Biz gənclərin həyata keçirə biləcəyi işlər xeyli çoxdur - SORĞU

“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu Öndər Heydər Əliyev bu fikirləri xalqımızın gələcəyi olan gənclərimiz üçün səsləndirmişdir. Hər il 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd edilir. Ulu Öndərin gənclər siyasətini bu gün də uğurla davam etdirən cənab Prezident İlham Əliyev gənclərin maariflənməsi, inkişafı üçün böyük addımlar atmışdır. Cənab Prezidentin fəaliyyətində gənclər siyasəti əsas prioritetlərdən biridir. İlham Əliyevin gənclərə olan diqqəti hər zaman göz önündədir. SİA olaraq 2 fevral Gənclər Günü ilə bağlı gənclər təşkilatları arasında sorğu keçirdik:

"İrəli" İctimai Birliyinin İdarə Heyətinin üzvü, mətbuat katibi Əfsanə Şükürova: "Gənclik hər bir cəmiyyətin inkişafının, gələcəyinin əsasını təşkil edir. Buna görə də gənclərin formalaşması və onların təlim-tərbiyə modelinin sağlam şəkildə təşkil olunması dövlətin qarşısında duran prioritetlər sırasındadır. Düşünürəm ki, Azərbaycanın dövlət gənclər siyasətindən danışarkən Ulu Öndər Heydər Əliyevin adını xüsusi qeyd etmək lazımdır. Məhz onun hakimiyyəti dövründə bütün sahələrdə olduğu kimi gənclər sahəsində də böyük işlər görülməyə başlandı. 2 fevral 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumunun həyata keçirilməsi bu istiqamətdə atılan əsaslı addımların başlanğıcı oldu. Gəncliyə göstərilən xüsusi diqqət və qayğının nəticəsində 2 fevral tarixi Azərbaycan Gəncləri Günü kimi elan edildi.

​Ümummilli liderin həyata keçirdiyi uğurlu fəaliyyət strategiyası Prezident İlham Əliyevin dövründə daha da möhkəmlənib. Xüsusilə onu qeyd edə bilərik ki, bu müddət ərzində gənclərimizin milli ruhda, Vətənə sədaqət məfkurəsində formalaşması məsələləri ön planda olub. 2005-2009, 2011-2015 və 2017-2021-ci illər üzrə “Azərbaycan Gəncliyi” dövlət proqramları, 2015-2025-ci illərdə “Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi, paytaxtda və bölgələrimizdə yeni gənclər mərkəzlərinin yaradılması bu siyasətin uğurla davam etdiyini bir daha ortaya qoyur. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri bir yumruq tək Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək istər ön, istər arxa, istərsə də, informasiya cəbhəsində yüksək qəhrəmanlıq göstərmişlər. Prezident İlham Əliyevin öz çıxışlarında onun dövründə formalaşan gənclərin ümummilli məsələlərdə fəallığını xüsusi qeyd etməsi hər bir Azərbaycan gəncini qürurlandırır: “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər”.

Gənclər təşkilatı olaraq bizim üzərimizə düşən məsuliyyət dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə öz dəstəyimizi göstərməkdir. Artıq 14 ildir ki, “İrəli” İctimai Birliyi olaraq gənclərin fərdi inkişafı, onların maarifləndirilməsi, vətənpərvər və milli ruhda tərbiyə alması istiqamətində beynəlxalq rəqabətə davamlı gəncliyin formalaşması istiqamətində layihə və tədbirlər həyata keçiririk. Xüsusilə son illərdə region gənclərinin şəbəkələşməsi və inkişafı əsas prioritet istiqamətlərimizdəndir. Birliyimiz ötən il ərzində 150-dən çox fəaliyyət icra edib, bu fəaliyyətlərdən 3500-dən çox gənc yararlanıb. Həyata keçirdiyimiz layihə və tədbirlərdə əsas məqsəd bütün ölkə gəncliyini əhatə etmək, 44 günlük Vətən müharibəsindən ilhamlanaraq gənclərimizin zəfər ruhunda formalaşmasını təmin etməkdir. İnanırıq ki, gələcək fəaliyyət müddətində də eyni amal uğrunda birləşəcək, ölkəmizin gələcək inkişafı naminə durmadan xidmətlər göstərəcəyik.

​2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “İrəli” komandası adından və şəxsən öz adımdan bütün ölkə gəncliyini təbrik edir və onlara daim irəlidə olmağı arzulayıram".

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Hacıbaba Mustafayev: "Qeyd etmək istərdim ki, gənclər sahəsində çox böyük işlər görülüb. Təhsilli, savadlı, dünya görüşü zəngin, bir sözlə hərtərəfli inkişaf etmiş gənclərin yetişməsi üçün dövlət çox mühüm tədbirlər həyata keçirib. Bunun təzahürünü biz bu gün bu sahədə gənclər təşkilatlarının olmasında görürük, gənclərimizin bizi xaricdə təmsil etməsində görürük. Şəxsən öz adıma qeyd etmək istərdim ki, bakalavr təhsili aldığım müddətdə dövlət tərəfindən xaricə göndərilərək ölkəmizi 2 fərqli seminarda təmsil etdim. Bu da ölkəmizdə aparılan gənclər siyasətinin bir nümunəsidir. Həmçinin ətrafımızdakı bugünkü gənclərin inkişafı, onların təhsildə yeni texnologiyaların tətbiqi ilə dünya görüşünün artırılması ilə bağlı çox böyük işlər görülmüşdür.

Cənab Prezident İlham Əliyev hakimiyyətə gəldiyi dövrdən bu yana gənclərə hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Gənclər siyasəti dövlətin əsas istiqamətlərindədir. Gənclərimizin maarifləndirilməsi üçün bir neçə fəaliyyət sahəsi üzrə planlar həyata keçirilmişdir. Sağlam bədəndə sağlam ruh olur. Bu prinsiplə fərqli regionlarda, bölgələrdə Olimpiya Kompleksləri yaradılmışdır. Bu böyük önəm kəsb edir. Çünki sağlam nəslin formalaşmasında, yetişməsində rol oynayır. İdmanın müxtəlif sahələri ilə məşğul olan gənclərimiz ölkəmizi xaricdə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırırlar. Digər bir tərəfdən ölkəmizdə yaradılan mədəniyyət ocaqları, incəsənət mərkəzləri yaradılmışdır ki, gənclərimizin mədəni-incəsənət xətti üzrə inkişafına təkan verir. Ələxsus da elm sahəsində böyük dəyişikliklər edilmiş, inkişaf etdirilmişdir.

Universitetlərdən əlavə tətqiqat mərkəzləri yaradılır, fərqli intellektual müsabiqələr keçirilir, hər il elmi mövzularda konfranslar təşkil olunur. Bu inkişaf göz önünədir. Öz adıma, bütün gənclik adına gənclərlə bağlı görülən işlərə görə cənab Prezidentə öz minnətdarlığımı bildirirəm. BDU THİK olaraq gənclərin maariflənməsi üçün bir neçə xarici dildə layihələr hazırlamışıq ki, burada Qarabağ həqiqətlərindən bəhs edilib. Həmçinin Xocalı soyqrımının tanıdılması üçün videoçarxlar hazırlanıb. Esse müsabiqələri, qiraət müsabiqələri, elmi məqalə müsabiqələri daima gənclər arasında təşkil olunur. Bunlar fəaliyyətimizin kiçik bir hissəsini əhatə edir. Biz bunları rahat şəkildə həyata keçirə bilirik, çünki ölkəmizdə gənclərə göstərilən böyük bir qayğı var və gənclərin inkişafına daim təkan verilir. Ümid edirəm ki, Azərbaycan gəncliyi dövlətimizin gələcək inkişafına yüksək səviyyədə öz töhvəsini verəcəkdir".

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müavini Əli Əliyev: "Hamımız bilirik ki, 1997-ci ildə Ümummilli lider cənab Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edildi. O, gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı və yaxşı bilirdi ki, ölkəmizin gələcək iqtisadi inkişafı biz gənclərin əlindədir. Bir qədər sonra Ulu Öndər Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər və İdman Nazirliyinin mövcud olması gənclər üçün bir sıra yeni imkanlar demək idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövründə, 2005-ci ildən indiyə kimi dövlət proqramları qəbul edilmişdir. Bölgələrimizdə 40-dan çox Gənclər Mərkəzi, 44 Olimpiya İdman Mərkəzi vardır ki, orada vaxtlarını səmərəli keçirənlərin böyük əksəriyyəti gənclərdir. Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib:
1.Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;
2. İstedadlı gənclərə dövlət qayğısı;
3. Gənclərin sağlamlığının qorunması və fizik inkişafı;
4. Gənclərin məşğulluğunun təmin edilməsi;
5. Gənclər təşkilatlarına dövlət yardımı

Bu gün biz gənclər müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Bu, böyük xoşbəxtlikdir. Ölkəmizin çoxşaxəli inkişafında gənclərimizin rolu misilsizdir. Təxminən bir neçə il əvvəl, cənab İlham Əliyevin təşəbbüsü ilə Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif proqramlarının reallaşdırılması üçün müəyyən büdcə ayrılır.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) kimi digər gənclər təşkilatlarının təklif etdikləri layihələr dövlətimiz tərəfindən həmişə dəstəklənir. Bu kimi beynəlxalq layihələrdə iştirak etməklə Azərbaycanın inkişafını və gücünü dünya ictimaiyyətinə çatdırırıq.
Bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabər hüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla fəaliyyət göstərirlər".

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov: “2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Bunu əlamətdar edən başqa bir hadisə də var. Bu il Gənclər Gününün təsis edilməsindən 25 il ötür və bu il Gənclər Gününün 25-ci ildönümünü qeyd edəcəyik. Ümummilli lider Heydər Əliyev tərəfindən 1997-ci ildə verilmiş sərəncamla 2 fevral Gənclər Günü olaraq təsi olunmuşdur. Əslində bu özü-özlüyündə ölkəmizdə gənclərə göstərilən diqqətin ən bariz nümunələrindən biridir. Digər tərəfdən bu gün Azərbaycanda mövcud olan birbaşa olaraq gənclər sahəsində əlaqələr, təsisatlar, strukturlar, dövlət qurumları, gənclər üçün yaradılan hərtərəfli şərait və bütün dövlət siyasətinin əsas xəttində daim gənclərə diqqət göstərilməsi Azərbaycan gəncliyinə verilən yüksək dəyər və qiymətin göstəricisidir. Biz bunun bariz nəticələrini bir çox hallarda, istər beynəlxalq arenalarda, istər təhsil sahəsində, istərsə də bir çox sferalarda hər zaman görürük. Bunun ən gözəl nümunələrdən biri də Vətən müharibəsində qazanılmış qələbəmizin mütləq əksəriyyətinin Azərbaycan ordusunun gənclərdən təşkil olunması idi.

Prezident cənab İlham Əliyevin ötən ilin yanvar ayında Şuşadakı çıxışında da vurğuladığı bir məqam var idi ki, bu qələbəni qananan gənclər onun dövründə yetişmiş gənclər idi. Bu da onu göstərir ki, Azərbaycanda gənclər sahəsində aparılan siyasət, gənclər sayəsində həyata keçirilən proqramlar öz müsbət nəticəsini verib. Bu gün formalaşan Azərbaycan gəncliyi nəinki intellektual, mədəni cəhətdən böyük bir potensiala malikdir, eyni zamanda da öz vətəninə, dövlətinə bağlıdır. Təbii ki, bu da biz gənclərin üzərinə çox böyük məsuliyyətlər, yeni tələblər qoyur və göstərilən bu diqqətin, qayğının da bir nəticəsi olaraq Azərbaycan gəncliyi bundan sonra da ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, dövlətimizin daha da inkişaf etməsində var gücü ilə əlindən gələn qədər çalışmalıdır. Düşünürəm ki, bu istiqamətdə biz gənclərin həyata keçirə biləcəyi işlər xeyli çoxdur”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə