Bu, Sovet İttifaqı kimi Rusiyanın dağılmasına səbəb ola bilər - DEPUTAT MÖVQE BİLDİRDİ

"Rusiya-Amerika münasibətləri gərginləşməkdə davam edir. Belə görünür ki, münasibətlərin tənzimlənməsi asan başa gəlməyəcək. Rusiya Amerikaya və NATO-ya ultimatum göndərərək təhlükəsizliyi üçün yazılı təminat tələb edib". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Deputat qeyd edib ki, bu təminatın bir forması yazılı qaydada Rusiyaya çatdırılıb. Ancaq görünür ki, Rusiya bu təminatla hələlik razılaşa bilmir. Çünki orada Ukrayna və Gürcüstanın NATO-ya daxil edilib-edilməməsi barədə heç bir fikir yoxdur. Yəni məsələ açıq qalır.

Qabil Hüseynli bu barədə fikirlərini belə izah edib: "Bütün bunlar onu deməyə əsas verir ki, münasibətləri tənzimləmək mümkün olmayacaq. NATO və ABŞ da başa düşüblər ki, Rusiyanın təhdidləri faktiki olaraq şantaja və qaraqışqırığa bənzəyir. Bunların arxasında hər hansı güc dayanmır. Üstəlik Rusiyanın siyasi elitasında bununla bağlı fikir ayrılıqları da artır. Bunları nəzərə alaraq demək olar ki, Rusiya Qərbə öz istədiklərini qəbul etdirə bilməyəcək. NATO isə Ukrayna və Gürcüstanı öz sıralarına daxil edə biləcək. Üstəlik Ukraynaya hücum məsələsi də fiaskoya uğraya bilər. Artıq bunun əlamətləri özünü göstərməkdədir. Rusiyada bir çoxları bunu düşürlər ki, Rusiyanın Ukraynaya hücum planı Qərb tərəfindən güclü reaksiyaya rast gələcək. Beləliklə də, Rusiya faktiki olaraq tələyə düşmüş olacaq. Bu hücum həm də bir sıra böhranlara səbəb ola bilər ki, o da Sovet İttifaqı kimi Rusiyanın dağılmasına səbəb ola bilər. Buna görə də, Rusiya siyasi elitası hökuməti bundan çəkindirməyə çalışır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə