"Bu, Prezidentin informasiya vasitələrinə verdiyi böyük dəyərdən irəli gəlir" - DEPUTAT AÇIQLADI

"Cənab Prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı Kütləvi İnformasiya Vasitələrinin baş redaktoru ilə görüşü xüsusi əhəmiyyət daşıyır. Bu cənab Prezidentin informasiya vasitələrinə verdiyi böyük dəyərdən irəli gəlir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, İlham Əliyevin onlarla açıq şəkildə Azərbaycan-Rusiya münasibətləri barəsində fikir mübadiləsi etməsi radikal Rusiya mətbuat orqanlarını da təəccübləndirib: "Cənab Prezident həm ikitərəfli münasibətlər, həm də baş redaktoru maraqlandıran xüsusi məsələlər barədə kifayət qədər açıq danışıb. Onun Rusiya ilə münasibətlərə xüsusi diqqət etməsi hər iki tərəfin milli maraqlarına cavab verir".

Deputat sözlərinə belə davam edib: "Rusiya öz sərhədlərində onunla dost münasibətləri bəsləyən, ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verən ölkələrin olmasına üstünlük verir. Azərbaycan da bu ölkələr siyahısına daxildir. Rusiya ilə münasibətlərin yaxşı olması, Azərbaycanın şimal qonşusu ilə ümumi maraqlar uğrunda birgə mübarizə aparması,bir-birinin dövlət müstəqilliyinə hörmətlə yanaşması vacib məsələlərdən biridir.

30 illik müstəqillik dövründə bu iki qonşu dövlət arasında 200-dən çox sənəd imzalanıb. Azərbaycan və Rusiya arasında 40 bənddən ibarət müttəfiqlik barədə bəyannamənin imzalanması əməkdaşlığın daha da dərinləşəcəyini, tərəflərin bu münasibətlərin bütün aspektlərini nəzərdən keçirəcəyini göstərir. Bununla da Azərbaycan bir daha bütün ölkələrlə ikitərəfli münasibətlərin qurulmasında maraqlı olduğunu sübut etmiş oldu".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə