Bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir

Jalə Əliyeva

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor

Bizi o günlərdən 32 il ayırır. Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, həmin hadisənin tariximizdə tutduğu yeri zaman keçdikcə daha aydın dərk edirik. 20 Yanvar çox haqlı olaraq Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi adlandırılır. Bu hadisələr canlı şahidlərin yaddaşında silinməz iz buraxıb. Aradan illər keçməsinə baxmayaraq, hər şey göz önündən sanki kino lenti kimi gəlib keçir: təlatümlü Bakı, gecənin qaranlığında işıq saçan güllələr, tankların və zirehli maşınların uğultusu, küçələrə səpələnmiş cəsədlər, yaralılarla dolu xəstəxana palataları...

20 Yanvar faciəsinə bir günün, yaxud bir ayın ərzində baş verən hadisə kimi baxmaq olmaz. O, öz başlanğıcını 1980-ci illərin sonlarında Azərbaycanın o zamankı Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələrdən götürmüşdü. Rəsmi Moskva tərəfindən erməni separatizminə rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin səriştəsizliyi, mütiliyi və milli mənafeyə zidd mövqeyi xalqı hiddətləndirmiş, güclü etiraz dalğası doğurmuşdu. Böyüklü-kiçikli hamı küçə və meydanlara axışırdı. Mitinqçilərin sıraları günbəgün genişlənir, paytaxtın baş meydanında xalqın azadlıq və müstəqillik istəyini əks etdirən şüar və plakatlar görünməyə başlayırdı. Beləliklə, əldən gedən torpaq uğrunda mübarizə tədricən ümumxalq hərəkatına çevrilirdi.

Elə bu zaman imperiya rəhbərliyi fasiləsiz mitinqləri dağıtmaq, xalq hərəkatını yatırmaq üçün hərəkətə keçdi. Paytaxt küçələrində tanklar və sarışın əsgərlər görünməyə başladı. Lakin xalq yenə meydandan çəkilmədi. Vəziyyəti belə görən mərkəzi rəhbərlik 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə mitinqləri zor gücünə dağıtmaq əmri verdi. Bakının mərkəzi meydanına hərbi qüvvələr yeridildi, insanlar zindanlara atıldı.

Həmin vaxtlar Ermənistanda bir nəfər də azərbaycanlı qalmadığı halda, Bakıda ermənilər yaşamaqda davam edir və bu da milli zəmində təxribatlara şərait yaradırdı. Digər tərəfdən ölkədə hakimiyyət böhranı özünün pik həddinə çatmaqda idi. Azərbaycanı cəzalandırmağı qarşısına məqsəd qoyanlar buna zəmin hazırlayır, Bakı 20 Yanvara addım-addım yaxınlaşırdı...

1990-cı ilin 20 yanvarı, gecə saat 24.00. Sovet ordusunun təpədən-dırnağadək silahlanmış birləşmələri beş istiqamətdən Bakıya daxil oldular. Küçələrdə şütüyən tanklar və zirehli maşınlar “barrikadaları” dağıdıb keçir, əsgərlər dinc əhaliyə atəş açır, heç kəsə aman vermirdilər. Hətta təcili tibb maşınları, evlər gülləyə tutulurdu.

Həmin gecə ən böyük qırğın indiki “20 Yanvar” dairəsi ərazisində törədildi.

Yanvarın 20-də səhər hava işıqlaşar-işıqlaşmaz küçələrə axışan Bakı sakinləri “20 Yanvar” dairəsində və ona yaxın yerlərdə dəhşətli mənzərələrlə qarşılaşdılar. Tankların əzib keçdiyi avtobuslar, yük və minik avtomobilləri, qar üzərindəki qan izləri ağır faciədən xəbər verirdi. Şəhərin mərkəzi küçə və meydanları tanklarla, avtomatlı hərbçilərlə dövrəyə alınmışdı...

20 Yanvar faciəsi miqyasına, xarakterinə və mahiyyətinə görə keçmiş SSRİ rəhbərliyinin ikinci Dünya müharibəsindən sonra ölkə daxilində törətdiyi misli görünməmiş bir cinayət idi. Bu hadisələrdən bir müddət sonra – 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır... Bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər”.

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. 20 Yanvar Azərbaycan tarixinin məhz belə səhifəsidir. Xalq həmin gün ağır imtahana çəkildi və bu sınaqdan şərəflə çıxdı. Faciə insanları birləşdirdi, xalqı bütövləşdirdi. Xalq öz şəhidlərini son mənzilə çiyinlər üstündə apardı, görünməmiş izdihamla yola saldl. Ona tuşlanmış top-tüfəngə məhəl qoymadı, bir addımlığındakı təhlükədən qorxub çəkinmədi.

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

Xalq o günlərdə böyük bir həqi­qəti - meydanda həqiqi liderin olma­masını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azər­baycanın Moskvadakı daimi nümayən­dəliyinə gəldi. Ulu öndər təcavüzə kəs­kin etirazını bildirdi, faciəni törədən­ləri, şəxsən M.Qorbaçovu kəskin it­tiham etdi, qoşunların Bakıdan çıxarıl­masını tələb etdi. Xalqımızın ümum­milli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi - özü də imperiyanın mərkəzində, Moskvada...

Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymət­lən­dirmək yolunda ciddi addımlar atıldı... “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Ötən müddət ərzində ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlil­lərin problemlərinin dövlət səviyyəsin­də həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyir: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

Bəli! Prezident İlham Əliyevin çox doğru olaraq söylədiyi kimi, müstəqil, qüdrətli Azərbaycan Respyblikası xalqımızın böyük sərvətidir və o, 90-cı illərin Azərbaycanı deyil. Bugünkü müasir, Qalib Azərbaycan, torpaqlarına sahib çıxmağı bacaran bir xalqın böyük Vətəni, cənubi Qafqazın və dünyanın parlayan ulduzudur. Bu gün Azərbaycanın üçrəngli bayrağı böyük Vətənimizin hər qarışında dalğalanır. Bizə azad olmağın, müstəqil olmağın, Qalib olmağın, bütöv olmağın, Qarabağlı olmağın qürurunu və sevincini yaşadan Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, güclü ordumuza, qəhrəman xalqımıza sonsuz minnətdrıq. Bu günlərə gəlməyimiz uğrunda, torpaq uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Tanrı ordumuzu, xalqımızı, Prezidentimizi qorusun. Allah şəhidlərimizə rəhmət etsin! yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...