Ucar rayonun Alpout kəndində şəhid Ayaz Xəlilovun məzarı ziyarət olunub - FOTOLAR

YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, rayon təşkilatının çoxsaylı fəallarının - rayon Təhsil şöbəsinin, rayon Heydər Əliyev Mərkəzinin, Tarix Diyarşünaslıq Muzeyinin, rayon Mədəniyyət Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, rayon Gənclər və İdman İdarəsinin, rayon Gənclər Evinin rəhbərliyi və kollektivin üzvlərinin, şəhid valideynlərinin iştirakı ilə Vətən müharibəsi şəhidi Xəlilov Ayaz Qnyaz oğlunun doğum günü münasibətilə rayonun Alpout kənd qəbiristanlığında məzarı ziyarət olunmuş, məzarın önünə tər çiçəklər düzülmüş, ruhuna dualar oxunmuşdur.

Həmçinin Ayaz Xəlilovla eyni qəbiristanlıqda uyuyan Birinci Qarabağ müharibəsində şəhid olmuş Həsənov Şirvan Mehdi oğlunun, Yarməmmədov Muğan İsa oğlunun və Vətən müharibəsi şəhidi Əliyev Kərim Məhəmmədəli oğlunun məzarları ziyarət edilmiş, məzarların üzərinə tər çiçəklər düzülmüş, ruhlarına dualar oxunmuşdur. Rayon mərkəzində ehsan süfrəsi arxasında tədbir davam etmişdir.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şəhidlərin sücaəti ilə qazanılan Qələbədən sonra şəhidlərə və ailələrinə göstərilən dövlət qayğısı xüsusi qeyd olunmuşdur. Ayaz Xəlilov 25 yanvar 1998-ci ildə Ucar rayonunun Alpout kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci ildə səfərbərliyə alınmış, 08 oktyabr 2020-ci il tarixdə Tərtər rayonunda şəhid olmuş, 01 noyabr 2020-ci il tarixdə rayonun Alpout kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə