Gülayə Səfərova: “Böyük Qayıdış ruhunun incəliklərini duyuruq” AKTUAL

“Erməni işğalından azad edilmiş tarixi incilərimiz - Şuşaya və Ağdama başlayan avtobus xətlərinin açılması, səfərlərin gerçəkləşdirilməsi Böyük Qayıdış siyasətinin ilk töhfələridir”. Bu fikirləri SİA-ya "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, tanınmış QHT sədri Gülayə Səfərova mövzu ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, bir çox insanlar azad edilmiş ərazilərimizə gedərək 30 ilə yaxın həsrətlərinə son qoymaq istəyirdilər və artıq bu həsrətə son qoyuldu: “İndi hər kəs rahat şəkildə, heç bir maneə olmadan Şuşamıza, Ağdamımıza səfərlər etməklə fərəh və qürur hissi ilə Zəfər ruhunu yaşayacaqlar. Biz inanırıq ki, qısa zamanda Qubadlımıza, Zəngilanımıza, Xocavəndimizə, Hadrutumuza, Kəlbəcərimizə, Laçınımıza da avtobus reysləri açılacaq və insanlarımız bol-bol o gözəl, bərəkətli torpaqlarımızı ziyarət edəcəklər. Bütün bunlar Böyük Qayıdışımızın tərkib hissəsidir və bu Böyük Qyıdışı bizlərə bəxş edən, nəsib edən Müzəffər Ali Baş Komandanımızın, cənab Prezident İlham Əliyevin qətiyyətidir, dönməz iradəsidir, həmçinin o torpaqlar uğrunda canlarını fəda etmiş müqəddəs şəhidlərimizdir, qəhrəmanlıq mücəssəmələri yazan qazilərimizdir”.

“Əbəs deyil ki, hələ 44 günlük Zəfər yürüşündən öncə, torpaqlarımız düşmən işğalı altında olarkən dövlətimizin başçısı xəyalların gerçək olacağı barədə qəti fikirlərini vurğulayırdı, bildirirdi ki, Azərbaycanın işğal altındakı Qarabağ torpaqları geri qayratılacaq, eyni zamanda, bizim dədə-baba yurdumuz olan Zəngəzurumuza da yollar açılacaq, tarixi ədalət bərpa ediləcək”, deyə xatırladan QHT rəhbəri onu da qeyd edib ki, bizlər bu tarixi vədlərin yerinə yetirildiyinin canlı şahidləriyik: “Bu gün o torpaqlarda tikinti-quruculuq, abadlıq işləri sürətlə vüsət alıb, yeni qəsəbələr, kəndlər salınır, özü də dünyanın ən müasir standartları səviyyəsində işlər reallaşdırılır. Və bu gün bütün dünyanın gözü Azərbaycandadır, Qarabağdadır, Şuşamızdadır. Artıq Şuşamız get-gedə əvvəlki vaxtlarından da çox cənnətməkana çevrilir, Şuşamız dirçəlir və bunu ölkə rəhbərimiz öz ifadələrində vurğulamışdı. Qarabağımızın işğaldan sonra yenidən dünyanın ən möhtəşəm, cənnətməkan diyarına çevirlməsi isə sübut edir ki, düşmən nə qədər mənfur, talançı və qəsbkar olub. Artıq düşmənin kirli əməlləri məhz bu torpaqlarımızın dirçəldilməsi reallıqları ilə məhv edilir. Bütün dünya görür və bilir ki, yağı düşmənimiz necə qansız, vəhşi və barbar olub”.

“Mən də hər bir vətənsevər azərbaycanlı kimi Şuşaya, Ağdama, Füzuliyə açılan sərnişin avtobusları xəttinə görə çox sevindim. İllər əvvəl yaşananların geri dönməsi, şuşalı, ağdamlı soydaşlarımıza öz doğma yurd-yuvalarını ziyarət etmək imkanlarının yaradılması həm də belə deməyə zəmin yaradır ki, dövlətimiz onların istəklərini, arzularını gerçəkliyə, həqiqətə çevirir. Bundan gözəl hansı hissələr ola bilər ki? Bütün bunlar üçün biz əlbəttə ki, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq ki, daim xalqın qeydinə, qayğısına qalırlar, xalqın maraqlarını hər zaman öndə tuturlar.

Eyni zamanda, bu həqiqətlər bizlərin gələcəyimizə daha inamla baxmağımıza zəmin yaradır, biz hər dəfə cənnət guşəmiz Qarabağımıza səfərlər edərkən Böyük Qayıdış ruhunun incəliklərini duyuruq və bundan sonra hər zaman duyacağıq”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə