Erməni müxalifətçidən maraqdoğurucu Qarabağ İDDİASI

“Paşinyan sülhməramlıların Qarabağda qalma müddətlərinin uzadılmasında israr etməyə bilər”

“Qarabağ Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə ən yaxşı halda rusiyalı sülhməramlıların cavabdeh olduqları ərazi kimi qalacaq. Lakin Paşinyan sülhməramlıların Qarabağda qalma müddətlərinin uzadılmasında israr etməyə bilər”. SİA “news.am”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Respublika partiyasının sədr müavini Armen Aşotyan deyib.

Lakin açıqlaması zamanı o, sərsəm fikirləri ilə də yadda qalıb. Misal üçün, bildirib ki, Paşinyan Qarabağın Azərbaycanın tərkibindən kənar “statusa malik olması” (?!) və “Qarabağ xalqının” (?!) öz müqəddəratını müəyyən etməsi, onun möhkəmləndirilməsi üçün heç bir təşəbbüs göstərməyəcək.

Buna baxmayaraq, Aşotyan Paşinyanla bağlı bir həqiqəti dolayısı ilə etiraf edib. “O, artıq bir neçə aydır ki, bu barədə danışır və artıq əllərini yuyub. Dünən Nikol yenidən göstərdi ki, onun siyasi hədəfi Qarabağın bir daha ermənilərə məxsus olmadığına dair ictimai rəydə inam hissi yaratmaqdır”, deyə erməni müxalifətçisi bildirib və Paşinyanın Ermənistanın 1991-1992-ci illərdə Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə sözlərini xatırladıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...