Ən doğru çıxış yolu Ramiz Mehdiyevin istefa verməsidir - MÜNASİBƏT BİLDİRİLDİ
Azərbaycan Milli Elmlər Akademiyası həmişə ciddi elm məbədi olub. Ancaq etiraf etməliyik ki, təkcə elm yox, həm də mənəviyyat məbədi olub. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, elm və mənəviyyat bir arada olmasa həqiqi elmdən və onun inkişafından danışmaq olmaz: “Biz Zahid Xəlilov, Mir Əsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Kərim Mahmudov və digər akademiklərimizi təkcə elm xadimi kimi yox, həm yüksək mənəvi keyfiyyətlərə sahib böyük şəxsiyyətlər kimi tanımışıq. Çox təssüf ki, AMEA-nın bu nəcib ənənələrinə axır vaxtlar kölgə düşməkdədir. Bu isə elmi-mənəvi mühitimiz üçün ciddi faciəvi nəticələrə gətirib çıxara bilər. Ona görə də Akademiyada baş verən neqativ hallar və bu halların AMEA-nın divarlarından aşaraq ümumi ictimai gündəmi zəbt etməsi elə akademiyanın özünün əməkdaşları tərəfindən akademik mühitin dözülməz həddə çatdırıldığının, elm məbədinin intriqa yuvasına çevirildiyinin etiraf edilməsi Akademiyaya rəhbərlik edən Ramiz Mehdiyevin istefa verməsini zəruri edir. Çünki heç vaxt AMEA-da belə hadisələr baş verməyib. Əgər, indi baş verirsə, deməli akademiya idarə olunmur, ya da qəsdən idarə edilmir. Üstəlik bu günlərə də onu tənqid edənlərə AMEA-nın prezidenti Ramiz Mehdiyevin verdiyi qeyri-adekvat cavab əslində AMEA-da baş verənlərin göründüyündən daha problematik və daha dərin olduğunun sübutu kimi səslənir. Hər şeydən öncə müxtəlif tənqidlərə və istefa çağırışlarına verilən cavab akademiyada son illərdə görülən işlərin ictimai hesabatı kimi tərtib edilməklə tənqidi arqumentləri sıradan çıxarmağa yönəlmiş olmalı idi. Ancaq cavabda Azərbaycan dövlətçiliyinin əsaslarını hədəfə alan, hüquqi-siyasi sistemimizin legitimliyinə şübhə yaradan ittihamlar yer alır.
Ölkəmizdə həyata keçirilən dərin demokratik islahatlar nəticəsində yeni konfiqurasiya əsasında formalaşan parlamentdə təmsil olunan müxalifət partiyaları “avtobus yaxud cib müxalifəti” adlandırılır. Deputatların bir qismi seçicilər tətəfindən qovulan rüsvay edilmiş saxta deputatlar adlandırılır. Belə olan halda inana bilmirsən ki, Azərbaycanda hakimiyyət bölgüsünün üç əsas qollarından biri olan Azərbaycan Respublikası Milli Məclisinin legitimliyini şübhə altına alan Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir. Çünki adətən Milli Məclisə qarşı bu cür ittihamlar səsləndirənlər akademikin ifadə etdiyi kimi sosial şəbəkə trolları olur. Belə olanda bəzi radikal qruplaşmaların Azərbaycanın milli məsələlərdə konstruktiv mövqe nümayiş etdirməyi bacaran, xalqdan səs alaraq parlamentdə təmsil olunmaq hüququ qazanan müxalifətə “cib yaxud avtobus” müxalifti deməsi indi isə akademikin onlara istinad etməsi maraqlı bir şübhə yaradır. Görəsən “cib yaxud avtobus müxalifəti” terminləri bumeranq terminlərdirmi?
Yəni vaxtilə radikallara ötürüb indi də özlərimi istinad edirlər. Akademik Ramiz Mehdiyevin cavabında ikinci ciddi ittiham ilk baxışda müxalifət liderlərinə yönəlmiş kimi görünsə də ancaq dərin qatlardakı hədəf yenə də Azərbaycan cəmiyyəti və hakimiyyətidir. Akademik öz cavabında cəmiyyətimizi rusdillilər və qeyri-rusdillilərə bölməklə ictimai ziddiyət yaratmağa istiqamətlənmiş neqativ tezis səsləndirmiş olur. Əvvəlcə Azərbaycandilliləri rusdillilərə hədəf göstərərək deyir: “o ki, qaldı rusdilli məktəblərdə təhsil alan azərbaycanlıların milli satqın olduğuna dair fikrə bu da tam mənada bir sayıqlamadır”. Belə çıxır ki, ölkə rəhbərliyində təmsil olunan və övladları rus bölməsində təhsil almış, yaxud alan şəxslərin hamısı vətən xainləridir. Eyni zamanda təhsil sistemimizin bazası olan azərbaycandilli təhsil sahəsini aşağılayaraq sual edir: “bu gün biz bir sualın cavabını tapmalıyıq – görəsən Azərbaycandilli məktəblər, onların perspektivi vətəndaşlarımız üçün hansı səbəbdən cəlbedici görünmür?”. Doğrusu mətbuatla daima ünsiyyətdə olan və onu ardıcıl izləyən bir adam kimi heç vaxt rast gəlməmişəm ki, kimsə Azərbaycanda rus dilində təhsil alan azərbaycanlılarımızı satqın adlandırsın. Belə olan halda Ramiz Mehdiyevin AMEA-nın problemləri ilə bağlı olan məsələlərə ictimai-siyasi rəng verərək onu mürəkkəbləşdirmək cəhdlərini başa düşmək olmur. AMEA-nın prezidenti vəzifəsi ona tabe olan institut rəhbərlərinə yaxud əməkdaşlarına akademiyanın rəsmi səhifəsindən cavab vermək mərtəbəsi deyil. Əgər, bir rəhbər tabeçiliyində olanlarla media vasitəsilə danışır və hesablaşırsa, deməli bu müəssisə artıq qeyri-funksionaldır və idarə olunmur. Bunu isə bütün Azərbaycan ictimaiyyəti görür. Belə olan halda ən yaxşı çıxış yolu doğrudan da istefa verməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB