Rusiyanı narazı salan qərbin Rusiyanın istəklərinə adekvat cavab verməməsidir - SİYASİ EKSPERT AÇIQLADI
"Rusiya-Ukrayna arasında vəziyyət gərgin olaraq qalır. Rusiya Ukraynanı hansısa hərbi əməliyyatlara hazırlaşmaqda ittiham edir, Ukrayna isə özünü soyuqqanlı aparmağa çalışır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, dünən Rusiya duması Ukraynaya təzyiqi artırmaq üçün Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikalarının tanınması istiqamətində qətnamə qəbul edərək təsdiq olunması üçün Rusiya Prezidenti Vladimir Putinə göndərdi: "Buradan belə görsənir ki, Rusiya Ukraynaya qarşı tək hərbi deyil, eyni zamanda diplomatik təzyiqdən də geniş istifadə etməyə çalışır. Lakin qərb, konkret olaraq ABŞ, Almaniya və Fransa ciddi diplomatik səy göstərərək bu hərbi qarşıdurmanın qarşısını almağa çalışır. Hesab edirəm ki, Rusiyanın qərblə və NATO ilə bu qədər intensiv dialoq və danışıqlar fonunda Rusiyanın hərbi əməliyyatlara başlama ehtimalı azdır. Lakin burada Rusiyanı narazı salan qərbin Rusiyanın istəklərinə adekvat cavab verməməsidir. Rusiya hərbi əməliyyatlara başlamayacağı təqdirdə Rusiyadan ən azından NATO-nun şərqə doğru genişlənməyəcəyi və təhlükəsizliyinə qarantiya almaq istəyir. Qərb isə bu istiqamətdə konkret bir söz demir, əvəzində isə dialoq və sanksiya hədələri vasitəsi ilə mövcud hərbi qarşıdurmanı dayandırmağa çalışır. Belə görsənir ki, Rusiya minimal nəticə əldə etməyənə qədər belə gərgin vəziyyət hələ bir müddət davam edəcək".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB