Yaxud, bu Azərbaycan xalqı üçün gözlənilməz sürpriz olardı!
Məlum olduğu kimi, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov rəsmi şəkildə bəyan edib ki, özünü qondarma respublikasının rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim olunması təmin ediləcək. Onun sözlərinə görə, istintaq hərəkətləri davam edir və qısa müddət ərzində (!) əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək.
Bəlkə də bu bəyanat bir çoxlarına səthi təsir bağışlaya bilər, hətta bəziləri bəyanatın məhz bəyanat xətrinə deyildiyini iddia edə bilərlər. Lakin reallığa qalanda necə deyərlər, bu xna o xnadan deyil...
Azərbaycan dövlətinin özü-öz gücü və malik olduğu hüquqi addımları sayəsində hərəkətə keçmək qərarını verib
Çünki hazırkı dövrə qədər yalnız Araik Arutyunyan deyil, eləcə də Qarabağ klanından çıxmış, Qarabağda separatçılığın, terrorun əsasını qoymuş, insanlarımızı terrorizə etmiş, eləcə də Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı kütləvi etnik təmizləmələr, qətllər törətmiş Serj Sarqsyan, Robert Koçaryan başda olmaqla onlarla cinayətkar şəxslər barəsində beynəlxalq məhkəmələrə müraciətlər edilib, İnterpol axtarışına verilib. Halbuki, bu şəxslər istədikləri vaxt istədikləri ölkələrə rahat səfərlər edir, özü də onlar barəsində verilən axtarışlara rəğmən! Məhz bunun nəticəsidir ki, artıq Azərbaycan dövlətinin özü-öz gücü və malik olduğu hüquqi addımları sayəsində hərəkətə keçmək qərarını verib.
Yeri gəlmişkən, rəsmi bəyanatda o da xatırladılıb ki, Araik Arutyunyan separatçı-terrorçu rejimin quldurbaşısı olaraq 44 günlük müharibə zamanı Azərbaycanın dinc Gəncə şəhərinə raket zərbələrinin endirilməsi əmrini şəxsən verib və nəticədə mülki insanlarımız – yaşlılar, qadın və uşaqlar öldürülüb, bütöv ailələr məhv olub.
Araik Arutyunyanın məhz Azərbaycanın ərazilərində əlini-qolunu sallayaraq rahat gəzməsinə son qoyulmalıdır ki...
“Buna görə də Arutyunyan axtarışa verilib və ona qarşı Azərbaycanın Cinayət kodeksinin “Vətənə xəyanət” maddəsi ilə cinayət işi açılıb”, deyə bəyanatda vurğulanır.
Əslində, Araikin saxlanılaraq məsuliyyətə cəlb olunması həm də xalqımız üçün böyük sürpriz olardı, hətta el dili ilə desək, ürəklərdən tikan çıxarardı, yaxud qəlblərə az da olsa su səpərdi. Ona görə də bu dəfə daha inamlı və qətiyyətli bəyanatın verilməsi adıçəçilən qatilin həbsinin gerçəyə çevrilməsi mümkünlüyünü artırır. Eyni zamanda, Araik Arutyunyanın məhz Azərbaycanın ərazilərində əlini-qolunu sallayaraq rahat gəzməsinə son qoyulmalıdır ki, bu addım digər separatçı-quldur yığnaqlarına da dərs olsun və onlar öz şələ-şülələrini yığışdıraraq Ermənistana rədd olsunlar. Halbuki, orada da onların məsuliyyətdən yaxa qurtarmaq şansları yoxdur. Əvvəl-axır cinayətkarlar öz cəzalarını almağa məhkumdurlar.
Qaldı ki, prosesin necə aparılacağına, burada da nəticənin necə əldə ediləcəyini ehtimal etmək çətin deyil. Bir daha məqalənin əvvəlinə müraciət edək: Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi xatırladıb ki, istintaq hərəkətləri davam edir və qısa müddət ərzində (!) əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək.
Bu proses başlamaq mərhələsində deyil, artıq başlayıb!
Diqqət yetirsək qənaətə gələ bilərik ki, bu proses başlamaq mərhələsində deyil, artıq başlayıb. Üstəlik, müvafiq güc strukturlarımızın peşəkar fəaliyyətləri də göz önündədir və xüsusilə, əməliyyat və kəşfiyyat qurumları həmin işi öz icraatlarına götürüblər. Nəzərə alsaq ki, 44 günlük müharibə zamanı Azərbaycanın kəşfiyyat qurumları hansı şücaətlərə imza atıblar, döyüş meydanında və düşmənin arxa cəbhəsində necə zərgər dəqiqlikləri ilə əməliyyatlar həyata keçiriblər, bu zaman bizlər həqiqətən də, qısa zaman kəsiyində Araikin və eyni zamanda, digər separatçı quldurların qolu qandallı Bakıya gətiriləcəklərinə maksimum inana bilərik.
Beləliklə, vaxt getdi və bizdən gözləmək qalır. Gözləmək qalır ki, Azərbaycan məhkəməsində qolu qandallı şəkildə işinə baxılmasını gözləyən Araik Arutyunyana “Araik, hazırlaş, sənin növbəndir!” deyiləcək və o da hakim qarşısına çıxarılaraq layiq olduğu cəzasını alacaq, biz bu sürprizə inanırıq!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB