Xocalı - silinməyən qan yaddaşımız

Xocalı - silinməyən qan yaddaşımız

26 fevral 1992-ci il. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hisslərin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi.

Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb. Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları

layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır.Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir. Tarix heç nəyi unutmur. Xocalı soyqırımdan bizi tarixin 30 illik zaman kəsiyi ayırır. Lakin faciədən illər, əsrlər, qərinələr keçsə də bu faciə qurbanları xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki bu bir millətə, bir qövmə qarşı yönəldilmiş genosiddir. Xocalı qədim bir millətin yox edilməsinə yönəldilmiş soyqırım siyasətinin bariz nümunəsidir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhərliyi altında qəhrəman əsgərlərimiz yağı düşməndən Xocalıda qətlə yetirilən vətən övladlarımızın qisasını almışdır. Bu gün Xocalı şəhidlərinin ruhu şaddır, çünki onların qisası alınıb, vətən torpaqları düşmən işğalından azad edilib. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq.

Seymur Yusibov

Pirallahı rayonu, 231 nömrəli tam orta məktəbin direktor əvəzi

Bütün xəbərlər Facebook səhifəmizdə