dəyərdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB