Azərbaycan cəmiyyətinin gözündə ilk əvvəl onların obrazı canlanır - EKSPERT AÇIQLADI

"Vətəndaş-məmur münasibətləri hər bir ölkədə olduğu kimi Azərbaycanda da ictimaiyyətin nəzərində ən maraqlı və müzakirə doğuran məsələlərdən biridir. Birmənalı şəkildə aydındır ki, bu məsələ bizim cəmiyyətdə eynirəngli birmənalı reaksiya doğurmur. Müəyyən hallarda Azərbaycanda məmur-vətəndaş münasibətlərinin gərgin və anormal olduğu barədə fikirlərə rast gəlmək olur. Müəyyən hallarda bunun normal olduğunu düşünmək olur". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, lakin fakt bundan ibarətdir ki, bizim ölkəmizdə məmur-vətəndaş münasibətlərində hələlik lazım olan yüksək həddi fəth edə bilməmişik: "Burada problem məmurlardadır. Cəmiyyətdə heç bir problem ola bilməz. Xüsusilə də bizim cəmiyyətimiz insanların mütləq mənada ədalət prinsiplərinə söykəndiyini, xalqın xislətində bir ədalət prinsipinin olduğunu nəzərə alsaq burada yaranmış gərginliyin və inamsızlığının kökünün məmurlarda olduğu qənaətinə gəlmək birmənalı mümkündür. Ona görə də daha çox məmur davranışları məmur-vətəndaş ziddiyyətlərinin yaranmasına gətirib çıxarır".

"Ölkə Prezidenti də dəfələrlə ölkədaxili məsələləri əhatə edən bütün çıxışlarında bu məsələyə toxunur. Vətəndaşlara yalnız bu səpkidə müraciət olunur ki, yolunu azmış, prinsiplərdn uzaqlaşmış məmurlarla bağlı aparılan mübarizədə dövlətə dəstək versinlər, təşəbbüskar olsunlar, lazımi hərəkətləri etsinlər. Bu da ən doğru olandır. Məmurlara isə həmişə belə bir münasibət var ki, məmur təmiz və prinsipial olmalıdır, xalqa xidmət göstərməli və xalqın xidmətçisi olmalıdır. Amma çox təəssüflər olsun ki, məmurların heç də bütün hallarda bu çağırışlara məhəl qoymaması ölkədə məmur-vətəndaş ziddiyyətlərinin yaranmasına və dərinləşməsinə səbəb olan əsas faktordur".

Aydın Quliyev sözlərinə belə davam edib: "Bu gün də hesab edirəm ki, ölkəmizdə və cəmiyyətimizdə ən böyük narahatlıq məhz müəyyən qrup məmurlarla bağlıdır. Məmurların şəffaf fəaliyyət göstərməməsi, xalqın qarşısında üzərlərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmələri, Azərbaycan dövlətçiliyinin mənafelərini axıra qədər dərk etməmələri, ikili standartlarla işləməsi, əsasən də xalqın əmlakına göz tikməsi və onu nəyin bahasına olursa-olsun ələ keçirməsi ilə bağlıdır. Əlbəttə bunu bütün məmurlar haqqında demək olmaz. Amma məsələ burasındadır ki, bizim dediyimiz kimi prinsiplərdən və dövlətçilik mənafelərindən uzaqlaşmış məmurların sayının nə qədər olmasından, çox olmamasından asılı olmayaraq onlar çox görsənirlər. Azərbaycan cəmiyyətinin gözündə ilk əvvəl onların obrazı canlanır. Bütün bu səbəblərə görə məmurlarımızla bağlı çox ciddi iş aparılmalıdır, metodik maarifləndirmə işi olmalıdır, onların cəzalandırılması prinsipi təkrar işlənilməlidir. Məmurların media və cəmiyyət üçün qapalılıq ənənəsinə birdəfəlik son qoyulmalıdır.

Biz məmurların əsasən rüşvətxorluq və korrupsiyaya görə cəzalandırılmasının şahidi oluruq. Amma çox yaxşı olar ki, onların media və jurnalistlərlə açıq və şəffaf əməkdaşlıq etməməsi hallarına görə cəzalandırılması faktlarına rast gələk. Məmur görsün ki, ondan tələb olunan yalnız rüşvətxorluqdan və korrupsiyadan uzaq olmaq, təşəbbüskar fəaliyyət göstərməkdən ibarət deyil. Bu prinsiplərin müəyyən bir hissəsi yerinə keçirilsə məmur-vətəndaş münasibətləri tənzimlənər.

Bir də ümumi atmosferin dəyişdirilməsi və sağlamlaşdırılmasına ehtiyac var. Məsələn, "ASAN" Xidmət mexanizmi çərçivəsindəki atmosfer məmur-vətəndaş ünsiyyətini minimuma endirdiyinə görə, orada işguzar mühit başqa xarakterdə olduğuna görə o mexanizm çərçivəsində nə vətəndaşları, nə də məmurları narahat edən heç bir hala rast gəlmək mümkün deyil".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə