Azərbaycan ordusu yeni və irimiqyaslı zərbə endirməyə hazırdır! ANALİTİK+AKTUAL

Qarabağda qalan separatçı qalıqları sadomazoxizmçi iddiaları ilə özlərini real məhvə doğru sürükləyirlər

Son zamanlar Qarabağ regionunda erməni təxribatlarının baş verməsi istər-istəməz və haqlı olaraq belə bir sual yaradır: Niyə və hansı səbəblərə görə Azərbaycanın suveren ərazilərində qanunsuz erməni silahlıları qalmaqda davam edirlər? Özü də ərazilərimizə müvəqqəti dəvət edilmiş Rusiya sülhməramlıları kontingentinin (RSK) gözləri qarşısında...

Təkcə bir neçə gün əvvəl Tərtər rayonunun Qapanlı kəndinin qanunsuz erməni silahlıları tərəfindən atəşə tutulması faktı da belə deməyə əsas yaradır ki, erməni separatçıları məhz məsuliyyətsiz fəaliyyətləri ilə daha çox diqqət şəkən RSK-nın arxasından öz mənfur niyyətlərini reallaşdırmağa cəhdlər göstərirlər. Və beləliklə fakt budur ki, 44 günlük müharibə başa çatdıqdan sonra erməni silahlıları dəfələrlə üçtərəfli bəyanatın bəndlərini pozaraq nəinki Qarabağda, hətta ara-sıra Azərbaycan-Ermənistan sərhədlərində belə lokal döyüşlər daxil olmaqla (16 noyabr 2021-ci ildəki silahlı insident) aşkar əməllərini törədiblər. Lakin onu da qeyd edək ki, 10 noyabr 2020-ci ildən 2022-ci ilin fevralına qədər mülki əhalimizin yaşadıqları ərazilərdə bu kimi hadisənin baş verməsi ilkdir.

RSK-nın boşluqları...

Məhz Tərtərdəki olay RSK-nın fəaliyyətindəki boşluqları kifayət qədər üzə çıxarmış oldu. Halbuki, daha əvvəlcədən də məlum idi ki, istər Xankəndidə qalan quldur rejim qalıqları, istərsə də onları İrəvandan idarə edən dairələr Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesinin qarşısını hər vəchlə almağa cəhdlər göstərirlər. Sözügedən məsələdə RSK-nın da öz payının olduğunu bugünə qədər bir sıra faktlarla sübuta yetirmək olar. Belə ki, bir neçə dəfə Qarabağ erməniləri Azərbaycan ordusunun nəzarəti altındakı ərazilərə keçməyə çalışsalar da, RSK onların qarşısını kəsərək qondarma rejimə təhvil veriblər.

Onu da xatırladaq ki, Tərtərdə baş vermiş insidentə bənzər hadisələr işğal zamanı demək olar ki, hər gün yaşanırdı, lakin təqribən 15 ay bundan əvvəl Ermənistan birdəfəlik sülhə məcbur edildi və Azərbaycan torpaqları işğaldan azad olundu. Bunun ardınca isə məhz RSK-nın Qarabağa müvəqqəti yerləşməsinə paralel olaraq qanunsuz erməni silahlıları silahlarını yerə qoymalı, Ermənistan silahlı qüvvələrinin hərbi birlikləri isə Qarabağdan çıxarılmalı idilər. Bu proses əvvəl-əvvəl qismən də olsa başladı, amma bu günün özündə Qarabağda Ermənistan silahlı qüvvələrinin hərbi hissələrinin qaldığı, Laçın dəhlizindəki boşluqdan hərbçilərin buraxılması faktları da hər kəsə məlumdur. Hansı ki, Azərbaycanın suveren ərazilərində heç bir qanunsuz silahlı dəstələr olmamalı və onlar terror təhlükəsi saçmamalıdırlar.

Ancaq görünən budur ki, erməni separatçıları rus sülhməramlılarının kürəkləri arxasından məhz öz qanunsuz hərəkətlərini icra edirlər: onlar Azərbaycan Respublikasının ərazisindədirlər və Azərbaycan Respublikasının vətəndaşlığına malik deyillər və ən maraqlısı – onlar heç Ermənistanın da vətəndaşları deyillər və bütün bunlara rəğmən, qanunsuz qaydalarda Ermənistanın silahlı qüvvələrinin tərkibində yer alırlar. Üstəlik, Qarabağ ermənilərinin əsla Azərbaycanın tərkibində qala bilməməsini “bəyan edən” Xankəndidəki feyk-“dövlət” imitasiyası da öz yerində...

Qanunsuz erməni silahlı birləşmələrinə qarşı antiterror əməliyyatlarının başlanması ehtimalı 100%-lik reallıqla doğru inkişaf etməkdədir

Artıq bugünkü gündə kifayət qədər açıq və aydın şəkildə bu cür qənaətə gəlmək olar – onlar RSK-nın məsul olduğu ərazilərimizdə yeni müharibəyə hazırlaşırlar və belə davam edərsə, müharibənin, daha dəqiq desək, qanunsuz erməni silahlı birləşmələrinə qarşı antiterror əməliyyatlarının başlanması ehtimalı 100%-lik reallığla doğru inkişaf etməkdədir. Onlar xaricdə ultramillətçi və daşnakçılıq təbliğatı aparan diasporlarından maliyyə vəsaitləri alır, İrəvandakı klanları vasitəsi ilə öz planlarını icra etməyə davam edirlər. Yəni onların revanşizm maraqları heç də zəifləməyib və yalnız güclənir və biz bütün bunları yenə də RSK-nın (!) burnu altında, ya da qulağının dibində, eləcə də müşayiəti, hətta qoruması sayəsində qazılan səngərlərdən, hazırlanan müdafiə istehkamlarından, dayaq nöqtələrindən açıq-aşkar sezməkdəyik.

Bu gün RSK Qarabağdakı ermənilərlə Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi üçün heç bir iş aparmır, onlar yalnız anti-Azərbaycan təbliğatları ilə oturub-durur, bu da azmış kimi, varlıqlarını artıq sayı-hesabı itirilmiş təxribatçılıq əməlləri ilə (toponimlərimizi erməni adları ilə dəyişdirməklə, tarixi abidələrimizi erməniləşdirməklə, Qarabağ regionunu “dqr” adlandırmaqla və s.) sübuta yetirməyə çalışırlar. Əlbəttə ki, erməni separatçıları belə olduğu halda bütün addımlarını məhz revanşizmə, yeni müharibəyə tərəf yönəldirlər.

Separatçı “parlament” tərəfindən anti-Azərbaycan xarakterli addım olaraq Azərbaycanın tarixi Şuşa və Hadrut şəhərlərini, həmçinin digər azad edilmiş ərazilərini “işğala məruz qalmış” kimi göstərildiyini, bu torpaqların bərpasında iştirak edənlərə qarşı isə “sanksiyaların işə salınması” kimi sərsəm iddialarını da göstərmək olar.

Yeni və uzağı bir neçə gün davam edəcək müharibə dərhal onların birdəfəlik məhvi ilə nəticələnəcək

“Müstəqillik” tipli sözbazlıq oyunu təbii ki, heç bir mahiyyət və əhəmiyyət daşımır, amma bu məsələni ciddiyə də almamaq olmaz. Məhz kiçik səhvlər sonradan böyük problemlərə çevrilir və problemlər beşiyindəcə boğulmalı, məhv edilməlidir. Habelə, rus sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizdə yalnız hərbi deyil, həm də mülki obyektlərin inşası sübut edir ki, Xankəndidəki siyasi klounlar və onların diasporları, eləcə də Ermənistandakı havadarları çox yəqin ki, bu məsələlərə ciddi yanaşırlar. Sadəcə, aydın olmayan budur ki, axı onlar nəyə, hansı tərəflərə arxalanaraq öz “ciddiliklərini” nümayiş etdirirlər? Çünki yeni və uzağı bir neçə gün davam edəcək müharibə dərhal onların birdəfəlik məhvi ilə nəticələnəcək. Separatçılar hər tərəfdən (!) Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə əhatə olunublar, mühasirəsində qalıblar. Onların Ermənistanla əlaqələrini təmin edən yeganə nəfəs borusu – Laçın dəhlizi də dərhal bağlanacaq. Ağır silah və texnikaları isə görünmədən, gizli şəkildə oralardan keçirdilə bilməzlər, o cümlədən, Azərbaycana məxsus ən müasir hərbi texnologiyalar qarşısında qazılan səngərlər və qurulan istehkamlar ümumiyyətlə faydasızdır, revanşistlərin adamları da yox səviyyəsindədir, belə ki, nə İrəvan, nə Şirak, nə Tavuş, nə də Sünik erməniləri bundan sonra əsla Qarabağa döyüşməyə cürət etməzlər, necə deyərlər, 44 günlük müharibədən sonra İrəvanın Yerablur məzarlığında da artıq yer qalmayıb...

Separatçıların inadkarlıqları artıq bir sıra dairələrdə sadomazoxizm kimi də adlandırılır və yəni onlar sanki aldıqları ağır, sarsıdıcı məğlubiyyətlərindən həzz alırlar. Çünki sirr deyil ki, Azərbaycan ordusu yeni və irimiqyaslı zərbə endirməyə hər an hazırdır və günü-gündən bu reallıq özünü daha çox göstərməyə başlayır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə