Deputat Ermənistanın KTMT xülyalarından danışdı AKTUAL+ŞƏRH

Ankara isə Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Bakının yanında olduğunu bildirib

"Ermənistan ona himayədarlıq edənlərin, fətva verənlərin dəstəyini hiss etdikcə təxribatlar törətməyə davam edəcək. Hətta təkcə Azərbaycan-Ermənistan sərhədində deyil, ərazilərimizdə də təxribat törətməyə cəhd edə bilərlər. Təəssüf ki, bu gün Azərbaycan ərazisində erməni silahlı qruplaşmalarının müəyyən hissəsi qalmaqdadır. Separatçı cinayətkar qurum hələ də mövcuddur".

SİA xəbər verir ki, bu barədə mətbuata açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu hər bir təxribata cavab verir və qarşısını alır: "Ötən gün baş verən erməni təxribatı nəticəsində şəhid olan hərbçimizə də Allah rəhmət, ailəsinə səbir diləyirəm. Ermənistan tərəfi də bir neçə əsgər itirib və yaralılar var. Yəni, onlar düşünməlidirlər ki, bu cür davamiyyətlə onların sonu gələcək. Ermənistan təhriklərə getməməli, düşmənçilikdən əl çəkməlidir. Ermənilər o qədər tərbiyəsiz toplumdur ki, belə çirkin niyyətlərini kənara qoymurlar. Başlarının üzərində yenidən "dəmir yumruq" görmək istəyirlər”. Elman Məmmədov hesab edir ki, qarşı tərəfin başları tam əzilməyənə qədər təxribatlara davam edəcəklər və bu baxımdan, daim xam xəyallarla yaşayırlar.

Elman Məmmədov: "Müxtəlif təxribatlar nəticəsində Azərbaycan Ordusunun Ermənistan ərazisinə daxil olmasına çalışırlar"

Deputat Ermənistanın KTMT-yə bel bağlamasının da nəticəsiz qalacağını vurğulayıb və ermənilər düşünürlər ki, Qazaxıstanda baş verən hadisələrə görə KTMT qüvvələri gəldisə, Ermənistana da gedə bilər: “Yəni, müxtəlif təxribatlar nəticəsində Azərbaycan Ordusunun Ermənistan ərazisinə daxil olmasına çalışırlar. Guya belə olan halda, onlar şivən salıb, KTMT-dən kömək istəyəcəklər. Lakin bu, heç vaxt baş tutmayacaq”.

Elman Məmmədov sərhədlərin demarkasiya və delimitasiya olunmadığını xatırladaraq müəyyənləşməmiş sərhədlərə görə ermənilərin planlarının alınmayacağını deyib. “Hətta Azərbaycan onların ərazisinə daxil olsa, bu hadisə baş verə bilməz, çünki bunu vadar edən məhz Ermənistandır. Nəzərə almaq lazımdır ki, sərhədlər tam müəyyənləşdirilməyib. Məsələlər həllini tapdıqdan sonra həmin ərazilərə də Azərbaycan nəzarət edəcək", millət vəkili qeyd edib.

Azərbaycan MN: "Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur

Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyi də hadisə ilə bağlı sərt bəyanat yayıb və bildirilib ki, Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur.

Söz yox ki, baş verən bu və daha əvvəli bənzər olayların hər biri nəzarətdə saxlanılır və düşmənin təxribatları baş verirsə, qarşı tərəf daha böyük itkilər verməklə rüsvayçı vəziyyəti ilə baırşmalı olur. Lakin belə davam edəcəyi halda, 44 günlük müharibədə olduğundan da artıq zərbələrə məruz qala biləcək düşmən başına gələ biləcək ağır fəsadların fərqinə varmır. Varmırsa, yaxud bunu inkar edirsə, təbii ki, şanlı Azərbaycan Ordusu daim öz yerindədir!

Hulusi Akar: "Türkiyə Silahlı Qüvvələri hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanındadır"

Bu arada, yanvarın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Hulusi Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib və eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə