Soqomon Teyleryanın heykəli götürülürsə, Njdenin də abidəsi sökülməlidir AKTUAL+FOTOLAR

Erməni terrorçu-quldurlarının və faşist cəlladlarının daşlaşmış kökləri kəsilməlidir!

Ermənistanda və hazırda Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətləri altında olan ərazilərimizdə erməni terrorçularının abidə və büstləri bu gün də mövcud olmaqdadır. Belə ki, istər Ermənistanda və Qarabağda, Xocavənddə Almaniya faşizminə xidmət etmiş Qaregin Njdenin, istərsə də 1921-ci ildə Berlində Osmanlı hökumətinin xarici işlər naziri Tələt Paşanı qətlə yetirən terrorçu Soqomon Teyleryanın abidələri bu günün özündə də terroru təbliğ edən açıq-aydın vasitələr kimi qiymətləndirilir.

Ermənistanın sabiq deputatı niyə narahat olub?

Bu arada isə məlum olub ki, son günlər Ermənistanda Soqomon Teyleryanın abidəsinin sökülməsi ilə bağlı fikirlər səslənməyə başlayıb.

SİA xəbər verir ki, Ermənistan parlamentinin sabiq deputatı Sofya Ovsepyan özünün feysbuk səhifəsində yazıb: “Son günlər erməni ictimaiyyətində Soqomon Teyleryanın Maralik şəhərindəki abidəsinin sökülməsi barədə tez-tez danışırlar. Hökumətə tələb: bu informasiyanı ya rədd edin, ya da təsdiq edin!”

Maraqlıdır ki, sözügedən mövzu son vaxtlar Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ilə bağlı gündəmdə ortaya atılıb və nəzərə alsaq ki, Ankaranın İrəvandan etdiyi tələblərindən biri də qondarma erməni soyqırımı iddialarından əl çəkilməsi ilə bağlıdır, bu zaman erməni terrorçusu Soqomon Teyleryanın abidəsinin sökülməsi mümkünlüyü ətrafında yaranan səs-küyü də anlamaq çətin deyil. Çünki bu qatil Tələt Paşanı məhz “erməni soyqırımını törədən şəxslərdən biri” kimi hədəfə alaraq öldürüb. Məhkəmə isə erməni terrorçusuna “affekt hissi” donunu geyindirməklə həbsdən azad edib.

Digər tərəfdən, Sofya Ovsepyan Ermənistanın mövcud hakimiyyətinə “türklərə işləyən xain” tipli ittiham da irəli sürüb və yazıb ki, iqtidar həmin heykəli aradan götürmək istəyir: “Ən əvvəl mən inanıram ki, sizdə bunu etmək üçün böyük istək var, lakin müxtəlif manipulyasiyalar qəbul etməkdənsə, bunu birbaşa mətnlə deyin”.

Xüsusilə, Azərbaycanın əzəli və əbədi Qarabağ torpağındakı irinli yara kəsilib atılmalıdır!

Onu da qeyd edək ki, Soqomon Teyleryanın abidəsi həm də sırf terror təsəvvürü yaradır. Belə ki, o Tələt Paşanı xaincəsinə, arxadan revolverdən açdığı atəş nəticəsində qətlə yetirsə də, heykəldə guya Tələt Paşanın başının kəsildiyi və Teyleryanın ayaqları altında qaldığı təsvir edilib. Bu isə söz yox ki, bilavasitə qəddarlığın, qaniçənliyin, həmçinin türklərə olan münasibətin aşkar təzahürüdür. Və əgər Ermənistanın mövcud hakimiyyəti həmin heykəli sökmək marağındadırsa, ən azından doğru qərar vermiş olacaq.

Ancaq bununla da iş başa çatmır. İstər İrəvanda, istərsə də Xocavənddə əlləri minlərlə türk, azərbaycanlı, rus və s. millətlərin qanına bulaşmış Qaregin Njdenin də abidələri sökülməli, faşizm ideologiyasının təbliğinə son qoyulmalıdır. Xüsusilə, Azərbaycanın əzəli və əbədi Qarabağ torpağındakı irinli yara kəsilib atılmalıdır. Təəssüf ki, hazırkı dövrə qədər dəfələrlə həmin məsələ barədə danışılsa da, yazılsa da faşist qulduru cəllad Njdenin heykəli hələ də bizə tərəf boylanmaqda davam edir...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə