Vasili Koltaşov: “Ermənilər illüziya ideyalarının ən yüksək zirvəsindən yıxılıb” - MÜSAHİBƏ

Vasili Koltaşov: “Ermənilər illüziya ideyalarının ən yüksək zirvəsindən yıxılıb” - MÜSAHİBƏ

Yeni Cəmiyyət İnstitutunun (RF) Siyasi İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov “Caliber” analitik mərkəzinə müsahibəsində Ermənistanda yaranmış vəziyyətlə bağlı fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair Soçi və Brüsseldə keçirilən danışıqların nəticələrini necə qiymətləndirirsiniz?

- Mənə elə gəlir ki, Azərbaycan və Ermənistan tədricən Qarabağda silahlı münaqişənin nəticələrinə görə imzalanmış 2020-ci ilin noyabr sazişlərinin icrasına doğru irəliləməyə başlayır. Amma burada görülməli olan ilk şey sərhədin delimitasiyası məsələsini həll etməkdir. Sərhəd çəkilməlidir. Uzun müddət sərhəd yox idi, Sovet dövründə yalnız xəritələrdə göstərilirdi, 90-cı illərdə sərhəd dəyişdi və faktiki olaraq Azərbaycan əraziləri Ermənistanın nəzarəti altında idi. Və yalnız indi sərhəd müəyyən edilə bilər ki, bu da bir sıra münaqişələrdən qurtulmağa və nəqliyyat marşrutlarının açılmasına doğru irəliləməyə imkan verəcəkdir. Zəngəzur dəhlizi Azərbaycan üçün çox vacibdir, açılışı Ermənistandakı xüsusi daxili siyasi vəziyyətlə çətinləşir.

İkinci məqam stabil işləyəcək keçid məntəqələrinin təşkilidir. Düşünürəm ki, bundan sonra başqa məsələlər də həll oluna bilər.

- Sizcə, Paşinyanın Soçi və Brüsseldən sonra səsləndirdiyi bəyanatlar Ermənistanın daxili auditoriyasına mesajdır, yoxsa kənardan diqqət üçün nəzərdə tutulub?

- Əlbəttə, Paşinyan publikaya oynayır və mən bu barədə deyirəm ki, ictimaiyyətin reaksiyası onun üçün son dərəcə vacibdir, çünki müəyyən müddətdən sonra onun heç kim olacağı və ya əksinə, başçı kimi qalacağı həll oluna bilər. Deməli, indi onun üçün erməni auditoriyasının reaksiyası çox önəmlidir.

Eyni zamanda, Paşinyan çox qəribə vəziyyətdədir, o, gücünü, nüfuzunu itirir, lakin Ermənistan dövlətinin hökumətinin yuxarı mərtəbəsində hələ də mövqeyini itirməyib. Məhz buna görə də o, danışıqlarda Ermənistanın maraqlarını qətiyyətlə müdafiə edən və uğur qazanan şəxs kimi görünməyə çalışır, eyni zamanda “strateq və böyük komandir” kimi uğursuz karyerasını ört-basdır edir.

Ermənistan cəmiyyəti ötən il Qarabağda baş verən hadisələrdən son dərəcə narazı və sarsıldığı üçün orada bir tərəfdən revanşist əhval-ruhiyyə, digər tərəfdən Sorosun pullarından qazanc əldə edən köhnə və yeni siyasətçilərə inamsızlıq güclüdür. Amma eyni zamanda, Ermənistanın istənilən administrasiyası üçün bu ictimai narazılıq konkret razılaşmaların həyata keçirilməsində problemə çevriləcəkdi. Odur ki, Paşinyanın Ermənistanda belə güclü nüfuzlu şəxs rolunu oynaması sərfəlidir, halbuki o, bütün bu keyfiyyətləri 2020-ci ildə göstərməli idi, əgər bu keyfiyyətlər onda var idisə.

- Ermənistan Zəngəzur dəhlizinin açılışını mane olmaqda davam edəcəkmi?

- Sərhədlər və keçid məntəqələri ilə bağlı əvvəlki iki məsələni həll etmədən Zəngəzur dəhlizinin açılması, məncə, hətta texniki cəhətdən də həll oluna bilməz. Buna görə də, bu məsələ süründürülür və ildırım sürəti ilə həll edilə bilməz. Buna baxmayaraq, hesab edirəm ki, bu, öz həllini tapacaq, dəhliz keçən və bu ilin əvvəlində imzalanmış bəyanatlarla müəyyən edildiyi kimi fəaliyyət göstərəcək. Ancaq buna doğru hərəkət asan olmayacaq, çünki əslində indi gördüyümüz Ermənistan cəmiyyətinin sülhü necə gördüyü, diplomatik münasibətlərin necə olması və ümumiyyətlə bu reallıqda necə yaşamalı olduğu barədə erməni ideyasının belə bir parçalanmasıdır. Bu, erməni xalqı üçün həm də ona görə ağrılı prosesdir ki, ondan əvvəl illüziya ideyalarının çox yüksək zirvəsindən yıxılıb. Ona görə də hesab edirəm ki, kommunikasiyaların blokdan çıxarılması prosesi çox vaxt aparacaq.

- Yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında hərbi toqquşmalar mümkündürmü?

- Ümid edirəm ki, tərəflər arasında hərbi toqquşmaların qarşısı alınacaq, çünki indiki mərhələdə belə bu, Ermənistanın imzaladığı müqavilələrin mərhələli şəkildə həyata keçirilməsinə çalışan Azərbaycan rəhbərliyinə də sərfəli deyil. Və təbii ki, müharibə Ermənistana da sərfəli deyil, çünki heç bir problemi həll etmir. Və nəhayət bu toqquşmalar artıq baş verib. Onlardan siyasi olaraq nə əldə edilə bilərdisə, o da əldə olunub.

- Sizin hesablamalarınıza görə, Rusiya sülhməramlıları Qarabağda nə qədər qalacaq?

- Rusiya sülhməramlılarının Qarabağda qalması 5 il müddətinə müəyyən edilib. Son tarix razılaşdırılıb və bütün bu müddət ərzində onlar orada olacaqlar, çünki bu, son dərəcə zəruridir.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə