Londonda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd edilib

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd edilib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, tədbir Birləşmiş Krallıqdakı koronavirus məhdudiyyətlərinə görə hibrid formatda keçirilib.

Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov 20 Yanvar faciəsinin kədərli olduğu qədər tariximizin şanlı səhifəsi olduğunu qeyd edib. O, həmin dövrdə bir çox sovet respublikasında oxşar hadisələr baş verdiyini, lakin bunlardan ən qanlısının məhz Bakıda həyata keçirildiyini deyib.

Elin Süleymanov bildirib ki, həmin gün Azərbaycan xalqı öz azadlıq əzmini göstərdi: “Azadlıq verilmir, azadlıq alınır. Bizim azadlığımız neçə canın bahasına alınıb. Biz öz müstəqilliyimizi, suverenliyimizi qorumaq, gücləndirmək üçün əlimizdən gələni etməliyik”,- deyə səfir vurğulayıb.

Daha sonra Elin Süleymanov “Azərbaycan Evi”nin təşkilatçılığı ilə keçirilən videokonfransa qoşulub, 20 Yanvarın qürur hissləri ilə yada salındığını, bunun Azərbaycan xalqının istiqlaliyyətə doğru atdığı bir addım olduğunu bildirib.

Millət vəkili Cavanşir Feyziyev Azərbaycanın azadlığı uğrunda həyatlarını itirən bütün şəhidlərin ruhunu yad edib, 20 Yanvarın Azərbaycanın və Azərbaycanla yanaşı SSRİ-nin tərkibinə daxil olan digər ölkələrin müstəqilliyinin bərpası üçün böyük təkan olduğunu bildirib.

Tədbirdə daha sonra Azərbaycan evinin rəhbəri Ali Tekin Atalar, britaniyalı jurnalist Neil Vatson, və Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri Fəridə Pənahova çıxış edərək 20 Yanvar faciəsi haqqında öz xatirələrini, fikirlərini bölüşüblər.

Daha sonra Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub. Anım mərasimi Londonda yaşayan tarzən Rafiq Rüstəmovun çıxışı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...