Prezidentin çıxışı bizi çox sevindirdi - SƏDR MÜAVİNİ AÇIQLADI

“Dövlət rəhbərimizin və vitse-prezidentimizin tarixi, mədəni abidələrə verdiyi dəyər və qiymətlər, həmçinin onların bərpası ilə bağlı atdığı addımlar həqiqətən də təqdirəlayiqdir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, cənab Prezidentin tarixi-mədəni abidələrimizlə bağlı atdığı addımlar ictimaiyyət tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir: “Əlbəttə bu yaxınlarda "İçərişəhər" metrosunun qarşısında böyük şəxsiyyətin, millətə dəyər verən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması özü də çox yüksək bir addımdır. Onun açılışında Prezidentin xüsusi iştirakı və bununla bağlı çıxışı bizi çox sevindirdi. Bu cür addımların atılması həm tariximizin öyrənilməsinə, həm də mədəni-tarixi köklərimizə verilən dəyərin nümunəsidir. Xüsusən də Qarabağımızda ölkə rəhbəri tərəfindən bərpa edilən bir çox dini, mədəni-tarixi abidələr və onların xalqın istifadəsinə verilməsi yüksək bir addımdır. Həqiqətən də bu vəziyyət olduqca sevindiricidir. Cənab Prezident qeyd etmişdir ki, ölkəmizdə nə qədər tarixi, dini, mədəni abidələrimiz varsa, onların hamısı yenidən bərpa ediləcək.

Necə ki, Qarabağdakı dini, tarixi abidələr işğal zamanı ermənilər tərəfindən dağıdılıb və bu gün ölkə rəhbəri bunların bərpasını bir-bir həyata keçirir. Bu tariximizin yaşanmasıdır. Əgər millətin tarixi yaşayırsa, millətin mədəniyyəti yaşayırsa, o millətin bu günü var, gələcəyi də var olacaq. Bu milli birlikdir, milli gücdür, milli qüdrətdir. Bu sahədə ölkə rəhbərinin və vitse-prezidentin atdığı addımlar təqdirəlayiqdir. Bu yolda onlara müvəffəqiyyətlar arzulayırıq. Allah-təala bu yolda onlara kömək olsun, qüvvət versin. Dövlətin, xalqın birliyini əbədi eləsin inşAllah! Azərbaycan bayrağı daim zirvələrdə dalğalansın!”.

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə