Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı imzaladığı Sərəncamda deyilir ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.
Sərəncamda, həmçinin bildirilir ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı. Diqqətə çatdırılır ki, Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi: "Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət "Xocalıya ədalət!" beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq".
AZƏRBAYCAN XALQI HEÇ BİR VAXT XOCALI FACİƏSİNİ UNUTMAYACAQ
Bəli, Xocalı soyqırımından 30 il keçməsinə baxmayaraq Azərbaycan xalqı heç bir vaxt bu faciəni unutmayacaq və unutmayın da! Çünki bəşər tarixində görünməmiş dəhşətləri ilə yadda qalan Xatın, Sonqmi, Ruanda kimi soyqırımların təkrarı olan Xocalı faciəsindən 30 il keçsə də, erməni-rus hərbi birləşmələrinin törətdikləri qırğının yaraları sağalmır. Bir gecədə ermənilərin və rus ordusunun 366-cı motoatıcı diviziyasının başıpozuq əsgərlərinin iştirakı ilə dağıdılan, yandırılan, silahsız, günahsız əhalisi qətlə yetirilən Xocalıda əsl soyqırımı törədildi. Həmin gecə bütöv bir şəhər yerlə yeksan edildi. 613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürüldü. 487 sakin əlil oldu, 1257 Xocalı sakini ermənilər tərəfindən əsir alındı, tarixdə misli görünməmiş təhqirlərə, əzab-əziyyətlərə məruz qaldı. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları və digər bədən əzaları kəsilmişdir. Bütün bunlar ötən əsrin 80-90-cı illərində SSRİ-yə rəhbərlik edən ermənipərəst Mixail Qorbaçovun sovetlər birliyində yenidənqurma və aşkarlıq adı altında həyata keçirdiyi siyasət daşnakların növbəti deportasiya və soyqırımlarını gerçəkləşdirməsi üçün bəhanə oldu.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımını XX əsrin ən böyük cinayəti adlandıran Prezident İlham Əliyev bildirmişdir ki, azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. Prezident İlham Əliyev həmçinin onu da demişdir ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Yeri gəlmişkən, qeyd edək ki, bunun bariz nümunələri özünü 2016-cı ilin Aprel döyüşlərində və ötən ilin Vətən müharibəsində göstərdi.
XOCALI SOYQIRIMINA ƏSL SİYASİ-HÜQUQİ QİYMƏTİN ULU ÖNDƏR HEYDƏR ƏLİYEV TƏRƏFİNDƏN VERİLMƏSİ
Təəssüflər olsun ki, faciənin səbəbkarlarının siyahısı təkcə ermənilərlə məhdudlaşmır. Günahkarlar siyahısında sapı özümüzdən olan baltaların adları da yer alır ki, bunu xalq heç vaxt onlara bağışlamayacaq. Xocalı faciəsi üzərində hakimiyyətə yiyələnən AXC-Müsavat iqtidarı dövründə soyqırımı barədə danışılsa da, son nəticədə faciənin günahkarlarının adlarının üstündən sükutla keçdilər. Soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmədi. Çünki hakimiyyətdə olan “bəylərin” də bu soyqırımında rolu ermənilərin, 366-cı motoatıcı alayın və ya Ayaz Mütəllibovun rolundan heç də az deyildi. 2002-ci ildə faciənin onuncu ildönümü ilə əlaqədar ulu öndər Heydər Əliyev xalqa müraciətində deyirdi: “Bütün bu qanlı hadisələrin qarşısının alınmamasında, o cümlədən Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın o, zamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalif qüvvələri də məsuliyyət daşıyırlar”.
Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. 25 fevral 2002-ci ildə Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində Ümummilli Lider Heydər Əliyev bu amansız soyqırımını belə səciyyələndirmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Artıq bu gün Prezident İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır. Elə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, bütün dünya birliyi tərəfindən dəstəklənən "Xocalıya ədalət" kampaniyasını genişləndirməkdə də məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri beynəlxalq aləmdə yaymaqdır.
Belə ki, Leyla xanım Əliyeva tərəfindən hələ 2008-ci il may ayının 8-də irəli sürülən "Xocalıya ədalət" beynəlxalq kampaniyası genosid haqqında həqiqətlərin dünyada yayılmasında aparıcı rol oynayır. İƏT ölkələri ilə yanaşı, Avropa məkanında, ABŞ-da, MDB məkanında və digər ölkələrdə bu deviz altında keçirilən tədbirlər məkandan, zamandan asılı olmayaraq hər bir kəsin Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında həqiqətlərdən xəbərdar olmasına şərait yaradır.
Qeyd edək ki, ölkəmizin Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması ilə bağlı gördüyü işlər öz nəticələrini verməkdədir. Belə ki, artıq beynəlxalq ictimaiyyət Azərbaycan xalqının başına gətirilən bü faciəyə münasibətini ortaya qoyur, Xocalı soyqırımını rəsmən tanıyır. Bu və digər faktlar isə beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisidir. Müxtəlif dövlət və ştatların Xocalı soyqırımını tarixi gerçəklik kimi tanıması Azərbaycanın dövlət və ictimai qurumlar səviyyəsində illərlə bu istiqamətdə apardığı davamlı fəaliyyətin nəticəsidir. Bu, o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı və digər vəhşiliklərlə bağlı daha yaxşı məlumatlanıb. Beynəlxalq ictimaiyyətin həqiqəti bilməsi isə tarixi təhrif edən yalan məlumatların sürətlə yayılmasının və möhkəmlənməsinin qarşısını alır. Artıq erməni yalanları dünya miqyasında ifşa olunmaqda, beynəlxalq aləm Azərbaycan həqiqətlərini görüb etiraf etməkdədir. Son illərdə bir sıra sülhsever dünya dövlətlərinin parlamentləri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımı insanlığa qarşı cinayət kimi qiymətləndirilmiş və tanınmışdır. “Xocalıya ədalət” kampaniyasının fəaliyyəti deməyə əsas verir ki, bu sahədəki fəaliyyətimiz öz haqlı sonluğuna qədər davam edəcəkdir.
Prezident İlham Əliyev müraciətlərindən birində demişdir: “Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır”. Dövlət başçısının təşəbbüsü ilə Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Ali Baş Komandınımızın rəhbərliyi ilə İqtidar-Xalq həmrəyliyi nəticəsində 30 il düşmən əsarətində olan torpaqlarımız 44 gün davam edən müharibədə Qalib oldu. Ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət qalib gəldi, bir daha göstərdi ki, bütün şəhidlərimizin, Xocalı soyqırımı şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Bəli, bu gün Prezident İlham Əliyevin bu qətiyyəti, diplomatik bacarığı ilə tezliklə Xocalı qətliamına dünya səviyyəsində hüquqi qiymət alacaq. Gec və ya tez hər bir qatil və quldur erməni Azərbaycan xalqına qarşı törətdiyi bütün cinayətlərə görə, o cümlədən Xocalı soyqırımına görə öz layiqli cəzasını alacaq. Dövlət başçımızın dediyi kimi: «Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar».
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB