Dini ziyarətgahlarımıza, maddi-mədəniyyət abidələrimizə yeni həyat verilir - TƏHLİL
Prezident İlham Əliyev: "Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur"
Müasir dövrümüzdə Azərbaycanın iqtisadi inkişafı, ölkədə hökm sürən sabitliyin məntiqi nəticəsi olaraq bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsinə də xüsusi diqqət ayırır. Dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Söz yox ki, Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlət olmaqla yanaşı, milli dəyərlərə, adət-ənələrinə də böyük hörmətlə yanaşan bir ölkədir. Dövlət başçısının mütəmadi olaraq din xadimləri ilə görüşməsi, dini konfessiyalara maddi yardımlar edilməsi, dini ibadət yerlərinin təmir-bərpa olunması fikirlərimizə əsas verir. Təbii ki, bu Azərbaycanın iqtisadi gücü olması ilə yanaşı, ölkədə dini dözümlüyün, əmin-amanlığın hökm sürməsi də mühüm faktorlar sırasındadır.
Bu gün ölkəmizdə 2200-dən artıq məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyətdədir. Əlbəttə ki, bu böyük göstəricidir. Öz dini müxtəlifliyi ilə fəxr edən Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb. Sosial bir hadisə olan multikulturalizm və tolerantlıq cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir. Təbii ki, multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir. Bütün xalqların nümayəndələrinin ölkəmizdə azad və əmin-amanlıq şəraitində dini bayramlarını qeyd etmələri onu göstərir ki, ölkəmiz bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlətdir. Bütün bunlara rəğmən qürur hissi ilə deyə bilərik ki, bəli, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib. Bir sözlə, Azərbaycan bu sahədə dünyaya örnək bir dövlət kimi özünü təsdiqləyə bilib.
AZƏRBAYCANDA DİN-DÖVLƏT MÜNASİBƏTLƏRİ YÜKSƏK SƏVİYYƏDƏ FORMALAŞIB
Azərbaycanda dini abidələrin dövlət tərəfindən qorunması, bərpası və tikintisi milli dəyərlərimizə olan münasibətin təzahürüdür. Müstəqillik dövründə yüzlərələ dini abidələrin bərpası və tikintisi fikrimizi əsaslandırır. Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan Ümummilli Lider Heydər Əliyev müstəqilliyin ilk illərində sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi önəm verib. Belə ki, Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə istifadəyə verildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası və təmiri, eləcə də yenidən tikilməsi Prezident İlham Əliyev tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirildi. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Bakıdakı Heydər Məscidi, Gəncədə "İmamzadə" kompleksi kimi binalar da Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələri olmaqla yanaşı, insanların ibadət və dua etmələrinə imkan yaradır. Dövlət başçısının tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb. Bütün bunlar göstərir ki, dövlətimizin başçısı İslam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. Son illərdə Azərbaycanda yeni məscidlərin tikilməsi və və ya təmir edilməsi milli-mənəvi dəyərlərimizə olan diqqətdir.
Bu günlərdə tolerantlıq məkanı olan Azərbaycanda paytaxt Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin müasir kompleksinin istifadəyə verilməsi müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpasına dövlətimiz tərəfindən ayrılan diqqətin daha bir göstəricisi oldu. Məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdisə. indi daha müasir və geniş məscid kompleksində eyni zamanda, 1800 nəfərin ibadət etməsinə şərait yaradılıb. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Onu da vurğulayaq ki, kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub.Bu gün ölkəmizdə bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır.
"DİNLƏRARASI, MİLLƏTLƏRARASI MÜNASİBƏTLƏR ƏN YÜKSƏK SƏVİYYƏDƏ TƏMİN OLUNUR"
Təbii ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı illərdə müsəlman məbədləri ilə yanaşı, pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri də həyata keçirilmişdir ki, bu da Azərbaycanda dini tolerantlığın nümunəsidir. Əminliklə deyə bilərik ki, bu, Azərbaycanda dövlət siyasətinin real mənzərəsinin ifadəsidir.Bəli, dini ocaqlara olan münasibət Azərbaycanın bugünkü həqiqətlərinin təzahürüdür. Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun layihələri sırasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib. Cənab İlham Əliyevin bildirdiyi kimi, bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər: "Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur".
Ölkədə dini durum, bu sahədə mövcud problemlər, zərərli təriqətlərin təbliği, dini icmaları narahat edən məsələlər dərindən öyrənilir və zaman keçdikcə onların həllində müsbət nəticələr əldə olunur. "Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur", – deyən Cənab Prezident ənənəvi dəyərlərin bizim üçün ən böyük sərvət olduğunu vurğulayıb: "Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır".
Dünya xalqları arasında özünəməxsus yeri olan Azərbaycan bəşəri ideyaları, adət-ənənələri, maddi və mənəvi xəzinəsi ilə zəngin irsə sahibdir. Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi dünyaya töhfəsini verir. Bu sahəyə dövlət qayğısının artması dəyərlərimizi dünyada tanıtmaq sahəsində əhəmiyyətli rol oynayır. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Təbii ki, görülən bu işlərdə əsas məqsəd vətəndaşların rahat ibadət etmələrini təmin etməkdir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB